Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7275/2021 21.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, Ərizəçi Həsənağa qızının iştirakı ilə, Ərizəçi Həsənağa qızının (maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsi) ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Həsənağa qızı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Sumqayıt şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs kimi göstərməklə) mərhum anası Mədiyeva Dünyaxanım Hidayət qızının 19.01.2021-ci il tarixində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mədiyeva Dünyaxanım Hidayət qızı 19 yanvar 2021-ci ildə yoluxucu olmayan xəstəlik nəticəsində Türkiyə Respublikasının Mərkəzi Çankırı rayonunda vəfat etmişdir. Onun bütün dəfn xərcləri isə nəvəsi olaraq ərzəçinin oğlu X5 tərəfindən ödənilmişdir. Ölüm faktını təsdiq edən sənədlər qanunvericiliklə müəyyən edilmiş qaydada apostil olunaraq öz təsdiqini tapmışdır. X5 16.06.2021-ci ildə Mədiyeva Dünyaxanım Hidayət qızının ölümünün qeydiyyata alınması barədə ərizə ilə Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Ölüm faktını təsdiq edən bütün lazımi sənədlərin hamısı Qeydiyyat Şöbəsinə təqdim edilsə də, şəhadətnamənin verilməsindən imtina edilmişdir. Mədiyeva Dünyaxanım Hidayət qızının ölüm haqqında tibb şəhadətnaməsi mövcuddur. Lakinhəmin şəhadətnamə Türkiyədə tərtib edildiyinə və orada ərizəçinin anasının ailə qurması səbəbi ilə soyadının Mədiyeva deyil, Yaşa olmasına görə Sumqayıt şəhər Qeydiyyat Şöbəsi ərizəçinin anasının ölüm faktını qəbul etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsinə uyğun izahat verdi və həmçinin bildirdi ki, mərhum anası 15 il qabaq Türkiyəyə köçüb. Orada Türkiyə vətəndaşı ilə ailə həyatı qurub. Ölüm haqında tibbi şəhadətnaməsi Türkiyədə tərtib edilib. Mərhum anasının banka borcu vardır. Ölüm haqqında şəhadətnaməni banka təqdim etmək istəyir. Qeyd edilənlərə əsqasən ərizəçi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1974-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Mədiyeva Dünyaxanım Hidayət qızı 20.11.1952-ci ildə anadan olmuşdur. Sumqayıt Bələdiyyəsinin 11 mart 2021-ci il tarixli, 354 nömrəli arayışa əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 28, mənzil 38-də X2 himayəsində olan nənəsi Mədiyeva Dünyaxanım Hidayət qızı 19 yanvar 2021-ci ildə yoluxucu olmayan xəstəlik nəticəsində vəfat etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 08.04.2021-ci il tarixli, 06 saylı arayışında Mədiyeva Dünyaxanım Hidayət qızının Sumqayıt şəhər qəbiristanlığında 19.01.2021-ci ildə dəfn edildiyi göstərilmişdir. Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 16.06.2021-ci il tarixli, 05/Q-1644/15 saylı məktubunda ərizəçiyə bildirilmişdir ki, ölümü təsdiq edən sənədin olmaması səbəbindən ərizənin təmin edilməsi mümkün deyil. 21.01.2021-ci il tarixində Çankırı İcra Hakimiyyətində ölüm haqqında şəhadətnamənintəsdiq edilməsi ilə bağlı apostil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 oğlu ifadə verərək bildirdi ki, Mədiyeva Dünyaxanım Hidayət qızı onun anasıdır. O, 19.01.2021-ci ildə vəfat edib. Anası Türkiyə Respublikasında müalicə alırıdı və orada da vəfat edib. Anasının Türkiyə vətəndaşı ilə ailə qurduğunu sonradan öyrənib. Anası vəfat etdikdən sonra onu Sumqayıt şəhərinə gətirərək burada dəfn etmişlər. Məhkəmə iclasında ifadə vermiş şahid X5 ifadə verərək bildirdi ki, ərizəçinin oğludur. Mədiyeva Dünyaxanım Hidayət qızı onun nənəsidir. 19.01.2021-ci ildə Türkiyədə vəfat edib. Nənəsinin nəşini dayısı ilə birlikdə Türkiyədən gətiriblər. Nənəsi Sumqayıtda dəfn olunub. Məhkəmə iclasında ifadə vermiş şahid X1 ifadə verərək bildirdi ki, ərizəçi qudasıdır. Mərhumun nəşini Türkiyədən Azərbaycana oğlu və nəvəsi gətirib. Mədiyeva Dünyaxanım Hidayət qızı Sumqayıtda dəfn olunub. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). İşdən göründüyü kimi ərizəçi mərhum anası Mədiyeva Dünyaxanım Hidayət qızının ölüm şəhadətnaməsini almaq istəyir. Lakin maraqlı şəxs müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən ərizəçiyə imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər və şahid ifadələri əsasında ərizəçinin mərhum atası Mədiyeva Dünyaxanım Hidayət qızının 19.01.2021-ci il tarixdə vəfat etməsi sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və 20.11.1952-ci ildə anadan olmuş Mədiyeva Dünyaxanım Hidayət qızının 19.01.2021-ci il tarixində ölməsi faktı müəyyən edilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarında Türkiyə Respublikasında verilmiş ölüm haqqında tibbi şəhadətnamə olsa da həmin sənəd mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, tibbi şəhadətnamədə Dünyaxanım Mədiyevanın soyadı “Yaşa” kimi qeyd edilsə də, iş materiallarında olan bütün sənədlərdə onun soyadı “Mədiyeva” kimi qeyd edilmişdir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20.11.1952-ci ildə anadan olmuş Mədiyeva Dünyaxanım Hidayət qızının 19.01.2021-ci il tarixində, Türkiyə Respublikasında ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-7275/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7275/2021
21.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver