Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7294/2021 20.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçi, nümayəndəsi və vəkili X12 oğlunun iştirakı ilə, Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladı X9 oğlunun 24.07.2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən həyət evində ölümünün qeyd edilməsi hüquqi faktının müəyyən edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi, ərizəsini onunla əsaslandırmışdır ki, 24.12.1982-ci ildə anadan olmuş övladı X9 oğlu 24.07.2021-ci il tarixdə, saat 04.00 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən həyət evində infarktdan ölmüş və Abşeron rayonu, Saray qəsəbəsi yeni qəbrstanlıqda dəfn olunmuşdur. Həmin vaxt evə tibbi çağırış olunmuş, Abşeron rayon Mərkəzi xəstəxanası RHŞ Təcili və X2 şöbəsi tərəfindən evə həkimlər gələndə oğlu artıq dünyasını dəyişmişdir. Qeyd olunan dövrdə yas və dəfn mərasimlərinə başları qarışdığı üçün sahə həkimini də evə dəvət edib müvafiq arayış almamışlar və bu səbəbdən də vaxtında Abşeron rayon və Sumqayıt şəhər Qeydiyyat şöbəsində Ölüm haqqında şəhadətnamə alınmamışdır.Vaxtında həkim arayışı alınıb maraqlı tərəfə təqdim olunmadığı üçün hazırda həmin orqan ölüm şəhadətnaməsi verə bilmir. Ölüm faktının müəyyən olunması ərizəçiyə vərəsəlik və bəzi sosial məsələlərlə əlaqədar lazımdır ki, bunu da məhkəmədən kənar həll etmək mümkün deyildir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçinin nümayəndəsi və vəkili X8 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilmiş X7 oğlu ifadəsində göstərdi ki, o, Saray qəsəbəsi, təzə məhəllə massivində yaşayır. X4 qonşusudur, evləri onun evi ilə üzbəüz yerləşir. 24 iyul 2021-ci il tarixdə gecə saatlarında qonşu həyətdən səs-küy gəldiyini eşidib ora getdikdə artıq Rafailin öldüyünü görmüşdür. Rafail ürək tutmasından vəfat etmişdir. Qonşu kimi mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, mərhum Rafail onun qonşusu olub. Rafail vəfat etməmişdən 3-4 saat əvvəl, təxminən gecə saat 12-də işdən gələrkən onunla rastlaşmış, aralarında olan söhbət zamanı Rafail ürəyinin ağrıdığını demişdir. 24.07.2021-ci il tarixdə gecə təxminən saat 3-4 radələrində Rafailin yoldaşı həyəcanla onların darvazanı döymüş və Rafailin vəziyyətinin pisləşdiyini demiş, onlar təcili yardım çağırmışlar, lakin təcili yardım briqadası gələnədək Rafail vəfat etmişdir. Mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: X-JQ seriyalı 423995 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 oğlu 24 dekabr 1982-ci ildə anadan olmuş, atası Ərizəçi, anası X1r. Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin 14.08.2021 il tarixli 05/Q-2890/15 saylı məktubundan görünür ki, Ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Abşeron rayonu Saray Bələdiyyəsi tərəfindən verilmiş 09.08.2021-ci il tarixli arayışdan və qəbir daşının fotoşəkillərindən görünür ki, X9 oğlu 24 iyul 2021-ci il tarixdə vəfat etmiş və Abşeron rayonu Saray qəsəbəsi yeni qəbiristanlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İB-nin 15 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 20.09.2017-ci il tarixli, 874 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, 24.12.1982-ci ildə anadan olmuş X9 oğlunun 24.07.2021-ci-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində vəfat etməsi faktı araşdırılan sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 24.12.1982-ci ildə anadan olmuş X9 oğlunun 24 iyul 2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-7294/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7294/2021
20.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver