Məhkəmə qərarları › İş №2(060)-7333/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7333/2022

23.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7333/2022 23.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “vəfat etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “vəfat etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü qızları X1 xx.xx.2015-ci il tarixində vəfat etməsi faktının müəyyən edilməsi və ölümün qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 Ərizəçi2 ilə 17 iyun 2008-ci il tarixində rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan iki övladları var. xx.xx.2015-ci il tarixdə onların X2 doğulmuşdur. Uşaq doğulandan qüsurlu olmuş, xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində yaşadıqları evdə ölmüşdür. Uşaq ölən vaxt onlar həyacanlı olduqlarından həkim çağırmağı unutmuşlar. Sonra isə həkimin şəhadətnaməsini ala bilməmişdirlər. X2 öləndən sonra qohumların köməkliyi və iştirakı ilə ata yurdu olan Ucar rayonuna aparılmış və Ucar rayon qəbiristanlığında dəfn edilmişdir. Qızı Duyğunun ölümünə dair şəhadətnamə onlara müvafiq sənədləşmə işlərində vacib lazımdır. Onlar isə bu sənədi ala bilmirlər. Uzun müddət ərzində ölüm şəhadətnaməsini ala bilməmələrinin səbəbi hüquqi savadsızlıqdan olmuşdur. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçilər hər biri ayrı-ayrılıqda ərizəni müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdilər və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilmiş Aidə Salmanova öz ifadəsində göstərdi ki, ərizəçilərdən Ərizəçi1 onun qardaşıdır. 2015-ci ilin oktyabr ayının 18-də ərizəçilərin Duyğu adlı bir qız övladı dünyaya gəlmişdir. Uşaq dünyaya gələrkən ürəyində problem olmuşdur. 28 noyabr 2015-ci il tarixdə işdən evə gəldiyi zaman Sahiləni ağlayarkən görmüş, həmin zaman ona məlum olmuşdur ki, onların övladları vəfat edib. O, uşağın dəfn, yas mərasimində iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Eynulla Mirzəyev ifadəsində göstərdi Ərizəçi1 onun bacısının oğludur. Zaurun Duyğu adlı qızı olub və həmin uşaq anadan olandan xəstə olmuş, bu səbəbdən də 2015-ci ildə uşaq ölmüşdür. Dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı № 413161 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 ilə Aslanova Sahilə Sərxan qızı arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində 17 iyun 2008-ci il tarixdə 660 nömrəli akt qeydi ilə nikah bağlanmış, qadına Salmanova soyadı verilmişdir. AZ-İİİ seriyalı, 635967 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X2 18 oktyabr 2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Ərizəçi1, anası Ərizəçi2dır. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/Q- 487/76 saylı məktubundan görünür ki, Ərizəçi2 qızının ölümünü təsdiq edən sənəd olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ucar rayonu İcra Hakimiyyəti başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş 55 saylı, 24 yanvar 2022-ci il tarixli aktdan və qəbr daşı fotoşəkillərdindən görünür ki, 18 oktyabr 2015-ci il tarixdə anadan olmuş X2 valideynlərinin sözlərinə görə 28 noyabr 2015-ci il tarixində vəfat etmiş Ucar rayon qəbiristanlğında dəfn edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, 18 oktyabr 2015-ci ildə Sumqayıt şəhərində anadan olmuş X1 28 noyabr 2015-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktı araşdırılan sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə 100 manat məbləğində ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 18 oktyabr 2015-ci ildə Sumqayıt şəhərində anadan olmuş X1 xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar