Məhkəmə qərarları › İş №2(060)-736/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-736/2025

06.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-736/2025 06.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona çatası 3500 manat məbləğində pulun, 200 manat vəkil xidməti üçün keçirmiş olduğu pulun və məhkəməyə dövlət rüsumu üçün ödəmiş olduğu 55 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, əmək və müharibə veteranıdır, 70 yaşı var. Avqust 2021-ci il tarixində qonşu olan cavabdeh F.Mehralıyevdən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən, sahəsi 0,06 ha olan torpaq sahəsini 3500 manata almış və həmin pulu ona ödəmişdir. O da əvəzində pulu alıb ona Azərbaycan dövlət dəmir yolu idarəsi tərəfindən onun adına verilmiş, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində Dəmiryolu vağzalı ərazisində yerləşən, sahəsi 0,06 ha olan torpağı və torpaq sahəsinə aid 18 iyul 1998-ci il tarixli sənədi və həmin sahənin plan-çertyojunu vermişdir. Lakin bu ilin sentyabr ayında o, orada tikinti işi aparmaq istəyəndə məlum olmuşdur ki bu sənəd düz deyil, sahə indiyədək dəmiryolu idarəsinə aiddir, burada heç bir iş görmək olmaz. Deməli cavabdeh yaşlı olmağından istifadə edib onu aldadıb. Belə ki bu sahə yalnız bağ-bostan bitkisi əkmək üçün nəzərdə tutulubmuş və orada hər hansı tikili quraşdırmaq olmazmış. O, polis idarəsinə şikayət etmişdir. PB-də izahat verən cavabdeh pulun 3 min manatını etiraf etsə də, 500 manatı etiraf etməmişdir. Sumqayıt şəhər Pİ 2 saylı PB-nin 16 sentyabr 2024-cü il tarixli "Cinayət işinin başlanmasınm rədd edilməsinə dair" qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və onun məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. Ona görə məhkəməyə müraciət edir. Çünki cavabdeh pulun 3 min manatını etiraf etsə də hazırda heç 3000 manatı belə vermək istəmir. Beləliklə o, ona vurduğu zərəri, verdiyi 3500 manat pulu qaytarmaq fikrində deyil. Ona görə məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh X1 ona çatası 3500 manat məbləğində pulun, vəkillə müqavilə bağlanması üçün ödəmiş olduğu 705 manat məbləğində pulun, məhkəməyə müraciətdən əvvəl sorğular verilməsi, iddia ərizəsinin tərtibatı və s. xidmətlətə görə vəkil xidmətinə keçirmiş olduğu 200 manat pulun, cəmi 4405 manatın və məhkəməyə dövlət rüsumu üçün ödəmiş olduğu 55 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, mübahisəli torpağı 3500 manata alıb. Cavabdeh əvvəlcə torpağın sənədini verməmiş, bir müddət sonra ona sözügedən torpaqla bağlı sənəd təqdim etmişdir. Sənəddə torpağın bağ üçün nəzərdə tutulduğu qeyd edilmişdir. Halbuki aldığı torpaq sahəsi üzərində onun ev tikmək fikri var idi. Belə ki, 70 yaşlı qadın olaraq əkinlə məğul ola bilməzdi. Məsələ ilə bağlı Dəmiryol Cəmiyyətinə müraciət etmiş və ona həmin ərazidə ev tikilicəyi halda oradan çıxarılacağı bildirilmişdir. Buna görə də cavabdehə müraciət edərək torpaq üçün ödədiyi pulun geri qaytarılmasını tələb etmiş, lakin cavabdeh onun pulunu qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etməli oldu. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı 2021-ci ildə cavabdehdən iddiada qeyd edilən ünvanda yerləşən 0.06 ha torpaq sahəsi almışdır. Əvəzində isə cavabdehə 3500 manat ödəniş etmişdir. Cavabdeh də torpağın qarşılığında iddiaçıya qeyd edilən torpaq sahəsini, 1998-ci il tarixli sənədi və torpağın plan-çertyojunu vermişdir. Lakin, sonradan tərəfi qeyd edilən ərazidə ev tikmək istəyəndə öyrənib ki, bu ərazidə ev tikmək olmaz. Bu torpaq sahəsi əslində bağ tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Cavabdehdən Polis Bölməsinə şikayət verilmişdir. Cavabdeh Polis Bölməsində pulun 3000 manat hissəsini etiraf etsə də, 500 manatını etiraf etməmişdir. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh iddiaçını aldadıb və bağçılıq üçün nəzərdə tutulmuş torpaq sahəsi satıb. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 6.Məhkəmə iclasında iştirak edən cavabdeh X5 iddia ərizəsinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı ilk növbədə ondan hansı torpaq sahəsini aldığını göstərməlidir. Mübahisəli torpağın sadəcə bağ sənədi var idi. İddiaçı 5 ildən sonra ondan pul istəyir. Lakin, iddiaçı elə o vaxt bu torpağı bağ sənədi ilə qəbul etmişdi. İddiaçı həmin sənədi qəbul etməsəydi, elə o vaxt məhkəməyə müraciət edə bilərdi. Onun hazırda pulu olsaydı, torpağın pulunu geri verib, torpağını alardı. Hazırda heç yerdə işləmir və pensiya almır. Evini satdıqdan sonra iddiaçının da pulunu verəcəkdir. Bir məsələni də məhkəmənin nəzərinə çatdırır ki, oğlu torpağı almaq istəyən olduğunu və torpağı alan şəxsin 3000 manat ödəniş etməyə gücü çatdığını bildirmişdir və onlar bu məbləğə razılaşmışdır. Hazırda onun maddi durumu torpağın pulunu geri qaytarmağa imkan vermir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. 7.Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Dövlət Dəmir yolu idarəsinin Yol xidməti tərəfindən X4 bostan bitkilərinin becərilməsi üçün torpaq sahəsi ayrılması barədə verilmiş xx.xx.1998-ci il tarixli, P 702 nömrəli məktubu ilə bağlı "xxxx" QSC-də məlumat aşkar edilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən dəmir yolunun təhkim zolağına aid torpaq sahələri dövlətin müstəsna mülkiyyətindədir və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalarına əsasən bostan və tərəvəz becərilməsi, eləcə də örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərin qısa müddətli istifadəsinə verilə bilər. 9.İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryolu vağzalı ərazisində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi üzərində X3 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, həmçinin məktuba torpaq sahəsinin yerləşmə vəziyyətini göstərən plan-sxem əlavə edilmədiyindən, ayrılan torpaq sahəsinin hüquqi vəziyyəti barədə məlumat vermək mümkün olmamışdır. 10.İşdə olan xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X5 barəsində cinayət işinin başlanması rədd edilmiş və İddiaçı X4 qarşı məhkəməyə mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququ izah edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. İddiaçı özünə torpaq sahəsi almaq niyyəti ilə cavabdeh X4 3500 manat pul vermişdir. Bu halı cavabdeh X5 məhkəmə iclasında və Sumqayıt şəhər Pİ-nin 2-ci Polis Bölməsində verdiyi izahatında etiraf etsə də, torpaq sahəsinin dəyəri kimi iddiaçıdan 3000 manat aldığını bildirmişdir. Tərəflər arasında notarial qaydada təsdiqlənmiş torpaq sahəsinin alqı-satqısı müqaviləsi bağlanmamışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

13. İşin hallarından göründüyü kimi tərəflər torpaq sahəsinin alqı-satqısı barədə razılaşdıqlarını bildirsələr də, onlar arasında notariat qaydasında təsdiqlənmiş müqavilə bağlanmamışdır.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərin etibarsızlığı ilə əlaəqdar münasibətləri tənzimləyən normalarına görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (Maddə 329.1). Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır (Maddə 331.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (Maddə 337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (Maddə 337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (Maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Maddə 337.4.).

15. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd və Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

16. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında forma tələbinə əməl edilməyən bir əqd var və belə bir əqd qanunvericiliyin tələbinə görə etibarsızdır (əhəmiyyətsizdir). Etibarsız əqd isə onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il Qərarında hüquqi mövqe belə olub ki, “əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.

18. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır.

19. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.

20. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında etibarsız bir alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh iddiaçının hesabına əhəmiyyətsiz əqd üzrə əsassız varlanmışdır. Etibarsız alqı-satqı müqaviləsinin olması isə o deməkdir ki, tərəflər arasında bağlandığı andan hər hansı müqavilə yoxdur və bu baxımdan iddiaçıdan aldığı və qaytarmadığı pul vəsaiti miqdarında cavabdeh əsassız varlanmışdır.

21. Mülki Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

22. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 3000 manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır. 23.Məhkəmə onu da qeyd edir ki, iddiaçı torpaq sahəsinin alqı-satqısına görə cavabdehə 3500 manat ödədiyini bildirsə də, iddianın qalan 500 manat hissəsində iddia tələbini sübut edə bilməmişdir. 24.Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. 27.İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 29.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 3000 (üç min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. 30.Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 31.İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı vəkilin ona göstərdiyi xidmətlərə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına ümumilikdə 900 (700+200) manat pul köçürmüşdür. 32.Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən vəkilə hüquqi yardıma görə ödənilən xərclərə görə cavabdehdən 750 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. 33.Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 34.Məhkəmə qeyd edilən maddəyə istinad edərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun da 45 manatı cavabdehdən tutularaq iddiaçıya verilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. 35.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.

Nəticə hissəsi: 36.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 3000 (üç min) manat məbləğində pul, ödənilmiş dövlət rüsumunun 45 (qırx beş) manat hissəsi, vəkilə hüquqi yardıma görə ödənilən pulun 750 (yeddi yüz əlli) manat hissəsi tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar