Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7401/2025 03.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: pul tələbi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-cü il tarixdə ABB bankdan götürdüyü 5000 manatı və onun 1000 manat dəyərində %-nin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İşə məhkəmədə baxılarkən iddiaçının ərizəsi ilə Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, dekabr 2024-cü il tarixdən Sumqayıt şəhərində uzaq qohumu kimi tanıdığı Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 ona yaxınlaşaraq bildirmişlər ki, onların körpə uşaqları ağır vəziyyətdədir. Onların uşağının müalicəsi və həyatını xilas etmək üçün təcili 5000 manat pul ehtiyacdır. O, uşağın kritik vəziyyətdə olduğunu gördükdən sonra onun öz ailəsinin maddi vəziyyəti ağır olmağına baxmayaraq Sumqayıt şəhərində yerləşən "xxxx"ndan 6000 manat pul götürərərək 5000 manatını Məmmədovlara vermişdir. 1000 manatını isə öz ailəsinin ehtiyacı üçün saxlamışdır. Bankdan çıxararaq pulu onlara verən zaman Gülnarə ona bildirmişdir ki, pulu onun həyat yoldaşına versin. Özü isə dərhal yolun o tərəfinə keçmişdir. Onun bu cür hərəkətinə təəccüblənmişdir. Çünki bankdan pulu onun xahişi ilə götürmüşdür. Bundan sonra bank kartlarını ona verərək bildirmişlər ki, 25 gün ərzində bankdan götürüb onlara verdiyi 5000 manatı geri qaytaracaqlar. Lakin pulu qaytarmamışlar. O, bir ay verdikləri kartla bankomatdan puİ çıxarmışdır. Daha sonra Gülnarə yenə də onun 5000 manatını geri qaytarmamışdır. Növbəti aydan bankomatdan pul çıxardarkən kartın şifrələrini dəyişdirdiklərini bilmişdir. Ona görə bankomatdan pulu çıxara bilməmişdir. Bundan sonra onun ailəsinin qara günləri başlamışdır. O, həyat yoldaşı ilə dəfələrlə Məmmədovların ünvanına pulu almaq üçün getmişdir. Lakin onlar hər dəfə bir bəhanə gətirərək pulu verməmişlər. Sonuncu dəfə onlara gedərkən Gülnarə onu və yoldaşını təhqir edərək pulu verəcəklərini bildirmişdir. Hətta sonuncu dəfə onların həyətində, onun həyat yoldaşı huşunu itirərək yerə yıxılmışdır. “Təcili yardım” maşını çağıraraq ona tibbi yardım göstərilmişdir. Onların həyətində olarkən onların səs-küylərinə yığışan vətəndaşlardan biri, sonradan ona adı məlum olan Cəmilə adlı xanım bildirmişdir ki, Gülnarə ondan da 5000 pul alaraq qaytarmır. Bu fakt üzrə o, Surnqayıt şəhər polis idarəsinə ərizə ilə müraciət etmişdir. Lakin Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin təhqiqatçısı Kənan Hacıyev qeyri-obyektiv yoxlama apararaq yalnız ondan izahat almaqla, kifayətlənərək qərar qəbul etmişdir. Qərarda bildirmişdir ki, Məmmədovların hərəkətlərində cinayət tərkibi olmadığı üçün məhkəmə orqanlarına şikayət etməyi tövsiyə etmişdir. 4-cü polis bölməsinin təhqiqatçısı Kənan Hacıyevin çağırışına Cavabdeh1 və onun həyat yoldaşı məhəl qoymadan izahat verməkdən imtina etmişlər. O, ruhi xəstədir. Quba rayonunda və Maştağa qəsəbəsində “psixi dispanserdə” qeydiyyatdadır, dövlət tərəfindən ona xəstəliyi ilə əlaqədar ayrılmış 384 manatdan cavabdehin günahından ayda 80 manat pul alır. Qalan hissəsi bank tərəfindən tutulur. Onun iki azyaşlı qız uşağı var. Maddi vəziyyətləri çox kritikdir. Uşaqlar məktəbə 2-ci və 3cü əl məktəb formaları ilə dərsə gedirlər. Onu da qeyd edir ki, Gülnarənin ona borclu olduğu, telefon danışıqlarından, səs yazmalarından və görüntülü danışıqlarından tam sübut olur ki, onlar həqiqətən ondan 5000 manat borc alıblar. Məhkəmə prosesində təqdim etməyə hazırdır.
b) iddiaya etiraz
4. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
5. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, uşağı xəstə olduğu üçün cavabdehlərə 5000 manat pul vermişdir. Əslində bankdan 6000 manat götürmüş, onun 1000 manatını özü üçün saxlayıb qalanını cavabdehə vermişdir. Həmin pulu qarşı tərəfə əlbəəl vermişdir. Cavabdehlərə 5000 manat pul vermiş, həmin puldan heç bir ödəniş çıxmamışdır. Cavabdehlər ona borcdan cəmi 200 manat ödəniş etmişdir. Belə ki, cavabdehlər pulu qaytarmadığı üçün onların evinə getmiş və çətinliklə 200 manat pul vermişlər. Bir dəfə də cavabdeh ona 200 manat kart vasitəsi ilə ödəniş etsə də, sonra “peşmanlayıb” həmin pulu geri çəkmişdir. O, banka faiz də ödəmişdir. Ona görə də faizin də cavabdehdən tutulmasını istəyir. Əvvəlki məhkəmə iclasında iddiaçı izahatında bildirmişdir ki, Cavabdeh2 onun iş yoldaşı olmuşdur. Onların uşaqları xəstə olduğu üçün ondan borca pul istəmişlər. Həmin gün beş banka getmişlər. Lakin heç biri kredit verməmişdir. Son ümid kimi ABB-yə üz tutmuşlar. İddiaçı cavabdeh tərəfindən dəvət edilmiş şahidlərin ifadələrindən sonra bildirmişdir ki, cavabdehin qardaşının ona 200 manat borcu olmuşdur. Həmçinin, dayıoğlusunun da 300 manat, yoxsa 500 manat borcu olduğu, həmin vaxt puldan nə qədər çıxdığı dəqiq yadında deyil. Həmin pulun “acısı deyil”. İddiaçı qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir. İddiaçı onun həyat yoldaşına pul verməmişdir. Uşağı xəstə olduğu üçün iddiaçıdan həmin pulu almışdır. Qardaşının və dayısıoğlunun iddiaçıya 200 manat və 500 manat olmaqla, ümumilikdə 700 manat borcu var idi. Ona görə də Sahib həmin puldan 700 manatı çıxıb ona 4300 manat pul vermişdir. O, iddiaçıya 200, 200 və 100 manat olmaqla, ümumilikdə 500 manat ödəniş etmişdir. Həmin kartın müddəti bitdiyindən dəyişmişdir. Ona görə qəbzlər onda qalmır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, uşağının xəstəliyi ilə bağlı iddiaçıdan pul götürmüşdür. Həmin puldan yoldaşının da xəbəri olmuşdur. Pulun hamısını uşağın müalicəsinə xərcləmişlər. Uşaq hal-hazırda yaxşıdır. O, yalançı biri olsa idi, ümumiyyətlə borcunun olmadığını bildirərdi. Lakin etiraf edir ki, 4300 manat iddiaçıdan almış, 500 manat qaytarmışlar. Hazırda onların iddiaçıya 3800 manat borcları var. Cavabdeh qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
8. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, iddiaçını tanımır. Onu hansı əsaslarla məhkəməyə verdiyini bilmir. Ona iddiaçı tərəfindən pul verilməmişdir. İddiaçı pulu yoldaşına vermişdir. Kimə, harda, necə pul verilməyindən xəbəri yoxdur. Əmək haqqı kartını isə iddiaçıya o verməmişdir. Həyat yoldaşı ondan xəbərsiz onu iddiaçıya vermişdir. O, hətta kartının itməsi ilə bağlı iş yerinə bildirib yeni kart almışdır.
9. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 ifadəsində bildirmişdir ki, iddiaçı onun həyat yoldaşıdır. Cavabdehi sonradan tanımışdır. İddiaçı ona bildirmişdir ki, Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 uşaqlarının müalicəsi və həyatını xilas etmək üçün təcili 5000 manat pul lazım olduğunu bildirmişlər. İddiaçı öz ailəsinin maddi vəziyyəti ağır olmağına baxmayaraq "xxxx"ndan pul götürərərək 5000 manatını cavabdehə vermişdir. Bundan sonra cavabdeh 1 ay ərzində bankdan pul götürüb 5000 manatı geri qaytaracağını bildirmiş, lakin pulu qaytarmamışdır.
10. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 ifadəsində bildirmişdir ki, cavabdeh ondan da borc pul almışdır. Ona da uşaqları xəstə olduğu üçün pul lazım olduğunu bildirmişdir. O, dəfələrlə pulunu tələb etmək üçün cavabdehin evinə getmişdir. İddiaçını da orada tanımış və sonuncu cavabdehin ona 5000 manat borcu olduğunu bildirmişdir.
11. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında şahid qismində iştirak edən Cavabdeh2 ifadəsində bildirmişdir ki, iddiaçı onun iş yoldaşı, cavabdeh isə həyat yoldaşıdır. İddiaçıdan uşaqları xəstə olduğu üçün borc almışdır. İddiaçı pulu həyat yoldaşına yox, ona vermişdir. Qardaşının və dayısı oğlunun iddiaçıya 200 manat və 500 manat olmaqla, ümumilikdə 700 manat borcu var idi. Ona görə də Sahib həmin puldan 700 manatı çıxmış, cəmi 4300 manat pul vermişdir. Həmin məbləğdən iddiaçıya 500 manat qaytarmışdır.
12. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında şahid qismində iştirak edən X1 ifadəsində bildirmişdir ki, cavabdeh qardaşının həyat yoldaşı, iddiaçı isə yaxın tanışıdır. Qardaşının uşağı xəstə idi. Ona görə də iddiaçı qardaşı üçün bankdan pul götürmüşdür. O, pulun verilməsində vasitəçi olmuşdur. O da Sahibdən qardaşına borc verməsini xahiş etmişdir. Onun Sahibə 200 manat, dayısıoğlunun isə 500 manat borcu var idi. Ona görə də Sahib həmin puldan 700 manatı çıxıb qardaşına 4300 manat pul verdi. Lakin qardaşının problemləri olduğuna görə borcunu ödəyə bilmədi və iddiaçı da pulu “faizə vurdu”. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, borcdan nə qədər qaytarıldığını bilmir.
13. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində iştirak edən Şahid3 bildirmişdir ki, ərizəçi onun tanışıdır. Ona məxsus mağazada fəhlə işləyir. İddiaçı ona cavabdehə 1 ay müddətinə 5000 manat borc pul verdiyini, lakin cavabdehin pulu qaytarmadığını bildirmişdir. Cavabdehin istəyi ilə bankdan 6000 manat pul götürmüş, onun 1000 manatını özü üçün istifadə etmiş, yerdə qalan 5000 manatı isə cavabdehin övladı xəstə olduğu üçün ona vermişdir. O, özü də cavabdehlə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Cavabdeh isə imkanı olmadığı üçün ödəniş etmədiyini, lakin borcu ödəyəcəyini bildirmişdir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
14. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, BPM**********09 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı bank tərəfindən 24 ay müddətinə illik 17.9% ödəmək şərtilə 6000 manat məbləğində kredit verilmişdir.
15. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən NK-1/3887 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
b) tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarı; “Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşur” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.”
c) məhkəmə baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
d) məhkəmənin mövqeyi
20. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır.
21. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
22. İş üzrə cavabdehlərin iddiaçıdan uşaqlarının müalicəsi üçün xx.xx.2024-cü il tarixdə bir ay ərzində qaytarmaq şərtilə pul istəmələri, iddiaçının həmin pulu bankdan kredit götürərək onlara verməsi işin mübahisəsiz halıdır.
23. İddiaçı bankdan 6000 manat kredit götürdüyünü, həmin puldan cavabdehlərə 5000 manat verdiyini, puldan 200 manatının qaytarıldığını, yerdə qalan pulun və faizinin isə bugünə kimi qaytarılmadığını əsas gətirərək, iddiasının təmin edilməsini xahiş etmişdir.
24. Cavabdehlərdən Cavabdeh2 iddiaçıdan uşağının müalicəsi üçün pul istədiyini, iddiaçının ona digər qohumlarının (qardaşı və dayısı oğlunun) borclarını çıxdıqdan sonra 4300 manat verdiyini və həmin məbləğin 500 manatını qaytardığını bildirərək iddianı qismən qəbul etmiş, digər Cavabdeh1 isə iddiaçını ümumiyyətlə tanımadığını bildirmişdir.
25. Qeyd olunmalıdır ki, iddiaçı cavabdehlərə borc şəklində 5000 manat borc pul verdiyini iddia etsə də, tərəflər arasında yazılı formada hər hansı borc müqaviləsi bağlanmamışdır. Halbuki, Mülki Məcəllənin 740.2-ci maddəsinin mənasına görə borc müqaviləsinin predmetinin üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanır.
26. Göründüyü kimi tərəflər arasında yazılı borc müqaviləsi bağlanmadığından, mövcud mübahisəyə Mülki Məcəllənin 739-cu maddəsinin tətbiqi yolverilməzdir.
27. Nəzərə alınmalıdır ki, iddianın faktiki əsaslarını göstərmək iddiaçının vəzifəsi olduğu kimi, iddianın qanuni əsasını müəyyən etmək isə məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından, tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
28. Baxılan iş üzrə iddia tələbi cavabdehlərin əsassız əldə etdiyi pulun qaytarılması təşkil etdiyindən, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1091.1, 1092.1-ci maddələri nəzərdən keçirilə bilər.
29. Göründüyü kimi cavabdehlər əslində hüquqi əsas olmadan iddiaçının hesabına əldə etdikləri pulu qaytarmamaqla bu cür varlanmaya haqq qazandıran qanuni müqavilə əsası olmadan varlanmışlar. Belə olan halda əsassız varlanmış şəxs kimi cavabdehlər əldə etdikləri həmin vəsaitin yerdə qalan hissəsini mərhum olanın, yəni iddiaçının mövcud tələbi ilə ona qaytarmalıdırlar.
30. Hazırda mübahisə predmeti öhdəliyin həcmi, onun nə qədər hissəsinin ödənildiyi və yekun borcun məbləğidir.
31. İddiaçı ərizəsində və məhkəmə iclaslarındakı izahatlarında cavabdehlərə 5000 manat məbləğində borc verdiyini bildirsə də, Cavabdeh2 borcun mövcudluğunu 4300 manat hissədə etiraf etmiş, iddiaçı cavabdeh tərəfindən dəvət edilmiş şahidlərin ifadələrindən sonra cavabdehin qardaşının ona 200 manat borcu olduğunu, lakin dayıoğlusunun 300 manat, yoxsa 500 manat borcu olduğu, həmin vaxt puldan nə qədər çıxdığının dəqiq yadında olmadığını, həmin pulun “acısı” olmadığını bildirmiş, lakin sonuncu məhkəmə iclasında həmin izahatında qeyd etdiklərini inkar edərək cavabdehlərə 5000 manat borc verdiyini bildirmişdir.
32. Odur ki, məhkəmə mövcud öhdəliyin həcminin 4300 manat olması ilə razılaşır.
33. Həmçinin, borcun qaytarılmış hissəsinə münasibətdə Cavabdeh2 200-200-100 manat olmaqla, cəmi 500 manat ödəniş etdiyini bildirsə də, iddiaçı borcdan cəmi 200 manat nağd şəkildə ödənildiyini, bir dəfə isə cavabdehin ona 200 manat kart vasitəsi ilə ödəniş etdiyini, lakin sonra “peşmanlayıb” həmin pulu geri çəkdiyini bildirmişdir.
34. Məhkəmə iddiaçının izahatına tənqidi yanaşır. Belə ki, kart-to-kart əməliyyatlarında pulun hesaba köçdükdən sonra geri çəkilməsi mümkün deyildir.
35. Bundan başqa Cavabdeh2 iddiaçıya əlavə 100 manat ödəniş etdiyini bildirsə də, bu halları təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
36. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.
37. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
38. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
39. Sübutetmə yükünü daşımasına baxmayaraq, iddiaçı öhdəliyin həcminin 5000 manat, qalıq borcun 4800 manat, cavabdeh isə qalıq borcun 3800 manat olmasını təsdiq edə biləcək sübutları (qəbz, bank çıxarışı, köçürmələri təsdiq edən sənəd, ödənişlə bağlı aralarında bağlanmış akt, şahid ifadələri və s.) məhkəməyə təqdim etməmişlər. İddiaçının təqdim etdiyi şahidlər isə hadisəni birbaşa görməmiş, iddiaçıdan eşitdiklərinə görə ifadə vermişlər.
40. Odur ki, iddia tələbi 3900 manat (4300-400) borcun Cavabdeh2 tutulması hissəsində tam əsaslıdır.
41. Məhkəmə digər cavabdehə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.
42. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ər-arvaddırlar. Cavabdeh1 izahatında iddiaçını tanımadığını, kimə, harda, necə pul verildiyini bilmədiyini qeyd etsə də, məhkəmə iclasında iddiaçının cavabdehlə videodanışıqları nümayiş etdirildikdən sonra əvvəlki izahatında qeyd edilən hallarla bağlı ağlabatan izah verə bilməmişdir. Cavabdehin izahatına məhkəmə tənqidi yanaşır və müdafiə xarakterli izahat kimi qiymətləndirir.
43. Belə ki, həmin videoçəkilişdən görünür ki, Cavabdeh1 borcun mövcudluğundan və həmin borcun ailənin ümumi ehtiyacları üçün (hazırkı halda uşağın müalicəsi üçün) alındığından xəbərdardır. Cavabdeh həmin videoçəkiliş zamanı borcu ödəmək üçün borc götürəcəkləri, həmin şəxsin onlara söz verdiyini və borcu qaytaracaqlarını ifadə etmişdir. Həmçinin, Cavabdeh2 da borcun alındığından Cavabdeh1 xəbəri olduğunu, bütün pulu uşağın müalicəsinə xərclədiklərini bildirmişdir. Bundan başqa iş materiallarında Cavabdeh1 məxsus əmək haqqı kartı mövcuddur.
44. Beləliklə, cavabdehin iddiaçı ilə birbaşa təmasda olduğu, borcun ödənilməsi üçün vaxt istədiyi və öhdəliyi qəbul etdiyi aşkardır. Borc vəsaiti ailənin ümumi rifahına və cavabdehlərin övladlarının sağalmasına xidmət etdiyi üçün bu vəsaitdən yaranan öhdəlik yükü də hər iki valideynin (ər və arvadın) üzərinə bərabər şəkildə düşür. Cavabdeh1 məxsus əmək haqqı kartının borcun qaytarılması üçün iddiaçıya verilməsi faktı (istər könüllü, istərsə də ailədaxili səlahiyyət bölgüsü çərçivəsində) onun bu öhdəlikdən xəbərdar olmasının və onu təqdir etməsinin maddi sübutudur.
45. Hətta fərz edilsə ki, borc ilkin olaraq yalnız Cavabdeh2 tərəfindən götürülüb. Cavabdeh1 sonradan iddiaçı ilə danışıqlar aparması, borcun qaytarılması üçün vaxt istəməsi və bunun üçün başqa yerlərdən vəsait axtaracağını vəd etməsi hüquqi baxımdan öhdəliyin sonradan təsdiqi (ratihabitio) hesab olunur. Bu isə mülki dövriyyənin sabitliyi baxımından Cavabdeh1 müştərək məsuliyyətli şəxsə çevirir.
46. İddiaçı, həmçinin, cavabdehlərdən 1000 manat dəyərində faiz tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı deyildir. Belə ki, məsələn, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.
47. Lakin hazırkı halda iddiaçı bu cür fəaliyyətlə məşğul olmur. Həmçinin, iddiaçı məhkəməyə pulun cavabdehlərlə faizlə verilməsi və faizlər hesablanmaqla qaytarılmalı olmasını təsdiq edən hər hansı sübut (şahid ifadəsi, yazılı müqavilə və s.) təqdim etməmişdir.
48. Beləliklə iddia tələbinin qeyd edilən hissəsində sübutetmə yükünü daşımasına baxmayaraq, iddiaçı sübutetmə vəzifəsinin öhdəsindən gəlməmişdir. Sübutetmə nəzəriyyəsinə görə sübut edilməyən fakt mövcud olmayan fakt hesab olunur.
49. Göstərilənlərə əsasən iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 3900 manat pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
50. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, tələb etməməsi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə hissəsi:
51. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. 3900 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva