Məhkəmə qərarları › İş №2(060)-7573/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7573/2024

18.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7573/2024 18.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçi X1, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi X1 mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. Ərizəçi X4 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt 1 saylı Mediasiya Təşkilatında onunla maraqlı şəxs Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış MŞS/MT030/2024-01766 saylı barışıq sazişinin 3-cü, 4-cü və 6-cı bəndlərinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt 1 saylı Mediasiya Təşkilatında onunla maraqlı şəxs Cavabdeh arasında xx.xx.2024-eii il tarixli, MŞS/MT030/2024-01766 saylı Barışıq sazişi bağlanılmışdır. Həmin sazişin 3-cü bəndində birgə nikahdan olan uşaqları xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 16-dan gec olmayraq Cavabdeh ödəmək barədə öhdəlik götürmüşdür. Sazişin 4-cü bəndinə əsasən uşaqların yetkinlik yaşlarına çatana kimi ataları Ərizəçi ilə sərbəst şəkildə görüşmələrinə Cavabdeh etiraz etmir və buna şərait yaradacağı barədə öhdəlik götürmüşdür. Sazişin 6-cı bəndinə əsasən onlar - saziş üzrə tərəflər mediasiya prosesində qarşılıqlı olaraq bir-birlərinə qarşı əmlakla bağlı heç bir iddialarının olmaması və gələcəkdə də olmayacağı barədə razılıq əldə etmişlər. Lakin hazırki barışıq sazişinin şərtələrinin icrası ilə bağlı onun məhkəmə qətnaməsi əsasında təsdiqlənməsinə zərurət yaranmışdır və bu sazişin icraya yönəldilməsi üçün məhkəmə qaydasında təsdiq olunması barədə qətnamə qəbul olunmalıdır. Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən ərizəçi X4 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Cavabdeh barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. Tədqiq olunan sübutlar:

5. Mediasiya prosesi nəticəsində bağlanmış MŞS/MT030/2024-01766 saylı, xx.xx.2024-cü il tarixli Sumqayıt 1 saylı Mediasiya təşkilatı vasitəsilə bağlanmış barışıq sazişinə əsasən 1) Tərəflər Cavabdeh və Ərizəçi barışmaq üçün vaxt verilmədən aralarında Sumqayıt Nikah evi tərəfindən xx.xx.2006-cı il tarixdə 245 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulmasına razıdırlar, ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. 2) Cavabdeh və Ərizəçi birgə nikahdan olan övladları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi anaları Cavabdeh yanında yaşamalarına razıdırlar. 3) Ərizəçi birgə nikahdan olan övladları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimenti xx.xx.2024 cü il tarixdən etibarən hər ayın 16-dan gec olmayaraq Cavabdeh ödəmək barədə öhdəlik götürür. 4) Cavabdeh övladları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi ataları Ərizəçi ilə sərbəst şəkildə görüşmələrinə etiraz etmir və buna şərait yaradacağı barədə öhdəlik götürür. 5) Ərizəçi mediasiya prosesində qarşılıqlı razılıq əsasında Cavabdeh şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 54,5 (kvadratmetr) olan xüsusi mənzilin Cavabdeh mülkiyyətində qalmasına razıdır. 6) Cavabdeh və Ərizəçi mediasiya prosesində qarşılıqlı olaraq bir-birlərinə qarşı əmlakla bağlı heç bir iddialarının olmaması və gələcəkdə də olmayacağı barədə razılıq əldə etdilər.

Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

7. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 19.1-cu maddəsinə əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 63.1-ci maddəsinə əsasən, valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər.

8. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun

34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə qismən təmin edilməlidir.

10. Qanunvericilik mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtinanın qanunazidlik və başqa şəxslərin mənafeyi kimi 2 halını müəyyən etmişdir. Bunlar barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Belə ki, məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlamalıdır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olmadığı qənaətinə gələrsə onun təsdiqindən imtina etməlidir, əks halda isə onu təsdiqləyir.

11. Məhkəmə iş materiallarını, proses iştirakçılarının izahatlarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir.

12. Məhkəmə barışıq sazişinin 6-cı bəndinin, yəni “Cavabdeh və Ərizəçi mediasiya prosesində qarşılıqlı olaraq bir-birlərinə qarşı əmlakla bağlı heç bir iddialarının olmaması və gələcəkdə də olmayacağı barədə razılıq əldə etdilər.” hissəsinin təsdiq edilməsindən imtina edir.

13. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Tərəflər arasında bağlanmış barışıq sazişinin qeyd edilən müddəası məhkəməyə müraciət etmək hüququndan imtinanı nəzərdə tutduğundan, buna görə həmin hissədə təsdiq etməkdən imtina edilməsini məqsədəmüvafiq hesab edir.

14. Əlavə olaraq qeyd edilməlidir ki, sazişin təsdiq edilməyən hissəsinin təsdiq edilən hissədən ayrılması mümkündür.

15. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanunazidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir.

16. Belə ki, ərizəçinin təsdiq edilməsini istədiyi digər hissələrdə bəndlərdə - “Ərizəçi birgə nikahdan olan övladları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimenti xx.xx.2024 cü il tarixdən etibarən hər ayın 16-dan gec olmayaraq Cavabdeh ödəmək barədə öhdəlik götürür, Cavabdeh övladları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi ataları Ərizəçi ilə sərbəst şəkildə görüşmələrinə etiraz etmir və buna şərait yaradacağı barədə öhdəlik götürür. ” hissəsində barışıq sazişini təhlil edərək məhkəmə hesab edir ki, həmin hissələrdə ərizəçinin Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil, həmin hissələrdə saziş qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur.

17. Məhkəmə qeyd edir ki, sözügedən barışıq sazişinin ərizəçi tərəfindən təsdiq edilməsi xahiş edilən hissələri qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Belə olan halda sazişin məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə sözügedən barışıq sazişinin hissəvi təsdiq edilməsini məqsədəmüvafiq hesab edir.

Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

Ərizə qismən təmin edilsin. Ərizəçi X4 ilə maraqlı şəxs Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə Sumqayıt 1 saylı Mediasiya təşkilatı vasitəsilə bağlanmış MŞS/MT030/2024-01766 nömrəli barışıq sazişinin 3 və 4-cü bəndləri aşağıdakı məzmunda təsdiq edilsin: - Ərizəçi birgə nikahdan olan övladları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimenti xx.xx.2024 cü il tarixdən etbarən hər ayın 16-dan gec olmayaraq Cavabdeh ödənilməsi barədə öhdəlik götürür. - Cavabdeh övladları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi ataları Ərizəçi ilə sərbəst şəkildə görüşmələrinə etiraz etmir və buna şərait yaradacağı barədə öhdəlik götürür. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar