Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-764/2022 04.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Xəzər bağlarında yerləşən 2 otaqlı evi cavabdeh Bayramov Маil Səmənd oğluna satmışdır. Sonradan Cavabdeh2 ona qarşı məhkəmədə iddia qaldıraraq ev üçün verdiyi 24.000 (iyirmi dörd min) manat pulun ona qaytarılması tələbini irəli sürmüşdür. Məhkəmə 23. 750 (iyirmi üç min yeddi yüz əlli manat) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulu Cavabdeh2 xeyrinə ondan tutulmuşdur. O, pulu cavabdehə qaytarmağına baxmayaraq hələ də cavabdehlər bu günə kimi həmin mənzildən çıxmamışdır. Bu da onun hüquqlarını pozur. Çünki o, həmin evi sata bilmədiyi üçün ona hər gün ziyan dəyir. Borclarını ödəmək üçün həmin evi satmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlər - Cavabdeh2, Cavabdeh1 öz azyaşlı övladı ilə birlikdə Sumqayıt şəhəri, Xəzər bağlarında yerləşən 2 otaqlı evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, 4 aydır pulu qaytarmasına baxmayaraq cavabdeh pul tapa bilmədiyini əsas gətirərək evdən çıxmır. Ev Cavabdeh1 adınadır. Alqı-satqı müqaviləsi isə mərhum atası Cavabdeh2 ilə bağlanılıb. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, İddiaçı ona qarşı evdən çıxarılma tələbinə dair iddiasını qəbul edir və iddia tələbinin təmin olunmasına etirazı yoxdur. Əlavə olaraq bildirdi ki, 2020-ci il tarixdə bağ sənədi ilə iddiaçıya məxsus evi almışlar. Deyilmişdir ki, hüquqi sənəd veriləcəkdir. Bir müddətdən sonra zəng edərək bildirmişdr ki, evi qaytarmaq istəyir. İddiaçı razılaşmadığından məcbur olaraq məhkəməyə müraciət edilmişdir. Məhkəmə qətnaməsi ilə İddiaçı 23.750 manat pul və 30 manat dövlət rüsumunun Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə İddiaçı və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1266/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı 23.750 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan torpaq sahəsinə dair Bağçılıq kitabçasından görünür ki, Salahov X1 cəmiyyəti üzvlərinin 17 sentyabr 2019-cu il tarixli, 24 №-li protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Sumqayıt şəhəri, Xəzər bağçılıq cəmiyyəti ərazisi, Nəsimi küçısi 2 ünvanında yerləşən Bağçılıq cəmiyyətinin sahəsindən 60 kv.m olan 773 №-li bağ sahəsi daimi istifadə üçün verilmişdir. İş materiallarında olan 18.11.2021-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” Qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1266/21 saylı, 15.03.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan AZEMİS-dən çıxarışdan görünür ki, Cavabdeh2 15.01.2022ci il tarixdə ölmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-764/2022 saylı, 04.03.2022-ci il tarixli qərardadı ilə icraata müəyyən hissədə xitam verilərək, Cavabdeh2 öldüyü üçün cavabdehlər siyahısından çıxarılmışdır. Məhkəmənin iddianın qismən təmin olunması qənaətinə gəlməsinə əsas, işin məhkəmə araşdırması zamanı müəyyən edilən halları və aşağıda qeyd olunan qanunvericilikdə nəzərdə tutulmuş normalardır. Belə ki, iş materiallarında olan məhkəmə qətnaməsi və icraata xitam verilməsi barədə qərarın sutərindən müəyyən edilir ki, İddiaçı məhkəmə qətnaməsi ilə ondan cavabdehlərin xeyrinə tutulan məbləği 17.11.2021-ci il tarixdə ödəməsinə baxmayaraq, Cavabdeh1 həmin mənzildə qalmaqla iddiaçıya məxsus mülkiyyət hüquqlarını pozur və ona məxsus hüquqların həyata keçirməsinə maneçilik törədir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək bu barədə ərizə təqdim etməsinə baxmayaraq, hazırda mənzildən çıxmağının mümkün olmadığını, atası cavabdeh İddiaçı vəfat etdiyini, atasının mənzili onun üçün aldığını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddia tələbini qəbul etməsinə baxmayaraq mənzildən çıxmamaqla, iddiaçıya məxsus hüquqlara müdaxilə etməsi qanunsuzdur. Qeyd olunan işin mübahisə edilməyən halları iddia tələbinin əsaslı olmaqla, məhkəmənin iddianın qismən təmin edilməsi nəticəsinə gəlməsinə şərait yaradır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri) Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, əşyaya mülkiyyət hüququnun başqa şəxsə keçdiyi hallarda, mülkiyyətçinin dəyişməsinə baxmayaraq əşya öz yüklülüyünü saxlayır və özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququ olan şəxs həmin hüquqdan istifadə etməkdə davam edir. Bunun hüquqi əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsi təşkil edir. Həmin maddəyə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququnun mülkiyyət hüququ ilə eyni üsulla müdafiə olunmasını da həmin hüquqa aid səciyyəvi xüsusiyyət kimi qeyd etmək olar. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 6 iyun 2014-cü il tarixli qərarında qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına yönəlmişdir. Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin digər qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısı alınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (Ryabıx Rusiyaya qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli Qərar). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın qismən təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən isə torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, işin məhkəmə araşdırılması zamanı iş materiallarına əlavə edilmiş sənədlər, Cavabdeh1 iddia tələbini qəbul etməsi nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 azyaşlı övladı ilə birlikdə Sumqayıt şəhəri, Xəzər bağlarında yerləşən 2 otaqlı evdən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə Böyük Palatanın 19 fevral 2009-cu il tarixli qərarında qeyd olunur ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 azyaşlı övladı ilə birlikdə Sumqayıt şəhəri, Xəzər bağlarında yerləşən 2 otaqlı evdən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-764/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-764/2022
04.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver