Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7643/2025 12.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs: 1 saylı Sumqayıt Regional ”ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı 22 noyabr 1977-ci il təvəllüdlü X2 02 dekabr 1977-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 1975-ci il tarixdə X4 ilə nikaha daxil olmuş və bu nikahdan 1976-cı il təvəllüdlü Səfərov Fərhad, 1977-ci il təvəllüdlü Səfərova Fəridə, 1979-cu il təvəllüdlü Mustafayeva Mətanət və 1980-ci il təvəllüdlü Baxşıyeva Bikə adlı övladları dünyaya gəlmişdir. X7 22 noyabr 1977-ci il tarixdə Sumqayıt şəhərində dünyaya gəldikdən 10 gün sonra, yəni 02 dekabr 1977-ci ildə qəfildən vəfat etmişdir (kürək bölgəsində qaraltılar mövcud olmuşdur). Ərizəçinin həyat yoldaşı onların yaşadıqları evə həkim gətirməyə çalışmış, lakin heç kim gəlməmişdir. Onun ölümü səhər saatlarında baş vermiş və onlar müvafiq sənədləşmənin həyata keçirilməsi üçün həmin gün axşam saatlarına qədər həkimlərin gəlməsini gözləmişdirlər. Lakin bu qədər uzun müddət ərzində heç kim gəlmədiyi üçün onlar məcbur qalaraq ölümün baş verdiyi gün təxminən axşam saatlarında övladları X3 Corat qəbirstanlığında dəfn etmişlər. Sumqayıt şəhər qeydiyyat şöbəsinin 16 avqust 2025-ci il tarixli arayışına əsasən X7 22 noyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə 30 noyabr 1977- ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində 4571 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Corat bələdiyyəsinin 15 avqust 2025-ci il tarixli arayışına əsasən 22 noyabr 1977-ci il təvəllüdlü X7 02 dekabr 1977-ci ildə vəfat etmiş və həmin tarixdə Corat qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçinin həyat yoldaşının qardaşı X8 İ dərəcə qohumları olmadığından o, vəfat etdikdən sonra ərizəçinin övladları onun vərəsəsi hesab edilmişdir. Lakin ərizəçi ilə onun həyat yoldaşının dörd övladı olmasına baxmayaraq övladları Səfərova Fəridə vəfat etmiş və onun ölüm şəhadətnaməsi olmadığı üçün vərəsəlik işi ilə bağlı maneələr yaranmışdır. Buna görə də “Sumqayıt Tibb Mərkəzi” PHŞ 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinə ərizəçi tərəfindən müraciət edilmiş və müraciətiə cavab olaraq bildirilmiş ki, 02 dekabr 1977-ci il tarixdə vəfat etmiş X2 ölümü barədə 1 nömrəli Ailə Sağlamlıq Mərkəzində heç bir məlumat yoxdur. 1 nömrəli Ailə Sağlamlıq Mərkəzində hansı səbəblə müraciəti barədə sənəd yoxdur. Bununla yanaşı, ərizəçi tərəfindən Sumqayıt şəhər qeydiyyat şöbəsinə övladı X2 ölümünün qeydiyyata alınması barədə ərizə ilə müraciət edilmişdir. Sumqayıt şəhər qeydiyyat şöbəsinin ərizəçinin müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən ərizənin təmin edilməsi mümkün olmamışdır. 22 noyabr 1977-ci il təvəllüdlü X7 doğulduğu gündən 10 gün sonra, yəni 02 dekabr 1977-ci ildə vəfat etmişdir. Onun vəfat etməsi ilə bağlı lazımı məlumatlandırma edilməsinə baxmayaraq onun ölümü ilə bağlı hər hansı sənəd (tibbi şəhadətnamə və.s) təqdim olunmamışdır. Onun ölüm faktını ərizəçinin ailəsini tanıyan şəxslər (Ərizəçi Eyvazah qızı, X5 və.s həmin şəxslərin dairəsi genişdir) təsdiq edə bilər. Onun ölümünün üzərindən uzun müddət keçdiyi üçün ölümü təsdiq edən tibbi şəhadətnamə və ya ölüm haqqında şəhadətnamə əldə olunması hazırda mümkünsüzdür. X2 ölüm faktı təsdiq olunmadığından vərəsəlik qaydasında müəyyən proseslərin həyata keçirilməsi mümkünsüz olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs 1 saylı Sumqayıt Regional ”ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPMnin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, ərizəçi onun yoldaşının bacısıdır. Onun övladı 22 noyabr 1977-ci il təvəllüdlü X7 doğulduğu gündən 10 gün sonra, yəni 02 dekabr 1977-ci ildə vəfat etmişdir. Dəfndən sonra onlar uşağın yas mərasimində iştirak ediblər. X1 qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır. Onun övladı 22 noyabr 1977-ci il təvəllüdlü X7 doğulduğu gündən 10 gün sonra, yəni 02 dekabr 1977-ci ildə vəfat etmişdir. Dəfndən sonra onlar uşağın yas mərasimində iştirak ediblər. X1 qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - İ-ЖГ 290370 nömrəli, 12 oktyabr 1975-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi və X4 1975-ci il 12 oktyabr tarixdə nikaha daxil olmuşlar. - Sumqayıt rayon qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il taixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəçinin ərizənizin təmin edilməsi mümkün deyil və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 22 noyabr 1977-ci il təvəllüdlü xx.xx.1977-ci il tarixdə vəfat etmiş X2 ölümü barədə 1 nömrəli Ailə Sağlamlıq Mərkəzində heç bir məlumat və hansı səbəblə müraciət barədə sənəd yoxdur. Bu səbəbdən Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməsi ona tövsiyə edilmişdir. - Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 avqust 2025-ci il tarixli arayışdan görünür ki, X7 22 noyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə 30 noyabr 1977-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində 4571 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. - Corat bələdiyyəsinin 15 avqust 2025-ci il tarixli arayışına əsasən 22 noyabr 1977-ci il təvəllüdlü X7 02 dekabr 1977-ci ildə vəfat etmiş və həmin tarixdə Corat qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin qızı X7 xx.xx.1977-ci il tarixdə (doğulduqdan 10 gün sonra) Sumqayıt şəhərində vəfat etmiş, Corat qəbiristanlığında xx.xx.1977-ci il tarixdə dəfn edilmişdir. Onun ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 22 noyabr 1977-ci il təvəllüdlü X2 xx.xx.1977-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-7643/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7643/2025
12.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver