Məhkəmə qərarları › İş №2(060)-767/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-767/2025

22.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-767/2025 22.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi tələbi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi tələbi»nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qayınanası X5 1933-cü ildə Ermənistan Respublikasının Sisyan rayonunun Aqudi kəndində anadan olmuşdur və 1958-ci ildə Aqudi kəndində rəhmətə getmişdir. X4 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Qayınanasından miras əmlak qalmışdır. Lakin onun ölüm haqqında şəhadətnaməsi olmadığına görə vərəsəlik işini leqallaşdırmaq mümkün deyildir. Bununla bağlı vərəsəlik işinin açılması ilə əlaqədar qayınanasının ölümü haqqında şəhadətnamə tələb olunur. Ərizəçi 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət edərək qayınanasının ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Onlar xx.xx.2024-cü il tarixli, 3-16-5/8-36xx-xx/2024 saylı məktub ilə qayınanasının ölümü haqqında şəhadətnamə verilməsindən imtina etdilər və bildirdilər ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir və bununla bağlı məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Göstərilənlərə əsasən ərizəçinin qayınanası 1933-cü il təvəllüdlü X2 1958-ci ildə Ermənistan Respublikasının Sisyan rayonunun Aqudi kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra Ərizəçi ərizəsinə dəqiqləşmə edərək, X2 xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasında ölməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə işə maraqlı şəxs 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşının həyat yoldaşıdır. X1r. Anası isə X3r. O, 1958-ci il tarixdə may ayının 4-ü, qardaşı isə 2024-cü il tarixdə iyul ayının 15-ində vəfat etmişdir. Anası öd kisəsində olan nasazlıqdan ölmüşdür. Anasının 3 uşağı olmuşdur. Onlardan ikisi rəhmətə getmişdir. Bacısı 16 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra atası Ballı adlı xanımla evlənmiş və o xanımdan da övladları olmuşdur. Hazırda Ballı xanım da vəfat etmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 öz ifadəsində göstərmişdir ki, ərizəçinin qayınanası Züleyxa xanım ədəbiyyat müəlliməsi idi. Züleyxa xanımla bir kənddə yaşamışlar, onun birgə nikahdan 4 övladı olmuşdur: Rahibə, Sahibə, Dunay və Müşfiq. O, 1958-ci il tarixdə vəfat etmişdir. O, kor bağırsağından əməliyyat olunduqdan sonra su içməməli olduğu halda su içməsi səbəbi ilə bədəni şişmiş və daha sonra vəfat etmişdir.

10. İş materiallarında olan xx.xx.1951-ci il tarixli, ZJ № 225855 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 01 may 1951-ci il tarixində Ermənistan Respublikasının Sisyan rayonunda anadan olmuş, atası X9, anası X3r.

11. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 05 oktyabr 2023-cü il tarixində verilmiş AZ-T № 055607 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və Ərizəçi nikahlarını 18 iyul 2018-ci il tarixdə bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 1890 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Baxşəliyeva soyadı verilmişdir.

12. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-1694/2024 saylı arayışın surətindən görünür ki, X9 xx.xx.1997-ci il tarixdə hipertoniya xəstəliyindən ölmüşdür.

13. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ № 437899 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə beyin ödemi xəstəliyindən ölmüşdür.

14. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 29 oktyabr 2024-cü il tarixli, 3-16-5/8-36xx-xx/2024 saylı məktubdan görünür ki, vəfat etmiş X2 ölümünün qeydiyyata alınması ilə bağlı 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə təqdim edilmiş ərizəyə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölümün qeydiyyatı ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmədə Ərizəçi izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin qayınanası X5 04 may 1958-ci il tarixində Ermənistan Respublikasında vəfat etmiş və Ermənistan Respublikasında dəfn edilmişdir, lakin ərizəçi qayınanasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.

17. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

18. Göründüyü kimi ərizəçi qayınanasının ölümü haqqında şəhadətnaməni başqa ala bilməmişdir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

20. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

21. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

22. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

23. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi qayınanası X2 04 may 1958-ci il tarixində Ermənistan Respublikasında ölməsi faktı müəyyən edilməlidir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçinin qayınanası 1933-cü il təvəllüdlü X2 04 may 1958-ci il tarixində Ermənistan Respublikasında ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar