Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7804/2025 10.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Maraqlı şəxs ilə Ərizəçi arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞS/MT030/2024-01505 saylı, 22 iyul 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 27 oktyabr 2012-ci il tarixdə cavabdeh Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 23 oktyabr 2013-cü il təvəllüdlü X4, 28 mart 2015-ci il təvəllüdlü X3 və 10 aprel 2019-cu il təvəllüdlü X5 anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş, ailə faktiki olaraq dağılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-218/2025 saylı mülki iş üzrə 14 yanvar 2025-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələblərinə əsasən mediasiyaya müraciət etmiş və cavabdehlə aralarında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmışdır. Həmin sazişin əsli ərizəyə əlavə edilir və həmin saziş ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş X4, 28 mart 2015-ci il təvəllüdlü X3 və 10 aprel 2019-cu il təvəllüdlü X2 onun yanında qalmasına razılıq vermişdir. Maraqlı şəxs saziş üzrə öhdəliklərini yerinə yetirmir. Ona bəzən müəyyən problemlər yaradır. Bu səbəbdən də qanunvericiliyə uyğun olaraq həmin sazişin təsdiq olunmasına dair ərizə ilə məhkəməyə müraciət edir. Məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəməyə qədər nizama salınmasına dair pretenziya məktubu ilə Maraqlı şəxs müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır.
Tərəflərin mövqeləri:
3. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. Mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 1) Tərəflər Ərizəçi və Maraqlı şəxs barışmaq üçün vaxt verilmədən aralarında Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə 1827 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. 2) Ərizəçi və Maraqlı şəxs birgə nikahdan olan övladları xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019- cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi ataları Ərizəçi yanında yaşamalarına razıdırlar. 3) Ərizəçi və Maraqlı şəxs mediasiya prosesində birgə nikahdan olan övladları xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün bir-birlərinə qarşı alimentlə bağlı iddia tələblərinin olmayacağı barədə razılıq əldə etdilər.
Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun
34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə qismən təmin edilməlidir.
9. Məhkəmə qeyd edir ki, qanunvericilik mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtinanın qanunazidlik və başqa şəxslərin mənafeyi kimi 2 halını müəyyən etmişdir. Bunlar barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Belə ki, məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlamalıdır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olmadığı qənaətinə gələrsə onun təsdiqindən imtina etməlidir, əks halda isə onu təsdiqləyir.
10. Məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.2, 34.3, 34.4-cü maddələrinə müvafiq olaraq barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur.
11. Məhkəmə barışıq sazişinin 1-ci bəndinin, yəni “Tərəflər Ərizəçi və Maraqlı şəxs barışmaq üçün vaxt verilmədən aralarında Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə 1827 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir.” hissəsinin təsdiq edilməsindən imtina edir.
12. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr.
13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
14. Göründüyü kmi, qanunvericilikdə nikahın pozulması ilə bağlı mübahisələrin mediasiya vasitəsilə həll oluna bilməsi nəzərdə tutulmamış, həmçinin ailə qanunvericiliyinə əsasən nikahın məhkəmə qaydasında pozulmalı olması müəyyən edilmişdir. Odur ki, tərəflər arasında barışıq sazişi olsa da, nikah hər bir halda məhkəmə qaydasında pozulmalıdır.
15. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə barışıq sazişinin birinci bəndinin təsdiq edilməsi hissəsində təmin edilməməlidir.
16. Məhkəmə barışıq sazişinin digər bəndlərinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarında nəzərdə tutulmuş mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması onu nəzərdə tutur ki, mediasiya prosesi nəticəsində barışıq sazişi bağlandıqdan sonra sazişin tərəflərinin biri və ya hər ikisinin həmin barışıq sazişinin şərtlərinə müvafiq olaraq müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olur və tərəf müvafiq öhdəliyi icra etmir və ya lazımi qaydada icra etmir. Barışıq sazişinin tərəflərinin sazişin şərtlərinə uyğun olaraq müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olarsa və tərəflərdən biri barışıq sazişinin şərtini qanunvericiliklə müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməzsə sazişin digər tərəfi barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin Azərbaycan Respublikasının MPM-in 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
17. Məhkəmə qeyd edir ki, barışıq sazişində tərəflər arasında uşaqların valideynlərdən kimin himayəsində qalması və aliment tələbinin olmaması ilə bağlı mübahisə həllini tapmışdır, hər hansı bir qeyri-müəyyənlik, həmçinin, icrası nəzərdə tutulan hər hansı bir şərt mövcud deyildir. Həmin bəndlərin mahiyyəti ondan ibarətdir ki, tərəflər birgə nikahdan dünyaya gələn övladlarının atalarının yanında (himayəsində) qalması və bir-birlərinə qarşı aliment tələblərinin olmayacağı barədə razılıq əldə etmişdirlər.
18. Göründüyü kimi, bu şərtlər özü-özlüyündə bir növ mövcud vəziyyətin saxlanılmasına, yəni uşaqların ananı himayəsində qalmasının və aliment tələblərinin olmamasının təsbitinə yönəlmişdir. Belə olan halda isə, həmin şərtlərin məhkəmə qaydasında təsdiq olunmasına (məcburi icraya) zərurətin nədən ibarət olması aydın deyildir.
19. Ona görə də məhkəmə hesab edir ki, barışıq sazişi həmin hissələrdə də təsdiq edilməməlidir.
20. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış MŞS/MT030/2024-01505 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi təmin edilməməlidir.
Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış MŞS/MT030/2024-01505 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva