Məhkəmə qərarları › İş №2(060)-7860/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7860/2021

21.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7860/2021 21.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması tələbi üzrə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Sumqayıt şəhərinin 50-ci məhəlləsi ərazisində zəbt edilmiş torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində özbaşına quraşdırılmış hasarın cavabdehin hesabına sökülərək torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətə qaytarılması, cavabdehin hərəkətləri nəticəsində ona vurulmuş 10000 (on min) manat məbləğində maddi ziyanın və 50000 (əlli min) manat məbləğində mənəvi ziyan məbləğinin və iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu məbləğinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsi ilə bağlanmış torpaq icarə müqavilələri əsasında Sumqayıt şəhərinin 50-ci məhəlləsi ərazisində yerləşən sahəsi müvafiq olaraq 600 kvadrat metr və 400 kvadrat metr olan torpaq sahələri iddiaçının icarəsinə verilmişdir. İddiaçı bu torpaq sahələrini hasarlayaraq istifadə edir. Eyni zamanda həyətinə daxil olmaq üçün qoyduğu darvazanın qarşısında ona yaxın ağac əkərək abadlıq işlərini də görmüşdür. Lakin iddiaçı bir müddət səhhətində yaranmış problemlərlə əlaqədar olaraq torpaq sahəsinə gedə bilməmişdir. Torpağa sonradan baxmağa gedərkən əkdiyi ağacların çıxarıldığını, darvazanın qarşısındakı həmin yerdə başqa ağacların əkildiyini və həmin torpaq sahəsinin hasarlandığını aşkar etmişdir. Bunu kimin etdiyi ilə maraqlandıqda müəyyən etmişdir ki, bu hərəkətlər qonşu torpaq sahəsindən hər hansı hüquq müəyyənedici sənədlər olmadan istifadə edən Cavabdeh və onun ailə üzvləri tərəfindən törədilmişdir.Cavabdehlə arasında yaranmış mübahisə qarşılıqlı anlayışla həll edilmədiyindən, iddiaçı məhkəməyə müraciət edərək pozulmuş hüququnun bərpasını tələb etmək qərarına gəlmişdir. Belə ki, cavabdehin torpaq sahəsini zəbt etməsi nəticəsində iddiaçının icarəsində olan torpaq sahəsinə giriş-çıxışım məhdudlaşdırılmış və torpaqdan istifadəsinə maneələr yaradılmışdır. Cavabdeh istifadəsində olan torpaq sahəsinin guya "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 10 saylı X4 Müəssisəsinin balansında olduğunu, həmin torpaq sahəsinin sonuncu tərəfindən bağ- bostan bitkilərinin becərilməsi üçün X2 ayrıldığı, adı çəkilən şəxsin də etibarnamə ilə bu torpağı Cavabdeh verdiyini bildirmişdir. Halbuki,cavabdeh torpaq sahəsindən bağbostan kimi deyil,qanunsuz olaraq fərdi yaşayış evi tikərək həyətyanı torpaq sahəsi kimi istifadə etməkdədir. Eyni zamanda, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi cavadehin faktiki istifadəsində olan torpaq sahəsinin hasarı daxilində deyil, hasarın xaricində iddiaçının darvazasının qarşısında yerləşir ki, bu torpaq sahəsinə onun hər hansı aidiyyəti yoxdur. Cavabdehin əsl niyyəti mübahisələndirilən torpaq sahəsini əvvəlcə ağac əkməklə və hasarlamaqla zəbt sonra isə istifadəsində olan torpaq sahəsinə qatmaqdır. İddiaçı tərəfindən dəfələrlə cavabdehdən torpaq sahəsini boşaltmasını və əkdiyi ağacları çıxararaq torpağı əvvəlki vəziyyətə gətirməsini tələb etsə də, o, bu günədək zəbt etdiyi torpaq sahəsini boşaltmamışdır. Cavabdehin zəbt etdiyi torpaq sahəsindən istifadə etməsinə əsas verən hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Buna baxmayaraq o, iddiaçının icarəsində olan torpağın qarşısında yerləşən torpaq sahəsini zəbt etmiş və qanunsuz əməllərinə bu günədək son qoymamışdır. Yaranmış problemin həlli üçün bir neçə dəfə aidiyyəti qurumlara müraciət etsə də, bunun hər hansı bir nəticəsi olmamış və iddiaçıya məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Bütün bunları nəzərə alaraq, iddiaçı öz hüquqlarının müdafiə olunması üçün məhkəməyə müraciət etməyi lazım bilmişdir. Məhkəmə iclasında iddiaçı izahat verərək iddia tələbini müdafiə etdi. Sumqayıt şəhərinin 50-ci məhəlləsi ərazisində yerləşən sahəsi 600 kv.m və 400 kv.m olan torpaq sahəsi icarə müqavilələrinə əsasən iddiaçıya verilmişdir. İddiaçı bu torpaq sahələrini hasarlayaraq istifadə edir. Eyni zamanda darvazanın qarşısında ona yaxın ağac əkərək abadlıq işləri də görmüşdür. Lakin bir müddət səhhəti ilə əlaqədar torpaq sahəsinə gedə bilməmişdir. Sonradan torpağa baxmağa gedərkən əkdiyi ağacların çıxarıldığını, darvazanın qarşısında həmin yerdə başqa ağacların əkildiyini və həmin torpaq sahəsinin hasarlandığını görmüş və bunu qonşu Cavabdeh və onun ailə üzvləri tərəfindən törədildiyini müəyyən etmişdir. Cavabdehin torpaq sahəsini zəbt etməsi nəticəsində iddiaçının icarəsində olan torpaq sahəsinə giriş-çıxışın məhdudlaşdırılmış və torpaqdan istifadəsinə maneələr yaradılmışdır. İddiaçı tərəfindən dəfələrlə cavabdehdən torpaq sahəsini boşaltmasını və əkdiyi ağacları çıxararaq torpağı əvvəlki vəziyyətə gətirməsini tələb etsə də o, bu günədək zəbt etdiyi torpaq sahəsini boşaltmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh izahat verərək iddia tələbini qəbul etmədi. Bildirdi ki, iddiaçı ilə qonşu olsa da münasibətləri yaxşı deyildir. Həmçinin həmin torpaq sahəsi X6 balansındadır və bağ-bostan bitkilərinin becərilməsi üçün X2 ayrılmışdır. O da bu torpağı etibarnamə ilə ona vermişdir. Cavabdeh də bu torpaq sahəsindən əkin üçün istifadə edir. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -16.06.2021-ci il tarixli, 1515 saylı Sumqayıt Bələdiyyəsinin iddiaçı X1 ünvanladığı məktubdan görünür ki, iddiaçının müraciətinə əsasən tədbir görülməsi məqsədi ilə 14.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat- İstintaq İdarəsinə 2668 nömrəli məktub, Sumqayıt Şəhər Prokurorluğuna həmin tarixdə 2669 nömrəli məktub göndərilmişdir. -03.11.2018-ci il tarixli, İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış Bakı-Sumqayıt- Bakı dəmir yolu xəttinin tikintisi ilə əlaqədar tikinti müddəti ərzində Sumqayıt şəhəri, 50-ci məhəllə, Sumqayıt-Pirşağı mənzili, 48 km pk 5 ünvanında yerlşən torpaq sahələrindən "xxxx" QSC-nin istifadə etmək ehtiyacı yaranmışdır. Fiziki şəxs həmin torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında sahəyə əşya hüquqlarına malikdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17.06.2021-ci il tarixli çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0281 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışından görünür ki, Sumqayıt şəhəri, 50-ci məhəllə, 0,06 ha torpaq sahəsi 01 saylı, 14.01.2016-cı il tarixli torpaq icarə müqaviləsinə əsasən həmin torpaq sahəsi 14.01.2016-cı il tarixindən 14.01.2035-ci il tarixinədək İddiaçı xeyrinə hüquq yüklü edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışından görünür ki, Sumqayıt şəhəri, 50-ci məhəllə ünvanında yerləşən 0,04 ha torpaq sahəsi ünvan 4 3M-19 nömrəsilə təsdiq etdiyi Sumqayıt Bələdiyyəsinin 06 saylı, 12.0102017-ci il tarixli icarə müqaviləsinə əsasən həmin torpaq sahəsi 12.01.2017-ci il tarixindən 12.01.2037-ci il tarixinədək İddiaçı xeyrinə hüquq yüklü edilmişdir. - Fotoşəkillərdən görünür ki, İddiaçı məxsus torpaq sahəsinin qarşısı hasarlanmışdır. - İş materiallarına əlavə edilmiş diskdən görünür ki, Sumqayıt şəhəri, Yaşıl Dərə massivində yerləşən torpaq sahəsində abadlaşdırma işləri məqsədilə ağaclar əkilmiş, lakin mübahisəli torpaq sahəsində hər hansı çəpər işlərinin görülməsi ilə bağlı görüntü əks olunmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhərinin 50-ci məhəlləsi ərazisində yerləşən sahəsi 600 kv.m və 400 kv.m olan torpaq sahəsi mülkiyyət qüququ və icarə müqavilələrinə əsasən iddiaçıya verilmişdir. İddiaçı bu torpaq sahələrini hasarlayaraq istifadə edir. İddiaçıya aid olan torpaq sahəsinin fasad hissəsində giriş qapısı mövcuddur, həmin giriş qapısı ilə üz-üzə dayandıqda fasad hissənin divarına bitişik boş sahə cavabdeh tərəfindən təxminən 1 m hündürlükdə taxta materialla çəpərlənmiş və çəpər arası 04 ədəd 4 mişar daşı hündürlüyündə tumbalar inşa edilmişdir. Qeyd edilən sahənin cavabdeh tərəfindən çəpərlənməsi iddiaçıya torpaq sahəsinin fasad divarında müəyyən yeniləmə (boyalama və s. işlərin) aparılmasına maneələr yaradır, iddiaçı tərəfindən özünə məxsus sahənin fasad hissəsindən sərbsət istifadəsini məhdudlaşdırır. Cavabdehin çəpərlədiyi sahəyə heç bir hüququ mövcud deyil. Eyni zamanda cavabdehin özünə məxsusluğunu bildirdiyi, iddiaçıya məxsus torpaq sahəsi ilə qonşu olan torpaq sahəsinədə hər hansı bir hüququnun olması müəyyən edilməmişdir. Məhkəmə iddianın zəbt edilmiş torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində özbaşına quraşdırılmış hasarın cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi torpaq sahəsi üzərində mülkiyyət və onun növlərini müəyyən edir. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur (1). Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir (2). Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (3). Həmin Məcəllənin 111-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılmasını müəyyən edir. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur (1). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (2). Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən - Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən - Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən - tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər Həmin Məcəllənin 238.3-cü maddəsinə əsasən - Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Məhkəmə iddianın cavabdehin hərəkətləri nəticəsində iddiaçıya vurulmuş 10000 (on min) manat məbləğində maddi ziyanın və 50000 (əlli min) manat məbləğində mənəvi ziyan məbləğinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır, odur ki iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, məhkəmə gedişatı zamanı iddiaçı məhkəmə iclaslarında iştirak etmişdir. İddiaçıya maddi və mənəvi zərərin dəyməsini sübuta yetirəcək əsasların və faktların olması ilə bağlı sübutların məhkəməyə təqdim olunması izah olunmuş, lakin iş üzrə iddiaçının iddiasının sübutu kimi heç bir sübut məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Hazırki iş üzrə İddiaçı Cavabdeh tərəfindən ona 10000 manat məbləğində maddi və 50000 manat məbləğində mənəvi zərərin vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və tələbi iş materialları sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən - Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 30 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbi hissəsinə məhkəmə qiymət verərək hesab edir ki, iddianın yalnız torpaq sahəsinin boşaldılması, hasarın sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması hissəsi təmin edildiyindən və bu tələb qiymətləndirilməyən iddialara aid olduğundan, ödənilmiş rüsumun 10 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 20 manat isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən Sumqayıt şəhərinin 50-ci məhəlləsi ərazisində zəbt edilmiş torpaq sahəsi boşaldılmalı, həmin torpaq sahəsində özbaşına quraşdırılmış hasar cavabdehin hesabına sökülərək torpaq sahəsi cavabdehin hesabına əvvəlki vəziyyətə qaytarılmalı, iddianın verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 manatının əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən Sumqayıt şəhərinin 50-ci məhəlləsi ərazisində zəbt edilmiş torpaq sahəsi boşaldılsın, həmin torpaq sahəsində özbaşına quraşdırılmış hasar cavabdehin hesabına sökülərək torpaq sahəsi cavabdehin hesabına əvvəlki vəziyyətə qaytarılsın. İddianın verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 manatının əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin, qalan 20 manatı iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar