Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7937/2021 15.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X3 iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, həyat yoldaşı 10 dekabr 1993-cü il təvəllüdlü X1 06 oktyabr 2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi X12 qızı məhkəmə iclasında ərizəni müdafiə edərək onunla əsaslandırdı ki, ərizəçinin mərhum həyat yoldaşı X6 10.12.1993-cü il tarixdə Quba rayonunda anadan olmuşdur. Onlar 11.08.2012-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan 16.07.2012-ci il təvəllüdlü X4 və 26.01.2014-cü il təvəllüdlü X2 adlı iki övladları olmuşdur. Ərizəçinin həyat yoldaşı uzun müddət zob xəstəliyindən əziyyət çəkmiş və 06.10.2020-ci il tarixdə vəfat etmişdir. Ərizəçi mərhum yoldaşı, 2 övladı və anası ilə Sumqayıt şəhəri, X9 qəsəbəsi, Xətai küçəsi, 5-ci məhəllə, 1/3 saylı bağ evində birgə yaşamışlar. Hadisə olan gün də bütün ailə üzvləri evdə olmuşdur. Mərhum yoldaşı digər otaqda gözlənilmədən, ani yıxılmasından sonra, saat 20:30 radələrində Sumqayıt şəhər Təcili və X5 Stansiyasına çağırış etmişlər. Artıq briqada evə çatarkən mərhum yoldaşı vəfat etmişdir. Yoldaşı Quba rayonu, Növdün kənd qəbirstanlığında dəfn olunmuşdur. Mərhum ev şəraitində öldüyünə görə ölüm şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Qanunla müəyyən olunmuş formada ölüm şəhadətnaməsi almaq mümkün deyildir. Bununla bağlı ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət etsə də, rədd cavabı almışdır. Ona görə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 31.08.2021-ci il tarixli, 05/Q-3114/15 nömrəli məktubdan görünür ki, Sumqayıt şəhər Qeydiyyat şöbəsi ərizəçinin 31.08.2021-ci il tarixdə X1 ölümünün qeydiyyata alınması barədə ərizəsinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinin tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Təcili və X5 stansiyasının 12.10.2020-ci il tarixli arayışında da göstərilmişdir ki, X6 06.10.2020-ci ildə vəfat etmişdir. İş materiallarında olan Quba rayonu İcra Hakimiyyəti başçısının Şuduq İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 38 nömrəli, 09.03.2021-ci il tarixli arayışdan görünür ki, mərhum X6 06.10.2020-ci ildə vəfat etmiş və Quba rayonu, Növdün kənd qəbristanlığında dəfn olunmuşdur. Beləliklə, ərizəçinin nümayəndəsinin izahatı ilə, həmçinin iş materiallarında olan sənədlərlə 10 dekabr 1993-cü il təvəllüdlü X1 06 oktyabr 2020-ci il Sumqayıt şəhərində vəfat etməsi faktı öz təsdiqini tapmışdır. Eyni zamanda, müəyyən olunmuşdur ki, Ərizəçi 10 dekabr 1993-cü il təvəllüdlü X1 06 oktyabr 2020-ci ildə ölümünü təsdiq edən sənədi başqa qaydada ala bilməsi mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, 10.12.1993-cü il təvəllüdlü X1 06.10.2020-ci ildə Sumqayıt şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10.12.1993-cü il təvəllüdlü X1 06.10.2020-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-7937/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7937/2021
15.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver