Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7957/2021 21.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi (maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsi) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Sumqayıt şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs kimi göstərməklə) oğlu X2 26.03.2020-ci ildə, Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 ərizəçinin oğludur. O, 19.05.1977-ci ildə anadan olmuşdur. 26.03.2020-ci ildə oğlu Sumqayıt şəhərində yaşadıqları evdə vəfat etmişdir. 27.03.2020-ci ildə oğlunu Sumqayıt şəhər qəbristanlığında dəfn etmişlər. Lakin bu günə kimi oğluna ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Bununla bağlı Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etsə də, işdə maraqlı tərəf olan Sumqayıt şəhər Qeydiyyat şöbəsinin məktubu ilə ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsinə uyğun izahat verdi, həmçinin bildirdi ki, oğlu 26.03.2020-ci ildə qaraciyər sirrozundan vəfat edib. Oğlunun iki övladı var. Ölüm faktının müəyyən edilməsi əhəmiyyətlidir. Qeyd edilənlərə əsasən ərizəçi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1953-cü ildə Laçın rayonu, Qazıdərə kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 19.05.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur və ərizəçi onun anasıdır. Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 31.08.2021-ci il tarixli, 05/Q-3116/15 saylı məktubunda ərizəçiyə bildirilmişdir ki, ölümü təsdiq edən sənədin olmaması səbəbindən ərizənin təmin edilməsi mümkün deyil. Sumqayıt şəhər Təcili və X1 Stansiyasının 30.03.2020-ci il tarixli, 725 saylı arayışında göstərilmişdir ki, 26.03.2020-ci il tarixdə, saat 20:30-da Sumqayıt şəhər Yaşıl dərə həyət evi ünvanında yaşayan 1977-ci il təvəllüdlü X5 adına 46 çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1977-ci il təvəllüdlü X2 meyitini aşkar etmişdir. Bacısının deməsinə görə mərhum “Hepatit C Qaraciyər sirrozu” xəstəliyindən əziyyət çəkmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zərbə və zorakılıq əlamətləri aşkar edilməmişdir. İş materiallarına X2 qəbrinin fotoşəkilləri əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, X5 onun qardaşdır. O, uzun illərdir qaraciyər sirrozundan əziyyət çəkirdi və həmin xəstəlikdən 26 mart 2020-ci ildə vəfat edib. Vəfat edəndə mərhumun olduğu evdə idi. Hətta təcili tibbi yardıma çağırışı da o edib. Lakin təcili tibbi yardım evə çatanda X5 artıq vəfat etmişdi. Məhkəmə iclasında ifadə vermiş şahid X4 ifadə verərək bildirdi ki, ərizəçinin bacısı oğludur. X5 qaraciyər sirrozundan əziyyət çəkirdi. O, 26 mart 2020-ci ildə vəfat edib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur (4.8.). İşdən göründüyü kimi ərizəçi mərhum oğlu X2 ölüm şəhadətnaməsini almaq istəyir. Lakin maraqlı şəxs müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən ərizəçiyə imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər və şahid ifadələri əsasında ərizəçinin oğlu X2 26.03.2020-ci il tarixdə vəfat etməsi sübuta yetirilir. Həmin faktı təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və 19 may 1977-ci ildə anadan olmuş X2 26 mart 2020-ci il tarixində, Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19 may 1977-ci ildə anadan olmuş X2 26 mart 2020-ci il tarixində, Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-7957/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7957/2021
21.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver