Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8010/2023 22.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə 22 dekabr 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona övladları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü səhər saat 10:00-dan bazar günü saat 20:00-dək yanında gecə qalmaq şərti ilə, eyni zamanda bayram günlərinin müvafiq olaraq ardıcıl iki gün olan bayram günlərinin bir gününün 10:00-dan axşam saat 20:00-a kimi ünsiyyətdə olmağa, vaxt keçirməyə maraqlı tərəf X4 tərəfındən icazənin (razılığın) verilməsinə dair Bakı şəhər 13 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/13/2023-01576 saylı barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi qızı ərizəsini onunla əsaslandırmışdır ki, o, X4 ilə xx.xx.2014-cü ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahdan 2 övladları vardır: xx.xx.2015-ci il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X3. Bakı şəhər 13 saylı Mediasiya Təşkilatında keçirilən mediasiya prosesi zamanı xx.xx.2023-cü il tarixdə MŞB/13/2023-01576 saylı mediasiya işi üzrə aralarında barışıq sazişi bağlanmış və həmin sazişin 3-cü bəndində maraqlı tərəf hər həftənin şənbə günü səhər saat 10:00-dan bazar günü saat 20:00-dək yanında gecə qalmaq şərti ilə eyni zamanda bayram günlərinin müvafiq olaraq ardıcıl iki gün olan bayram günlərinin bir gününün 10:00-dan axşam saat 20:00-a kimi ona övladları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olmağa, vaxt keçirməyə razılıq vermiş və buna etiraz etməmişdir. Lakin aralarında əldə edilmiş bu razılaşmaya baxmayaraq maraqlı tərəf sazişin bu şərtinə əməl etməmiş və ona uşaqları ilə razılaşdırılmış şərtlər daxilində ünsiyyət saxlamağa imkan verməmişdir. Bu səbəbdən də həmin sazişin icraya yönəldilməsi üçün məhkəmə qaydasında təsdiq olunması barədə qətnamə qəbul olunmalıdır. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə baxış iclasına gəlməmiş, ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir, maraqlı şəxs isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-cı və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan AZ-İV 204871 saylı və AZ-İİİ 568921 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X3 adlı iki uşaqları doğulmuşdur. İşdə olan AZ-İ 988667 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə maraqlı şəxs X2 xx.xx.2014-cü ildə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində nikaha girərək ailə qurmuşlar və bu nikah 919 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə MŞB/13/2023-01576 saylı barışıq sazişindən görünür ki, Sazişin 3-cü bəndinə əsasən X4 hər həftənin şənbə günü səhər saat 10:00-dan bazar günü saat 20:00-dək yanında gecə qalmaq şərti ilə eyni zamanda bayram günlərinin müvafiq olaraq ardıcıl iki gün olan bayram günlərinin bir gününün 10:00-dan axşam saat 20:00-a kim ona övladları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olmağa, vaxt keçirməyə razılıq vermiş və buna etiraz etməmişdir. Mülki Prosessual Məcəllənin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin tərəflərin mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin həmin hissədə təsdiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləninin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixdə MŞB/13/2023- 01576 saylı Barışıq Sazişinin 3-cü bəndi aşağıdakı məzmunda təsdiq edilsin: "X4 hər həftənin şənbə günü səhər saat 10:00-dan bazar günü saat 20:00-dək yanında gecə qalmaq şərti ilə, eyni zamanda bayram günlərinin müvafiq olaraq ardıcıl iki gün olan bayram günlərinin bir gününün 10:00-dan axşam saat 20:00-a kimi Ərizəçi övladları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olmağa, vaxt keçirməyə razılıq verir və buna etiraz etmir. ”. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-8010/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8010/2023
22.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver