Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-842/2025 10.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il təvəllüdlü Eyvazova Könül Qadir qızının Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1990-cı il təvəllüdlü Eyvazova Könül Qadir qızının xx.xx.2005-ci il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. Ərizə onunla əsaslandırılmışdır ki, X3 ilə xx.xx.1986-cı ildə nikaha daxil olmaqla ailə qurmuşdurlar. Birgə nikahdan 4 qızı və 1 oğlu dünyaya gəlmişdir. Qızlarından xx.xx.1990-cı il təvəllüdlü Eyvazova Könül Qadir qızı Sumqayıt şəhərində doğulmuşdur və doğum haqqında aktlar kitabında 3565 nömrə ilə qeydə alınaraq XV-321270 saylı xx.xx.1990-cı il tarixdə doğum haqqında şəhadətnamə verilmişdir. xx.xx.1990-cı il təvəllüdlü Eyvazova Könül Qadir qızı xərçəng xəstəliyi diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzdə uzun müddət müalicə aldıqdan sonra Sumqayıt şəhərində rəhmətə getmişdir. Sumqayıt 4 № li Ailə Sağlamlıq Mərkəzinin verdiyi 182 saylı, xx.xx.2024-cü il tarixli arayışdan da görünür ki, xx.xx.1990-cı ildə doğulan və xx.xx.2005-ci ildə vəfat edən Eyvazova Könül Qadir qızı Sumqayıt 4 nömrəli Ailə Sağlamlıq Mərkəzində qeydiyyatda olmamışdır. Masallı rayonu İcra Hakimiyyəti Başçısının Təzə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 836 saylı, 01 iyul 2024-cü il tarixli arayışından da məlum olur ki, xx.xx.2005-ci ildə Masallı rayonu, Təzə Alvadı kənd qəbirstanlığında dəfn olunmuşdur. Məzarın fotosu təqdim olunur. Maraqlı şəxsnə müraciət edərək qızının ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Onlar xx.xx.2024-cü il tarixli, 3-16-5/8-E-43xx/xx/2024 saylı məktub ilə qızının ölümü haqqında şəhadətnamə verilməsindən imtina etmişlər və bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Hal-hazırda qızının ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadələri:
6 Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur. Onlar 2004-cü ildə yaşadıqları ünvana köçmüşdürlər. 2005-ci ilin sentyabr ayında ərizəçinin qızı xəstələnmişdir. Onlar həmin vaxt qızı Masallı rayonuna aparmışdırlar. Bir müddət sonra öyrənmişdirlər ki, həmin qız sarılıq xəstəliyindən vəfat etmişdir.
7. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 ifadəsində bildirdi ki, ərizəçi ilə qonşu olmuşdur. 2005-ci ildə qızı xəstələnmişdir. Bildiyinə görə sarılıq xəstəliyinə tutulmuşdur. Xəstəliyi müddətində qızı rayona aparmışdırlar və həmin rayonda da vəfat etmişdir.
8. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 ifadəsində bildirdi ki, Ərizəçi həyat yoldaşıdır. Evdə heç kim olmadığı üçün qızı xəstələndiyi zaman onu Masallı rayonuna götürmüş və 22 sentyabr 2005-ci il tarixdə orada da vəfat etmişdir. Xəstəliyi sarılıq idi.
9. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 ifadəsində bildirdi ki, Ərizəçi qardaşıdır. Qardaşı qızı sarılıq xəstəliyindən əziyyət çəkmişdir. Həmin xəstəlikdən 22 sentyabr 2005-ci il tarixdə Masallı rayonunda vəfat etmişdir.
Tədqiq olunan sübutlar:
10. XV-ЖГ 321270 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Eyvazova Könül Qadir qızı xx.xx.1990-cu ildə anadan olmuşdur. X1, atası isə Ərizəçidur.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-E-43xx/xx/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194-cü maddəsinin tələbləri və ölümü təsdiq edən sənədin olmaması əsası ilə Maraqlı şəxs tərəfindən ərizənin təmin edilməsindən imtina edilmişdir.
12. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Sumqayıt Tibb Mərkəzi X12 4 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 182 nömrəli arayışdan görünür ki, xx.xx.1990-cı ildə doğulan və xx.xx.2005-ci ildə vəfat edən Eyvazova Könül Qadir qızı Sumqayıt şəhər 4 nömrəli Ailə Sağlamlıq Mərkəzində qeydiyyatda olmamışdır.
13. Azərbaycan Respublikası Masallı rayon icra hakimiyyəti başçısının Alvadı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 iyul 2024-cü il tarixli, 836 nömrəli arayışdan görünür ki, xx.xx.1990-cu il təvəllüdlü mərhum Eyvazova Könül Qadir qızı xx.xx.2005-ci il tarixdə Masallı rayonu, Təzə Alvadı kənd qəbirstanlığında dəfn edilmişdir.
14. İV-ЖГ 284322 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 arasında 06 sentyabr 1986-cı il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 35 nömrə ilə qeydiyyat aparılmışdır.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsinə görə məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
16. Azərbaycan Respublikası Ailə Məcəlləsi :
158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir. 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
18. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, ərizəçini dinləyərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməlidir.
19. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Ərizəçi mərhum Eyvazova Könül Qadir qızının atasıdır. Eyvazova Könül Qadir qızı 22 sentyabr 2005-ci il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində vəfat etmişdir. Ərizəçi tərəfindən tibbi şəhadətnamənin verilməsi məqsədilə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X11 Şəxsi 4 nömrəli Ailə Sağlamlıq Mərkəzinə müraciət edilmiş, lakin həmin Mərkəzin xx.xx.2024-cü il tarixli, 182 nömrəli arayışından görünür ki, xx.xx.1990-cı ildə doğulan və xx.xx.2005-ci ildə vəfat edən Eyvazova Könül Qadir qızı Sumqayıt şəhər 4 nömrəli Ailə Sağlamlıq Mərkəzində qeydiyyatda olmamışdır. Bundan sonra ərizəçi mərhum övladına ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, ölümü təsdiq edən sənədin olmaması səbəbindən şəhadətnamənin verilməsindən imtina edilmişdir.
20. Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən normalarının tələblərindən göründüyü kimi məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Şəxsin müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
21. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır: ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür.
22. Təqdim edilmiş ərizədə Eyvazova Könül Qadir qızının 22 sentyabr 2005-ci il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində vəfat etməsi faktının müəyyən edilməsi xahiş olunmuşdur. Qeyd olunan ərizədə göstərilən halların qanunvericiliklə nəzərdə tutulmuş qaydada araşdırılması zəruridir.
23. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”.
24. Həmin qərarın 9.2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır.
25. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, yuxarıda adları qeyd olunan qurumlar tərəfindən ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamənin və eyni zamanada ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır.
26. Məhkəmə araşdırması zamanı mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan şahidlər dinlənilmişdirlər.
27. Məhkəmə hesab edir ki, hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından, habelə Eyvazova Könül Qadir qızının 22 sentyabr 2005-ci il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində vəfat etməsi ərizəçinin izahatı və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır və təmin edilməlidir.
Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. Eyvazova Könül Qadir qızının 22 sentyabr 2005-ci il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva