Məhkəmə qərarları › İş №2(060)-8709/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8709/2021

09.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8709/2021 09.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə 09 dekabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X6 14.09.2021-ci il tarixdə ünvan 1 binada yerləşən 66 saylı ünvanda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 14.09.2021-ci il tarixdə saat 06:53-də yaşayan atası X9 dünyasını dəyişmişdir. Sumqayıt şəhər Təcili və X5 Stansiyasının baş həkim əvəzi M.Abdullayevin 14.09.2021-ci il tarixli 1961 saylı cavab məktubunda qeyd edilmişdir ki, 14.09.2021-ci il tarixdə saat 06:53-də ünvan 2 ünvanında yaşayan 1972-ci il təvəllüdlü X9 adına 199 nömrəli çağırış daxil olmuş, briqada verilən ünvana çatdıqda 1972-ci il təvəllüdlü X6 meyidi aşkar edilmişdir. Ailə üzvlərinin deməsinə görə mərhum uzun müddət alkoqol aludəçisi olmuş, son vaxtlar qaraciyər serrozu ilə əziyyət çəkmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. Bu barədə Sumqayıt şəhər Qeydiyyat şöbəsinə və Sumqayıt Şəhər 1 saylı Poliklinikaya müraciət etsə də, hər iki dövlət qurumu ona bildirmişdir ki, atasının şəxsiyyət vəsiqəsinin əslini gətirməlidir. Onda isə şəxsiyyət vəsiqəsinin kserosurəti vardır. Bu səbəbdən həmin orqanlar ona cavab verməkdən imtina etmişdirlər. Göstərilənlərə əsasən o, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini məzmununa uyun izahat verərək ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X4 bildirdi ki, ərizəçi onun qızıdır. X2 isə onun keçmiş həyat yoldaşı olmuşdur. Onlar ayrılsalar da, bir evdə yaşayırdılar. Bildirir ki, X9 14.09.2021-ci il tarixdə vəfat etmişdir. Şahid qismində dindirilən X3 bildirdi ki, X7 birbaşa tanımamışdır. O, mərhumu oğlu vasitəsi ilə tanımışdır. Belə ki, mərhumun oğlu, onunla namaz qılmaq üçün eyni məscidə gedir. 14.09.2021-ci ildə ona zəng olunmuş və Namiq Həmidovun öldüyü deyilmişdir. O, N.Həmidovun dəfn edilməsi üçün onun evinə getmişdir. Dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 22.09.2021-ci il tarixli, 05/Q-3457/15 saylı məktubundan görünür ki, Sumqayıt şəhər Qeydiyyat şöbəsi Ərizəçi X6 ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Təcili və X5 Stansiyası tərəfindən verilmiş 14.09.2021-cil tarixli, 1961 nömrəli arayışdan görünür ki, X9 14.09.2021-ci il tarixdə vəfat etmiş, müayinə zamanı meyit meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt İcra Hakimiyyəti Mənzil X1 Vətəndaşlara Xidmət İdarəsinin 29.09.2021-ci il tarixli, 31 nömrəli arayışından görünür ki, X9 14.09.2021-ci il tarixdə vəfat etmiş və Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuşdur. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin atası X9 14.09.2021ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Bu fakt Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil X1 Vətəndaşlara Xidmət İdarəsinin 29.09.2021-ci il tarixli, 31 nömrəli arayışı, şahid ifadələri, qəbirüstü abidənin foto şəkli və digər iş materialları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X6 14.09.2021-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X6 14.09.2021-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar