Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-887/2020 13.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı mənzil hüquqlarının müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh Müstəcab oğlu ilə birgə nikah dövründə əldə etdiyi (tikdirdiyi) Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi üzərində, həmin yaşayış evinin birgə nikah dövründə əldə edilmiş olması nəzərə alınaraq onun və cavabdehin bərabər istifadə imkanlarının müəyyən edilməsi və onun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən ki mərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mübahisə predmeti olan yaşayış evinin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 2 mərtəbəli, 257 nömrəli fərdi yaşayış evi kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, İddiaçı1 Cavabdeh ilə 2003-cü ildə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. xx.xx.2005-ci ildə isə aralarındakı faktiki nikah münasibətini rəsmiləşdirmişlər. Birgə nikahdan uşaqları olmamışdır. Onlar ailə qurduqdan sonra qayınanasına məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 4, mənzil 4-ə gəlin köçmüş və özünə məxsus cehiz əmlakını da həmin ünvanda yerləşdirmişdir. İddiaçının cavabdehlə son dövrlərə kimi ailə münasibətləri çox yaxşı olmuşdur. Onlar birgə nikahda olduğu dövrdə, yəni 2010-cu ildə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən torpaq sahəsi əldə etmişdir. Həmin torpaq sahəsi üzərində təxminən 2011-ci ildə iki mərtəbəli fərdi yaşayış evi tikdirmiş və həmin evdə yaşamağa başlamışdır. Eyni zamanda iddiaçı özünə məxsus olan cehiz əmlakı da qeyd olunan fərdi yaşayış evində yerləşdirmişdir. Lakin 2019-cu ilin iyul ayında cavabdeh iddiaçı birgə nikahda olduğu dövrdə ümumi vəsaiti hesabına tikdirdiyi evdən qanunsuz olaraq qovmuşdur. Bu günə kimi də cavabdeh iddiaçının həmin evdə yaşamağına imkan vermir. İddiaçının cavabdehlə mübahisəli evə olan hüquqları eyni dərəcədə olduğundan cavabdehin iddiaçını yaşadığı evdən çıxartmağa haqqı yoxdur. Bundan başqa tərəflərin birgə nikah dövründə əldə etdiyi (tikdirdiyi) Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı cavabdeh ilə birgə nikah dövründə əldə etdiyi (tikdirdiyi) Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 257 nömrəli fərdi yaşayış evi üzərində, həmin yaşayış evinin birgə nikah dövründə əldə etmələri nəzərə alınaraq iddiaçı və cavabdehin bərabər istifadə imkan müəyyən edilməli və iddiaçı həmin fərdi yaşayış evinə köçürülməlidir. Ona görə də vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin xx xxxx 2020-ci il tarixli iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili İddiaçı2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Mübahisəli mənzilin heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Torpaq sahəsi baba torpağı olmuşdur. Həmin torpaq sahəsinə dair heç Bələdiyyənin də qərarı yoxdur. İddiaçı həmin ünvanda 2013-cü ildən 2019-cu ilə kimi yaşamışdır. Bu səbəbdən vəkil iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan xx.xx.2019-cu il tarixli xx/xx-2610/69 saylı arayışdan görünür ki, Cavabdeh ilə X8 xx xxxxxx 2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və bu nikah 978 saylı akt qeydilə rəsmiləşdirilmiş, arvada İlyasova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər X5 tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 144 saylı məktubda qeyd edilmişdir ki, Hazı Zeynalabdin qəsəbəsi, Xətai küçəsi ərazisində yerləşən sənədsiz tikilmiş fərdi yaşayış evində Cavabdeh həyat yoldaşı ilə birlikdə qeydiyyatsız yaşayır və sənədsiz istifadəsində olan 200 m2 torpaq sahəsi (bostançılıq) üzərində heç bir hüquq müəyyənedici sənədə malik deyil. Hal-hazırda Cavabdeh qanunsuz istifadəsində olan 200 m2 torpaq sahəsi X2 2010-cu ildə sənədsiz torpaq vergi ödəyicisi kimi qeydiyyata götürülmüşdür. “xxxxxxx” ASC tərəfindən İddiaçı1 verilmiş xx.xx.2020-ci il tarixli arayıda qeyd edilmişdir ki, “xxxxxxx” ASC-nin Sumqayıt filialı ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 2100 manat məbləğində kredit götürülmüşdür. Götürülmüş kredit öhdəliyi xx.xx.2015-ci il tarixdə tam olaraq bağlanmışdır. Hal-hazırda İddiaçı1 banka kredit borcu yoxdur. İşdə olan “xxxxxxxx” ASC tərəfindən verilmiş Abunə haqqında məlumatdan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 257 nömrəli fərdi yaşayış evində elektrik enerjisindən istifadə edən istehlakçı kimi Cavabdeh qeydə alınmışdır. İş materiallarında olan “xxxxxxxxx” MMC-nin X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli MXS-6/1419 saylı məktubda qeyd edilmişdir ki, ********** nömrəli telefon İddiaçı1 adınadır. Qeyd olunan telefon xx.xx.2016-cı ildə çəkilmişdir. Bu günə qədər 158,20 aylıq abunə və 520 manat internet xidmət haqqı ödənişi edilmişdir. İşdə olan Sumqayıt şəhər X5 tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2020ci il tarixli 139 saylı məktubda qeyd edilmişdir ki, Hazı Zeynalabdin qəsəbəsi, Xətai küçəsində (V məhəllə) ərazisində yerləşən 257 saylı evin yerləşdiyi torpaq sahəsi sənədsizdir, sahəsi təqribən 200 m2-dən artıqdır. X3 mülkiyyətinə aiddir. Həmin torpaq sahəsini Cavabdeh öz əmisi X4 almışdır. Cavabdeh 2011-ci ildən X2 sənədsiz torpaq vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. 2011-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. 2013-cü ildə Cavabdeh həyat yoldaşı İddiaçı1 ilə birgə həmin yaşayış evində yaşamışlar. Məhkəmənin sorğusu əsasında AR ƏMDK yanında DƏDRX-nin 2 saylı X7 məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli **********06 saylı məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən 257 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı1 2005-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, həmin tarixdə qayınanasına məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 4, mənzil 4-ə gəlin köçmüş və özünə məxsus cehiz əmlakını da həmin ünvanda yerləşdirmişdir. Bundan sonra 2013-cü ildə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 257 nömrəli fərdi yaşayış evinə köçmüş və cavabdehlə 2019-cu ilə kimi həmin evdə yaşamışdır. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 257 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsi mülkiyyətdə deyil, yəni özəl mənzil fondu, dövlət mənzil fondu və ya bələdiyyə mənzil fonduna aid olmayan yaşayış sahəsidir. Mübahisəli fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını hər iki tərəf məhkəmə iclasında etiraf etmiş və mübahisələndirməmişdir. Bu səbəbdən qanunun analogiyasından istifadə edilməlidir. Analogiyadan istifadəni nəzərdə tutan «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsində deyilir ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Qanunun analogiyası dedikdə - konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi başa düşülür (Qanunun 1.0.10-cu maddəsi). Bu baxımdan məhkəmə hesab edir ki, hazırki münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsi tətbiq edilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birlikdə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddirlər. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində deyilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evi cavabdeh ilə yanaşı iddiaçı tərəfindən də yaşayış sahəsi kimi istifadə olunmuşdur. Cavabdeh tərəfindən mübahisəli fərdi yaşayış evi hazırda da yaşayış sahəsi kimi istifadə olunur. Mübahisəli evin hüquqi statusu müəyyən edilmədiyinə görə iddiaçı və cavabdeh həmin evdən mənzil kimi istifadə etməkdə bərabər hüquqi əsaslara malikdirlər. Bu səbəbdən iddia iddiaçı və cavabdehin evdən bərabər istifadə imkanlarının müəyyən edilməsi və iddiaçının Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 257 nömrəli fərdi yaşayış evinə köçürülməsi hissəsində təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin “xahiş edirəm” hissəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 257 nömrəli fərdi yaşayış evinin iddiaçı ilə Cavabdeh Müstəcab oğlunun birgə nikah dövründə əldə edildiyi (tikildiyi) nəzərə alınaraq iddiaçının həmin evə köçürülməsi xahiş edilsə də, hazırki iş üzrə iddia tələbi mənzilə köçürülmə barədə olduğundan və mənzilin birgə nikah dövründə əldə edilibedilməməsi iş üzrə məhkəmə araşdırmasının predmeti olmadığından məhkəmə hesab edir ki, iddia qismən, yalnız evdən bərabər istifadə imkanlarının müəyyən edilməsi və köçürülmə hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 257 saylı evdən İddiaçı1 ilə Cavabdeh bərabər istifadə imkanları müəyyən edilsin və iddiaçı İlyasova X6 şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 257 nömrəli fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-887/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-887/2020
13.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver