Məhkəmə qərarları › İş №2(102)-1935/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1935/2024

24.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1935/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxslər X3, X2, X6 və X7) qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2000/2023 nömrəli 27 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmə nin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı övladı X3 ilə Cavabdeh1 xx.xx.2004-cü il tarixdə nikah bağlamışlar, həmin nikahdan xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2010-cu il təvəllüdlü X6 və X7 doğulmuşdur, xx.xx.2012-ci il tarixdə nikahlarına xitam verilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, № ******* saylı “Çıxarış”a əsasən Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 40, mənzil 5 paylı mülkiyyət olmaqla, 1/3 hissədə İddiaçı, 1/3 hissədə X3 və 1/3 hissədə X1 ad ına qeydə alınmışdır.

4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”a əsasən, ünvan 1lkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ilkin iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 və 3 övladı Cavabdeh2, X4 və X5 Sumqayıt şəhəri, 17-ci mkr, ev 40, mənzil 5-ə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh 2011-ci ildən iddiaçının evində qeydiyyatdadır. 3 övladı Cavabdeh2, X6 və X6 da bu evdə qeydiyyatdadır. Lakin cavabdeh 2012-ci il tarixdə nikahın pozulması üçün müraciət etdiyi tarixdən evdən çıxıb getmişdir. Bundan başqa "xxxx" ASC-dən abonentin saldolarına da nəzərə salınsa görünər ki, qeyd etdiyi vaxtlardan özlərinə məxsus olan evlərdə yaşayır və hər ay da vaxtlı vaxtında aylıq ödənişlərini edir. Buradan da açıq-aşkar aydın olur ki, cavabdeh və uşaqları faktiki olaraq həmin evdə yaşamırlar, daimi yaşayış yerini uzun müddətdir ki dəyişiblər və onların qeydiyyatları halhazırda formal xarakter daşıyır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh həm iddiaçının ailə üzvü deyildir, həmdə ki, onlarla birlikdə yaşamırlar. Nikah pozulduğu üçün cavabdeh iddiaçı ilə birlikdə yaşamır və uzun illər öncə evini daimi olaraq tərk etmişdir.

7. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları ilə birlikdə Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 40, ünvnaında 5 saylı mənzilə köçürülmələrinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, göstərilən mənzil xx.xx.2014-cü il tarixdə məcburi köçkün olan atası X9 tərəfindən öz adına alınmışdır. Həmin mənzilin alınmasında bir neçə il keçəndən sonra isə yəni, mənzilin atasının adına olması aşkar olunduqdan sonra valideynləri çörək pulundan məhrum oldular. Onların qaçqınlıq statusu ilə alacaqları müavinətlər dayandırılmağa başladı. Ona görə də atası formal olaraq öz adında olan mənzili onun mülkiyyətinə keçirtdi ki, qaçqın müavinətləri kəsilməsin. Bu fakt ı keçmiş qayınanası da bildiyi üçün ona qarşı belə bir iddia qaldırmamışdır. İkinci məqam ondan ibarətdir ki, o, ailə qurub mənzilə köçərkən mənzil Dövlət Mənzil Fonduna aid idi. Yəni həmin mənzilə istifadə hüququ övladları ilə birlikdə yaranmışdır. Əlavə olaraq, onun nikahı pozulanda uşaqlarından böyük olanının 6 yaşı, kiçiklər isə 1 yaş yarımlıq olublar. Ona görə də keçmiş həyat yoldaşı ilə bir yerdə yaşamaq onun üçün qorxulu idi. İndi isə uşaqları da böyüyüb, özünü əvvəlkindən güvənli hesab edir, ona görə də istifadə hüquqları olduğu və qeydiyyatda olduqları mənzilə uşaqları ilə birlikdə köçməklərinə israrlıdır. Daha bir məqam ondan ibarətdir ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona və azyaşlı uşaqlarına qarşı belə bir iddia qaldırmaq barədə subyektiv hüqu qu mövcud deyil. Belə ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 40, 5 saylı mənzil paylı mülkiyyət hüququ ilə yalnız 1/3 hissədə İddiaçı məxsusdur. Həmin mənzildə 1/3 hissə onun keçmiş həyat yoldaşına məxsusdur ki, onun uşaqları həm də onun uşaqlarıdır. Qeyd etdiyi kimi mənzildə onun və uşaqlarının istifadə hüquqları mövcuddur. Elə iddia ərizəsindən də göründüyü kimi ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh də istifadə hüququnun mövcudluğunu təsdiq edir. Belə olan halda istifadə hüququnun itirilməsi üçün cavabdeh ona müvafiq kompensasiya təklif etməlidir.

9. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3909/2023 nömrəli qətnaməsi ilə (hakim GülnarəTağızadə) ilkin iddianın təmin edilməsi, Cavabdeh1 və 3 övladı Cavabdeh2, X7 və X5 Sumqayıt şəhəri, 17-ci mkr, ev 40, mənzil 5-ə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçı Cavabdeh1 özünə aid edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 1lkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydə alınmışdır.

11. Məhkəmə ilk iddia üzrə cavabdehin mülkiyyətində mənzil olmasını, məhkəmə qətnaməsi ilə uşaqların onun yanında saxlanilmasın ı nəzərə alaraq hesab etmişdir ki, ilkin iddia təmin edilməklə Cavabdeh1 və 3 övladı Cavabdeh2, X4 və X5 Sumqayıt şəhəri, 17ci mkr, ev 40, mənzil 5-ə istifadə hüququnun itirilmiş hesab edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13, 29, 43, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5 (bundan sonra – Mülki Məcəllə), Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 146.1, 152.1, 157.4, 213.1, 213.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM n 14.2, 77.1, 107, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnaməni qanunsuz və əsassız hesab edir. Mənzil 19.4.2014-cü il tarixdə məcburi köçkün olan atası X9 tərəfindən öz adına alınmışdır. Həmin mənzilin alınmasında bir neçə il keçəndən sonra isə yəni, mənzilin atasının adına olma sı aşkar olunduqdan sonra valideynləri çörək pulundan məhrum oldular. Onların qaçqınlıq statusu ilə alacaqları müavinətlər dayandırılmağa başladı. Ona görə də atası formal olaraq öz adında olan mənzili onun mülkiyyətinə keçirtdi ki, qaçqın müavinətləri kəsilməsin. Bu faktı keçmiş qaynanası da bildiyi üçün ona qarşı belə bir iddia qaldırmamışdır. İkinci məqam ondan ibarətdir ki, o ailə qurub mənzilə köçərkən mənzil Dövlət Mənzil Fonduna aid idi. Yəni həmin mənzilə istifadə hüququ övladları ilə birlikdə yaranmışdır. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırır ki, nikah pozulanda uşaqlarından böyük olanının 6 yaşı, kiçiklər isə 1 yaş yarımlıq olublar. Ona görə də keçmiş həyat yoldaşı ilə bir yerdə yaşamaq onun üçün qorxulu idi. İndi isə uşaqları da böyüyüb, özünü əvvəlkindən güvənli hesab edi r, ona görə də istifadə hüququnun olduğu və qeydiyyatda olduğu mənzilə uşaqları ilə birlikdə köçməsində israrlıdır. Daha bir məqam ondan ibarətdir ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona və azyaşlı uşaqlarına qarşı belə bir iddia qaldırmaq barədə subyektiv hüququ mövcud deyil. Belə ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 40, 5 saylı mənzil paylı mülkiyyət hüququ ilə yalnız 1/3 hissədə İddiaçı məxsusdur. Həmin mənzildə 1/3 hissə keçmiş həyat yoldaşına məxsusdur ki, uşaqlar həm də onun uşaqlarıdır. Sumqayıt şəhər Məhkəməsi işə baxarkən bütün bu hallar açıq-aşkar öz təsdiqini tapsa da, məhkəmə absurd və əsassız qərar qəbul etməklə onun və uşaqlarının hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki yuxarıda qeyd etdiyi kimi mənzilin yalnız 1/3 hissəsi mülkiyyətçiyə məxsusdur. Mənzilin digər mülkiyyətçilərinin onlara qarşı iddiası yoxdur. Ən azından uşaqlarının atalarının 1/3 hissəsinə istifadə hüquqlarının itirilməsi mümkün deyil. Məhkəmə qətnaməsində onun mülkiyyətində mənzilin olması göstərmişdir ki, o məhkəmədə sübut etmişdir ki həmin mənzil onun deyil, valideyninin mənzilidir. Hətta məhkəmə ona qərəzini o qədər aydın nümayiş etdirmişdir ki, onun mülkiyyətində torpaq sahəsinin olmasını da xüsusi qabardıb. Hansı ki torpaq sahəsi yaşayış fonduna aid məsələ deyil. Bir sözlə qətnamə tam qanunsuz və əsassızıdır, məhkəmə həm maddi normaları, həm də prosessual normaları kobud şəkildə pozmuşdur.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2000/2023 nömrəli mülki iş üzrə 27 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhim li - sədrlik edən və məruzəçi, İlqar Dəmirov və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi ilkin iddia üzrə iddiaçının iddianın qaldırmasına subyektiv hüququnun olmamasına dair apellyasiya şikayətinin dəlili ilə bağlı Mülki Məcəllənin 213.6-cı maddəsinə əsasən qeyd etmişdir ki, ilkin iddiaçı tərəf İddiaçı qeyd olunan mənzilə mülkiyyət hüququna malik olmaqla hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razıl aşmır.

17. Digər tərəfdən, apellyasıya icraatı zamanı digər paylı mülkiyyətçilər X3 və X2 üçüncü şəxsər qismində işə cəlb olunmuş, onlar iclasda birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanmasını xahış etməklə, faktiki olaraq ilk iddianın təmin olunması ilə razılaşmışlar.

18. Apellyasiya icraatı zamanı uşaqlardan biri Cavabdeh2 yetkinlik yaşına çatdığından, ilkin iddia tələbi həmçinin ona yönəldiyindən, Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə rəhbər tutaraq, kollegiya hər iki tərəfin yazılı müraciəti əsasında onu işə ilkin iddia üzrə cavabdeh qismində cəlb etmişdir.

19. İlk iddia üzrə Cavabdeh1 qayınanası İddiaçı münasibətdə ailə üzvü olmasa da, digər paylı mülkiyyətçi Elşən Hümbətova münasibətdə həmin mənzilə (1/3 hissəsinə) istifadə hüququnun yaranması üçün ailə üz vü olmuşdur. Eyni zamanda uşaqların da öz atalarına münasibətdə ailə üzvləri olduğundan, mübahisəli mənzilə istifadə hüquqları yaranmışdır.

20. Kollegiya hesab etmişdir ki, tərəflər arasında hüquq münasibətləri 2010-cu il tarixdən əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 2009-cu ilin oktyabr ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 30.4-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.

21. Digər tərəfdən Gülnurə ilə Elşən Hümbətov arasında nikah pozulduqdan sonra uşaqlar anasının yanında qaldığından və mənzilə istifadə hüququnu əldə etmiş ana uşaqları ilə birlikdə mübahisəli mənzili 2012-ci ildə könüllü tərk edərək bugünədək davamlı surətdə başqa yerdə yaşadıqlarından, uzun müddət mübahisəli mənzildən istifadə etmədiklərindən, həmçinin Cavabdeh1 adına ünvan 1lkiyyətində olduğundan, bununla da cavabdehlərin və yetkinlik yaşına çatmayan uşaqlarının mübahisəli mənzildə yaşamalarına zərurət aradan qalxdığından, onların istifadə hüquqları kompensasiya ödənilmədən itrilmiş hesab olunmalıdır.

22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin və qarşılıqlı iddia tələblərinə hüquqi qiymət verib, ilkin iddianı təmin etməklə, mənzilə köçürülmə barədə qarşılıqlı iddianı rədd etməklə, işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə y eni qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, nənələrinin istifadə hüququndan məhrum etdiyi uşaqların həmin mənzildə istifadə hüquqları var, mənzilin də mülkiyyətçisi onların atasıdır. O isə uşaqlarına qarşı bir iddia ilə məhkəməyə müraciət etməmişdir. İddiaçının istifadə hüququna xitam verməsi barədə belə bir səlahiyyəti yoxdur. Mənzil paylı mülkiyyət hüququ ilə təkcə iddiaçıya yox, həm də uşaqlarının atasına məxsusdur. Apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv və qərəzsiz yanaşmamış, əksinə qərəz nümayiş etdirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İlkin iddia üzrə iddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsini və apellasiya i nstansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi:

26. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

27. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

28. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

29. Maddə

87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdi yi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

31. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

32. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanla r mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

33. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

34. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə ü zvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sü butlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya sı məhkəməsinin mövqeyi

43. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərini əsaslı saymır, ona görə ki, əvvəla, ilkin iddiaçı mənzilin ümumi paylı mülkiyyətçisidir və bu səbəbdən onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır.

44. Bundan əlavə, qeyd olunmalıdır ki, yaşayış sahəsindən istifadə etmək hüququ yaranmış olsa belə, həmin hüququn sonradan qanuni əsaslarla aradan qalxması istisna deyil.

45. Bu qayda 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri əsasında yaranmış istifadə hüququna da şamil edilirdi. Həmin Məcəllənin 60 və 87-ci maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

46. Hətta şəxsi servitut sayılan mənzildən istifadə hüququ Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçin in tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.

48. Hazırkı iş üzrə mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq müəyyən etmişlər ki, Cavabdeh1 2004-cü ildə nikaha girdiyi Elşən Hümbətovla birlikdə mübahisə predmeti olan mənzildə yaşamaqla oradan istifadə h üququ qazansa da, 2012-ci ildə onların nikahı pozulmuş və Cavabdeh1 himayəsində saxlanılmış uşaqları ilə birlikdə başqa yerə köçərək on ildən artıq müddətdə daimi olaraq digər ünvanda yaşamışdır. Bundan əlavə, ünvan 1lkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydə alınmışdır.

49. Eyni zamanda iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2023-cü ilədək Cavabdeh1 mübahisəli mənzilə köçürülməsi barədə iddia qaldırması aşkar edilməmişdir.

50. Belə olan halda, Cavabdeh1 və övladlarının, o cümlədən Cavabdeh2 mübahisəli mənzildən istifadə hüquqlarının aradan qalxmış sayılması barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır.

51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki s übutlar araşdırılmış, onlara və cavabdehlərin dəlillərinə hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.

52. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradılmaqla və onların dəlillərinə hüquqi qiymət verilməklə iş üzrə düzgün nəticəyə gəlinmişdir, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2000/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar