Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-580/2024 24.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə ilk, Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququnun itirilmiş hesab olunması, mənzilə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X18 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 tərcüməçi X6 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6296/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3-48-DA-10F/2- 211/2-2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Sumqayıt şəhər xalq deputatları Soveti İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 18 fevral 1983-cü il tarixli 21/51 saylı qərardan görünür ki, yaşayış sahəsi 29,07 kv.m olan 2 otaqlı 34-cü məhəllə ev 48/2 38 №-li mənzil əsas kirayəçisi X3 qeydiyyatdan çıxması və nikahlarının pozulması ilə əlaqədar mənzilin kirayə müqaviləsi Cavabdeh1 adına dəyişdirilmiş, Cavabdeh1 3 nəfərdən ibarət ailə tərkibinə - Cavabdeh1, X10 və Biryuk (Səlimova) Yelena Nikolayevnaya təqdim edilmişdir.
2. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti üzrə 1 saylı Məhəllə Komitəsi tərəfinən xx.xx.2023-cü il tarixdə verilmiş, 1058 saylı arayışdan görünür ki, Cavabdeh2 “Xəzər Bağçılıq Cəmiyyəti”nin ərazisində yuxarı küçədə sahəsi 100 kvadrat metr olan 237/10 saylı bağ evində anası Cavabdeh1 ilə onun istifadəsində olan evdə qeydiyyatsız yaşayırlar.
3. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 18 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023-cü il tarixli, 463 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında Cavabdeh1, Cavabdeh2, Səlimova Aylin Sabir qızı ilə birlikdə qeydiyyatdadırlar.
4. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 18 saylı Mənzil-Kommunal sahəsi sahə ustası və qonşular (X14, X11, X7) tərəfindən tərtib edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 18 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, həqiqətən 34-cü məhəllə, ev 2/48, mənzil 38-də yaşayan X8 MSK-yə yazdığı ərizə əsasında yaşadığı mənzildə olmuşlar, yoxlama zamanı aşkar edilmişdir ki, həqiqətən 34-cü məhəllə, ev 2/48, mənzil 38-də pasport qeydiyyatında olan Cavabdeh1 və Cavabdeh2 pasport qeydiyyatında olmağına baxmayaraq, 1998-ci ildən həmin mənzildə yaşamırlar. Yaşadıqları ünvan məlum deyil. Akt qonşuların iştirakı ilə tərtib edildi. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Zona TSEK tərəfindən verilmiş TSE-0 seriyalı, AR № 802008 saylı arayışdan görünür ki, Cavabdeh2 uşaqlıqdan müddətsiz olaraq 1-ci qrup əlildir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4, mənzil 38, 2 otaqlı, yaşayış sahəsi 29,07 kv.m-dən ibarətdir. Bu mənzil əvvəllər X3 adına olmuşdur. xx.xx.1983-cü il tarixli Sumqayıt şəhər X12 İK-nin iclasının 4 saylı protokoluna əsasən ünvan 4, mənzil 38in əsas kirayəçisi X3 qeydiyyatdan çıxması və nikahlarını pozması ilə əlaqədar iddiaçı da ailə üzvləri sırasına daxil olmaqla kirayə müqaviləsi anası Cavabdeh1 adına dəyişdirilmişdir. Cavabdehlər Cavabdeh1 onun anası, Cavabdeh2 isə qardaşıdır. Cavabdehlər 1998-ci ildən Sumqayıt şəhəri, Nizami küçəsi, 34-cü məhllə, ev 48/2, mən 38-dən könüllü çıxmaqla özlərinə başqa yaşayış sahəsi seçmiş bütün şəxsi əmlaklarını da özləri ilə aparmışlar. Artıq bu illər ərzində bir dəfə də olsun ünvan 4, mənzil 38-ə gəlməmişlər. Hazırda iddiaçı bu mənzildə əsas kirayəçi kimi yaşayır. Son illər iddiaçıya məlum olmuşdur ki, cavabdehlər Sumqayıt şəhəri, “Xəzər” Bağçılıq Cəmiyyətinin ərazisində 237 saylı bağ evi alaraq həmin evdə daimi yaşayırlar. Sumqayıt şəhəri, “Xəzər” Bağçılıq Cəmiyyətinin 1 saylı məhəllə Komitəsinin verdiyi arayış da bu faktı təsdiq edir. Artıq 25-ildir ki, bu mənzildə iddiaçı və qızı yaşayır. Göründüyü kimi, cavabdehlər könüllü olaraq bu mənzili tərk etmiş və şəxsi əmlaklarını da özləri ilə aparmışlar. Bu onu təsdiq edir ki, onlar daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşlər. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 4, mənzil 38-də istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
8. Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 qızıdır. Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 48/2 ünvanında yerləşən, 2 otaqlı yaşayış sahəsi 29.07 kv.m-dən ibarət olan 38 saylı mənzilin əsas kirayəçisi həyat yoldaşı X3 adına olmuşdur. xx.xx.1983-cü il tarixli Sumqayıt şəhər X12 İK-nin iclasının 4 saylı protokoluna əsasən sözügedən mənzilin əsas kirayəçisi X4 qeydiyyatdan çıxması və nikahlarının pozulması ilə əlaqədar mənzilin kirayə müqaviləsi Cavabdeh1 adına dəyişdirilmişdir. Mənzilin kirayə müqaviləsi Cavabdeh1 adına dəyişdirilərkən X1 qızı X13 dünyaya gəlmiş və xəstə doğulmuşdur. Oğlu İ qrup müddətsiz xəstədir. O, böyüdükcə Yelena onunla bir evdə yaşaya bilmədi və onların arasında mütəmadi olaraq söz- söhbət baş verdiyi üçün o da oğlunu müdafiə etmək məcburiyyətində qaldı. İş elə gətirdi ki, digər qızı X13 özlərinə məxsus heç bir kommunal şəraiti olmayan Xəzər bağçılıq cəmiyyətində onlara yer verdilər ki, o, xəstə oğlunu orada saxlasın. Cavabdeh1 bütün ömrünü oğluna həsr etmişdir. Ona görə də Yelenanı narahat etməmişdir. Hər dəfə mənzilə hər hansı bir iş üçün gəldikdə Yelena hay-küy salıb, qardaşı ilə yola getmədiklərini əsas gətirərək, onların mənzildə yaşamağına imkan verməyib. Cavabdeh1 artıq ahıl yaşındadır. Ondan sonra oğluna inanmır kimsə baxsın. Digər bacısı oğlunun ürəyi arxayın olsun deyə Bağçılıq kitabçasını onun adına keçirib. Yelena Nikolayevna başa düşmür ki, bağçılıq kitabçası daimi yaşayış yeri əldə etmək üçün verilmir. Həmçinin bağçılıq kitabçası daim yaşayış yeri anlamına gəlmir. Ən azından başa düşməli idi ki, onun oğlu anadangəlmə xəstədirsə, o, bağçılıq kitabçasını necə əldə edə bilər? Kirayəçi olduğu halda bu gün oğlunun yanında ona görə yaşayır ki, ona baxsın, Yelena Nikolayevnanı da narahat etməsin. Lakin verilmiş iddiadan görünür ki, Yelena Nikolayevna bütün mənəvi dəyərləri aşıb. Ona göstərdikləri iltifatdan sui-istifadə edir. Onun ümumiyyətlə onlara qarşı belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. Onlar mənzildən müvəqqəti çıxsalar da, başqa yaşayış sahəsi əldə etməmişlər. Mənzilin icarədarı kimi bu gün də evin kommunal xərclərini ödəyir. Gözlənti hüququ ilə bu mənzil Cavabdeh1 mülkiyyəti sayılır. Yuxarıda qeyd etdiyi kimi o, başqa bir yaşayış sahəsi əldə etməmişdir. Yalnız qızı ilə oğlu arasındakı mübahisənin qurbanına çevrilmişdir. Göstərilənlərə əsasən ünvan 2 ünvanında yerləşən 38 saylı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək, bildirmişdir ki, Cavabdeh1 onun anası, Cavabdeh2 isə qardaşıdır. Bacısı İddiaçı qardaşları Cavabdeh2 ilə daima mübahisə etmiş, onun sözügedən ünvanda yaşamasına imkan verməmişdir. Anaları Qalina qardaşlarına qulluq etdiyi üçün onlar birlikdə yaşamalıdırlar. Bu səbəbdən o, özünə məxsus mənzili müvəqqəti onların istifadəsinə vermişdir. Anası hər dəfə sözügedən mübahisəli evə gedəndə söz-söhbət başlayır. Bunu qonşular da təsdiq edə bilər. Bir sözlə, İddiaçı anasının və qardaşının mübahisəli mənzildə yaşamaqlarına imkan vermir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək, bildirmişdir ki, o, Yelena ilə qonşudur. 1992-ci il tarixdə həmin binaya gəlin gəldiyi zaman, evdə anası, qardaşı və özü olmuşdur. Daha sonra Qalina xanım evdən oğlu ilə bərabər getmişdir. Hazırda eşitdiyinə görə digər qızı ilə qalır. Gedərkən əşya apardığını görməmişdir. Tərəflər bərabər qaldıqları müddətdə münasibətləri normal olmuşdur.
12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6296/2023 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair ilkin iddia tələbinin rədd edilməsi, məhkəmə xərcləri ilkin iddia üzrə İddiaçı aid edilməsi, qarşılıqlı iddia tələbi təmin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 2/48, mənzil 38-ə köçürülmələri qət edilmişdir (hakim Şəbnəm Həxiyeva).
13. Birinci instansiya məhkəməsi öz mövqeyini 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsinin 53, 60, 87, 123-ci maddələri, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 81, 89.3, 76.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verib, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6296/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:
15. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını sadalamaqla kifayətlənmişdir. Cavabdehlərin hazırda Sumqayıt şəhəri, “Xəzər” Bağçılıq Cəmiyyətinin ərazisində 237 saylı bağ evində yaşaması mülki işin mübahisəsiz halıdır. Daimi yaşayış yerinin olması faktı: 1.Qonşuların Aktı; 2.cavabdehlərin məhkəmədə həmin bağ evinə dair bağçılıq kitabçasını nümayiş etdirməsi; 3. şəxsi əmlaklarını bu mübahisəli mənzildən çıxartmasını etiraf etməsi; 4. 25-il ərzində (1998-ci il tarixdən götürsək) hüquqlarının pozulması barədə hər hansı məhkəmə və hüquq mühafizə orqanına müraciət etməməsi;
5. Cavabdeh1 1982-ci tarixdə Sermatkev soyadlı şəxslə faktiki nikaha girmiş və mübahisəli mənzili daimi tərk etməsi təsdiq etmişdir. Hansı ki, məhkəmə gedişində məlum oldu ki, cavabdehlər 1998-ci ildən yox, 1991-ci ildən mübahisəli mənzili tərk etmişlər. Bu halda onlar mübahisəli mənzili 25 il yox, 32 il ərizində tərk etmişlər. Bu nikahdan da digər Cavabdeh2 1984-cü il tarixdə Sumqayıt şəhəri 14-cü məhəllə ərazisindəki Cavabdeh1 bu faktiki nikahdan olan ərinin mənzilində dünyaya gəlmişdir. Sonradan bu faktiki nikah alınmadığına görə Cavabdeh2 atasının ölməsi ilə əlaqədar Cavabdeh1 digər cavabdehlə 1991-ci il tarixdən həmin mənzili müəmmalı tərk etmişlər. 1991-ci il tarixdən də ana bir ata ayrı bacım məhkəmə iclasında mənim əksimə şahid qismində dindirilmiş X5 ailəsi ilə tutduğu kirayə mənzilllərdə onun ailəsi i birgə yaşamışlar. Hansı ki, məhkəmə gedişində məlum oldu ki, cavabdehlər 1998-ci ildən yox, 1991-ci ildən mübahisəli mənzili Sumqayıt şəhəri, Nizami küçəsi, 34-cü məhllə, ev 48/2, mən 38-dən başqa yaşayış sahəsinə daimi yaşamaq üçün çıxmışlar. Hazırda isə cavabdehlərin Sumqayıt şəhəri, “Xəzər” Bağçılıq Cəmiyyətinin ərazisində 237 saylı bağ evinə Cavabdeh2 adına bağçılıq kitabçası belə verilmişdir. Həmin bağçılıq kitabçası məhkəmədə təqdim edilsə də məhkəmə bu kitabçanı araşdırmamışdır. Ana bir ata ayrı bacısı məhkəmə iclasında onun əksinə şahid qismində dindirilmiş X5 deməsinə görə guya həmin kitabça onda saxlanılır lakin, o yalan demişdir. Bu şahid hazırlıq iclaslarında məhkəmə zalında oturmuş və sonra isə məhkəmə baxışı iclasında cavabdehlərin xeyrinə ifadə vermiş və demişdir ki, bu bağa sahəsini guya o almış və cavabdehlərdən qardaşı (ana bir ata ayrı ) olan Cavabdeh2 adına qeydiyyata aldırmışdır. Düzdür bu sonuncu hal məhkəmədə tam araşdırılmamışdır. Cavabdehlərin evlərinin və ünvanlarının olduğunu, 25 il ərzində (1991-ci il tarixindən isə 32 il ərzində) başqa ünvanda fasiləsiz yaşamalarını məhkəmə hüquqi qiymətləndirməmişdir. İlk iddiaçı isə 25 il müddətində fasiləsiz (1991-ci il tarixindən isə 32 il ərzində) başqa olaraq bu ünvanda yaşamış, bütün kommunal ödənişləri etmiş və mənzilin saxlanması, cari təmiri və əsaslı təmir işlərini apararaq, kirayə müqaviləsindən irəli gələn hüquq və vəzifələrimi yerinə yetirmişdir. Bu hallar göstərir ki, məhkəmə cavabdehlərin 25 il ərzində Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 2/48, mənzil 38-də fasiləsiz olaraq yaşamamasını, bu mənzili müvəqqəti tərk etmədiklərini sübut olunmuş hesab etməli olduğu halda iddianın əsassızlığı nəticəsinə gəlmişdir. Qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul olunarkən hər hansı maddi və prosessual hüquq norması təbiq edilməmişdir.
16. Qalina Konstantinovna və Cavabdeh2 Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 2/48, mənzil 38-də qovulması və ya məcburi olaraq mənzildən çıxarılmaları hər hansı sübutla təsdiqin tapmamaışdır. Əksinə cavabdehlər 25 il ərzində (1991-ci il tarixindən isə 32 il ərzində) hüquqlarının pozulması barədə hər hansı məhkəmə və hüquq mühafizə orqanına müraciət etməməsi göstərir ki, onların daimi yaşayış sahələri olmuş və mübahisəli mənzilə etiyacları aradan qalxmışdır.
17. Azərbaycan SSR Mənzil Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir.
18. Məhkəmə qanun və məhkəmə qarşısında bərabərlik prinsipini pozaraq ilk iddiaçının sübutlarına obyektiv yanaşmamışdır. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, ilkin iddia üzrə iddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilmədi. İlkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehlərin 1998-ci ildən mübahisəli evdən köçdüklərini, başqa yerdə yaşadıqlarını göstərərək həmin əsaslara görə iddianın təmin edilməsini xahiş etmişdir. Lakin ilkin iddia üzrə iddiaçının iddia tələbinin əsası olaraq göstərdikləri heç bir mötəbər sübuta əsaslanmır. Belə ki, ilkin iddia üzrə iddiaçı tərəf ilkin iddia üzrə cavabdehlərin ayrıca mənzillərinin olmasını, bununla bağlı olaraq həmin mənzili tərk edib getdiklərini göstərsə də, ilkin iddia üzrə cavabdehlərin daimi yaşayış yerləri olmaqla bu yaşayış sahəsinə ehtiyaclarının aradan qalxması, uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
19. İkin iddia üzrə iddiaçının bununla bağlı təqdim etdiyi şahid ifadəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin şahid də öz ifadəsində Cavabdeh1 və Cavabdeh2 həmişəlik əşyaları ilə birlikdə köçdüklərini təsdiq etməmişdir. Əksinə cavabdehlər 25-il ərzində (1991ci il tarixindən isə 32 il ərzində) hüquqlarının pozulması barədə hər hansı məhkəmə və hüquq mühafizə orqanına müraciət etməməsi göstərir ki, onların daimi yaşayış sahələri olmuş və mübahisəli mənzilə etiyacları aradan qalxmışdır. Cavabdehlərin evlərinin və ünvanlarının olduğunu, 25 il ərzində (1991-ci il tarixindən isə 32 il ərzində) başqa ünvanda fasiləsiz yaşamalarını məhkəmə hüquqi qiymətləndirməmişdir. O isə 25 il müddətində fasiləsiz (1991-ci il tarixindən isə 32 il ərzində) başqa olaraq bu ünvanda yaşamış, bütün kommunal ödənişləri etmiş və mənzilin saxlanması, cari təmiri və əsaslı təmir işlərini apararaq, kirayə müqaviləsindən irəli gələn hüquq və vəzifələrimi yerinə yetirmişəm. Hansı ki, cavabdeh tərəfin şahid hazırlıq iclaslarında məhkəmə zalında oturmuş və sonra isə məhkəmə baxışı iclasında cavabdehlərin xeyrinə ifadə vermiş və demişdir ki, bu bağa sahəsini guya o almış və cavabdehlərdən qardaşı (ana bir ata ayrı) olan Cavabdeh2 adma qeydiyyata aldırmışdır. Sumqayıt şəhəri, “Xəzər”Bağçılıq Cəmiyyətinin ərazisində 237 saylı bağ evinə Cavabdeh2 adına bağçılıq kitabçası belə verilmişdir. Həmin bağçılıq kitabçası məhkəmədə təqdim edilsə də məhkəmə bu kitabçanı araşdırmamışdır. Ana bir ata ayrı bacısı məhkəmə iclasında onun əksinə şahid qismində dindirilmiş X5 deməsinə görə guya həmin kitabça onda saxlanılır lakin, o yalan demişdir. Düzdür bu sonuncu hal məhkəmədə tam araşdırılmamışdır. Məhkəmədə tərcüməçinin köməyindən istifadə edilərək Cavabdeh1 izahatının alınmaması və başqa prosessual qanun pozuntuları səbəbindən mülki işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradılmamışdır. Bu səbəbdən işin bütün faktiki halları araşdırılmamış və mübahisə edilən hüququnu qorunmamışdır. Məhkəmə iddianın əsası kimi çıxış edən faktiki halları araşdırmamışdır.
20. Birinci instansiya məhkəməsi ilkin iddia üzrə iddiaçı tərəf ilkin iddia üzrə cavabdehlərin ayrıca mənzillərinin olmasını, bununla bağlı olaraq həmin mənzili tərk edib getdiklərini göstərsə də, ilkin iddia üzrə cavabdehlərin daimi yaşayış yerləri olmaqla bu yaşayış sahəsinə ehtiyaclarının aradan qalxması, uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Hazırki halda isə ilkin iddia üzrə cavabdehlərin mübahisəli mənzildən daimi yaşamaq üçün getdikləri təkzib olunmaqdadır. Çünki ilkin iddia üzrə cavabdehlərin daimi yaşamaq üçün yaşayış yerlərinə malik olması sübut olunmur. İlkin iddia üzrə iddiaçının iddia tələbinin əsası olaraq göstərdikləri heç bir mötəbər sübuta əsaslanmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi»nə dair ilkin iddia tələbi rədd edilməlidir. Daha sonra məhkəmə qətnaməsinin 14-cü hissəsinin ( bax: 4-cü səh.) b) bəndində göstərmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, qarşılıqlı iddia üzrə iddiaçı isə qızının digər nikahdan olan oğlu ilə daima mübahisə etməsini, onların orada yaşamaqlarına maneələr yaratdığını, mənzilə buraxmamasını, başqa daimi yaşayış yerləri olmadığını bildirərək, bununla əlaqədar mənzilə köçürülmələrini tələb etmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddianın təmin edilib-edilməməsi ilkin iddianın mahiyyəti üzrə həllindən asılı olduğundan və ilkin iddia rədd edildiyindən qarşılıqlı iddia təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 2/48, mənzil 38-ə köçürülməlidirlər. Hansi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 2/48, mənzil 38-də qovulması və ya məcburi olaraq mənzildən çıxarılmaları hər hansı sübutla təsdiqin tapmamaışdır. Cavabdehlərin şahidi olan məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək, bildirmişdir ki, Cavabdeh1 onun anası, Cavabdeh2 isə qardaşıdır. Bacısı İddiaçı qardaşları Cavabdeh2 ilə daima mübahisə etmiş, onun sözügedən ünvanda yaşamasına imkan verməmişdir. Anaları Qalina qardaşlarına qulluq etdiyi üçün onlar birlikdə yaşamalıdırlar. Bu səbəbdən o, özünə məxsus mənzili müvəqqəti onların istifadəsinə vermişdir. Anam hər dəfə sözügedən mübahisəli evə gedəndə söz-söhbət başlayır. Bunu qonşular da təsdiq edə bilər. Bir sözlə, İddiaçı anasının və qardaşının mübahisəli mənzildə yaşamaqlarına imkan vermir. Bu şahidin ifadəsi cavabdehlərin övladı və bacısı omaqla yalan üzərində qurulmuşdur və məhkəmə bu izahata tənqidi yanaşmamaışdır. Bundan başqa bu şahid məhkəmə hazırlıq iclaslarında oturduğundan dindirilməsi yol verilməz olduğu məhkəmədə bildirilmişdir. Lakin məhkəmə bu şahidi dindirməklə sübut kimi qəbul etməməli olduğu halda bu sübutun yolverilməzliyini aydınlaşdırmadan bu sübutun qərəzli olmasına əhməiyyət verməmişdir. Bundan başqa cavabdehlər (1998-ci il tarixdən götürsək) 25-il ərzində hüquqlarının pozulması barədə hər hansı məhkəmə və hüquq mühafizə orqanına müraciət etməməsi göstərir ki, onların daimi yaşayış sahələri olmuşdur. Hansı ki, məhkəmə gedişində məlum oldu ki, cavabdehlər 1998-ci ildən yox, 1991-ci ildən mübahisəli mənzili tərk etmişlər. Məhkəmədə tərcüməçinin köməyindən istifadə edilərək Cavabdeh1 izahatının alınmaması və başqa prosessual qanun pozuntuları səbəbindən mülki işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradılmamışdır. Bu səbəbdən işin bütün faktiki halları araşdırılmamış və mübahisə edilən hüququm qorunmamışdır. Məhkəmə iddianın əsası kimi çıxış edən faktiki halları araşdırmamışdır. Belə ki, cavbdehlərdən Cavabdeh1 1982-ci ildə 3-cü dəfə qeyri-rəsmi nikaha daxil olmuş, mübahisəli mənzildən çıxmış Sumqayıt şəhəri 14-cü məhəllədə yaşamaşdır. Cavabdeh2 də Sumqayıt şəhəri 14-cü məhəllədə yaşadıqları evdə həmin faktiki nikahdan olmuşdur. Bundan sonra həmin nikah faktiki olduğu üçün Cavabdeh2 də həmin ünvanda faktiki atası tərəfindən övladlığa götürülmüşdür. Bu faktı cavabdehlərin şahidi məhkəmə iclasında qismən etiraf etmişdir. Cavabdehlərin evlərinin və ünvanlarının olduğu və 25 il ərzində (1998-ci il tarixdən götürsək) başqa ünvanda fasiləsiz yaşamalarını məhkəmə qiymətləndirməmişdir. O isə 25 il müddətində fasiləsiz olaraq bu ünvanda yaşamış, bütün kommunal ödənişləri etmiş və mənzilin saxlanması, cari təmiri və əsaslı təmir işləri apararaq kirayə müqaviləsindən irəli gələn hüquq və vəzifələrimi yerinə yetirmişdir. Hansı ki, məhkəmə gedişində məlum oldu ki, cavabdehlər 1998-ci ildən yox, 1991-ci ildən mübahisəli mənzili tərk etmişlər. Bu halda onlar mübahisəli mənzili 25 il yox, 32 il ərizində tərk etmişlər.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
23. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etdilər.
24. İş üzrə üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
25. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
26. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi (8 iyul 1982-ci tarixdən 01 okyabr 2009-cu il tarixədək qüvvədə olmuş)
29. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
30. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
37. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
40. Verilmiş apellyasiya şikayətindən görünür ki, ilk iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6296/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
41. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6296/2023 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir.
43. Məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
44. Beləliklə, işin halları ondan ibarətdir ki, Sumqayıt şəhər xalq deputatları Soveti İcraiyyə komitəsi tərəfindən verilmiş 18 fevral 1983-cü il tarixli 21/51 saylı qərarına əsasən, ünvan 3 ünvanında yerləşən 2 otaqlı 38 nömrəli mənzilin kirayəçisi X3 qeydiyyatdan çıxması və nikahlarının pozulması ilə əlaqədar mənzilin kirayə müqaviləsi Cavabdeh1 adına dəyişdirilmiş, müqavilədə Cavabdeh1 ailə tərkibi kimi özü, onun qızları X10 və Biryuk (Səlimova) Yelena Nikolayevna göstərilmişdir. xx.xx.1984-cü il tarixində Cavabdeh1 üçüncü övladı Cavabdeh2 anadan olmuş, Viktor anası və bacısı Yelena ilə mübahisəli mənzildə 1998-ci ilədək yaşamışdır. İşin digər mübahisəsiz hallarından görünür ki, Cavabdeh2 “Xəzər Bağçılıq Cəmiyyəti”nin ərazisində yuxarı küçədə sahəsi 100 kvadrat metr olan 237/10 saylı bağ evində anası Cavabdeh1 ilə 1998-ci ildən qeydiyyatsız yaşayırlar. Digər tərəfədən, işin hallarından aydın olur ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Səlimova Aylin Sabir qızı ünvan 1 ünvanında qeydiyyatdadırlar.
45. İlkin iddia üzrə İddiaçı cavabdehlərin könüllü olaraq daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüklərini, 1998-ci ildən sözügedən mənzildə yaşamamalarını əsas gətirərək onların istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmiş, qarşılıqlı iddia üzrə cavabdehlər isə mübahisəli mənzilə köçürülmələrini məhkəmədən xahış etmişlər.
46. Cavabdeh1 ilkin iddiaya etiraz edərək, mübahisəli mənzildə 25 il yaşamamasını və digər yaşayış sahəsinə köçməsini İddiaçı 1-ci qrup əlil olan qardaşı Cavabdeh2 ilə yola getmədiyini, bir mənzildə yaşamalarının mümkün olmaması ilə əsaslandırmışdır.
47. Göründüyü kimi, tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin qüvvədə olan müddətdə yaranmışdır və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir.
48. Belə ki, 1982-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
49. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
51. Beləliklə, kollegiya yuxarıda qeyd edilən işin mübahisəsiz hallarına əsaslanaraq, hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 qeyd edilən mənzili könüllü olaraq tərk etdiklərindən, 1998-ci ildən başlayaraq hazırkı məhkəmə mübahisəsi başlananadək mübahisəli mənzilə dair hər hansı iddia, tələb (köçürülmə və s.) sürülmədiyindən, onlar faktiki olaraq mənzildən istifadəyə ehtiyaclarının olmamasını ifadə etmişlər. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları düzgün qiymətləndirməmiş, ilkin iddianı təmin etməməklə, qarşılıqlı iddianı təmin etməklə yanlış nəticəyə gəlmişdir.
52. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6296/2023 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, ilkin iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 4 ünvanında yerləşən 38 nömrəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir, qarşılıqlı iddia təmin edilməməlidir.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6296/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İlkin iddia təmin edisin. Cavabdeh1 və Cavabdeh2 ünvan 4 ünvanında yerləşən 38 nömrəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.