Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-89/2025 09.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı **-CG-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobilini 27550 manata, 30 ay ərzində, hər ay 835 manat ödəmək şərti ilə Cavabdeh satmaq barəsində qarşılıqlı razılığa gəlmişdir. Hər ikisi bu razılıq barəsində 04 iyul 2023-cü il tarixində Bakı şəhəri 26 saylı Notariat ofisində müqavilə bağlamışlar. Avtomobili F.Murada təhvil verməzdən öncə hər ikisinin iştirakı ilə avtomobil Sumqayıt və Bakı şəhərlərində iki servisdə tam yoxlanılıb, diaqnostika olundu. Avtomobil tam saz vəziyyətdə idi. Notarius müqaviləsində də avtomobilin F.Murada təhvil verilərkən tam saz vəziyyətdə olması qeyd olundu. Bundan əlavə, cavabdeh F.Murad hər ayın 4-ü 835 manat ödəniş etməyi öhdəsinə götürdü. Lakin cavabdeh F.Murad bağladıqları müqavilə şərtləri üzrə öhdəliklərini ilk aylardan sonra yerinə yetirmədi. Dəfələrlə iddiaçı cavabdehə xəbərdarlıqlar etmiş, lakin heç bir xeyri olmamışdır. Cavabdeh dəfələrlə qəzalar törədərək avtomobilə maddi zərər vurmuş, aylıq ödənişləri gecikdirmiş və ödəməmişdir. Buna görə də iddiaçı X.Pərviz bağladığı müqavilə şərtlərinə əsasən 04 aprel 2024-cü il tarixində cavabdeh F.Muraddan avtomobili geri götürdü. Çünki maddi vəziyyəti günü-gündən ağırlaşırdı. Hazırda 35000 manat borcu var. Rabitəbankdan 15000 manat kredit götürmüşdür. Cavabdeh F.Murad aylıq ödənişləri etmədiyi üçün, avtomobili satıb, borclarını azaltmalıdır. Avtomobili cavabdeh F.Murad tam 9 ay istifadə edərək, 61278 kilometr (38085mil) sürmüşdür. Avtomobili F.Murada 04 iyul 2023-cü il tarixində təhvil verəndə yürüşü 169150 mil idi. 04 aprel 2024-cü il tarixində avtomobili F.Muraddan geri alanda isə yürüş 207235 mil idi. Səhəri gün 05 aprel 2024-cü il tarixində cavabdeh F.Murada zəng edərək və votsapda səs mesajı ataraq demişdir ki, avtomobili servisdə yoxlanılanılsın və dəyən zərəri hesablasınlar. İddiaçı da avtomobilinə dəyən zərəri təyin etdirmək üçün "MY Auto" servisinə getmişdir. Avtomobili yoxlayıb, qüsur Aktı tərtib etdilər. Avtomobil çox bərbad vəziyyətdə idi. Yoxlanışa əsasən avtomobilinə 3427 manat zərər dəymişdir. Həmin vaxtı stresli vəziyyətdə olduğu üçün servis işçilərinin unutduğu dörd qüsuru akta qeyd etdirə bilməmişdir. Avtomobilə cavabdeh F.Murad istifadə etdiyi 9 ay ərzində ucuz, keyfiyyətsiz yağ tökdüyü üçün, hazırda avtomobilin mühərriyi yararsız hala düşərək 5000 kilometrə 4 litr yağ azaldır. Halbuki, iddiaçı avtomobili F.Murada təhvil verərkən mühərrik tam saz vəziyyətdə idi, yağ azalması çox cüzi idi. Mühərriyin təmiri üçün usta tam olaraq 1300 manat istəyir. Ön sağ fara qəza zamanı zədələnib. Faranın içi buxarlanaraq, gecə qaranlıq vaxtı görməni məhdudlaşdırır. Faranın qiyməti 100 manatdır. Salonda 2 ədəd şit plasması qırılıb. Qiyməti 160 manatdır. Avtomobili F.Murada təhvil verəndə iki Lassa təkərlərini 200 manata tam təzə almışdır. Hazırda təkərlər tam yararsız vəziyyətdədir. Qeyd etdiyi üzrə zərər təxminən 1760 manat edir. Cavabdeh F.Muraddan bu zərərləri heç istəməməmişdir. İddiaçı zərərlərin ödənilməsinə görə cavabdeh F.Murada çox güzəştlər etmişdir. Qeyd etdiyi bütün hadisələr və iddiaçıya dəyən bütün zərərlər barəsində səs yazıları, şəkil və videolar, rəsmi sənədlərlə bir çox sübutları var. İddiaçı X.Pərviz, cavabdeh F.Muraddan sadəcə olaraq iddiaçıya vurduğu maddi zərərin, ümumi olaraq 5970 manatının ödənilməsini tələb etmişdir. Lakin cavabdeh F.Murad iddiaçıya zərərləri ödəməkdən boyun qaçırdı. İddiaçı X.Pərviz, cavabdeh F.Muraddan iddiaçıya və avtomobilinə dəyən zərər qarşılığında cəmi əlaraq 5970 manat tələb edir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçıya və avtomobilinə dəyən 5970 manat zərərin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra İddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək, “my auto” servisin təyin etdiyi qüsur aktına əsasən 3427 manat, “my auto” servisinə ödədiyi xidmət haqqı 100 manat, F.Muradın iddiaçıya ödəmədiyi 2715 manat aylıq ödənişlər, məhkəmə rüsumu 90 manat, notarius xərcləri 47 manat, nəqliyyat xərcləri 13 manat, 13 iyul 2023-cü il tarixində F.Muradın etdiyi qəzaya görə, icbari sığortaya ödəməli olduğu 352 manat pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, ona məxsus **-CG-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid) minik” markalı nəqliyyat vasitəsi 9 ay cavabdehin istifadəsində olmuşdur. Cavabdeh tərəfindən ümumilikdə 7300 manat ödəniş edilmişdir. Hazırda cavabdehin müqavilə üzrə 2715 manat borcu vardır. Qeyd olunanlara əsasən iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, avtomobil 9 ay onda onun istifadəsində olmuşdur. Onun avtomobilə görə iddiaçıya 2715 manat borcu vardır. İddia tələbinin qalan hissədə əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinə dair beh müqaviləsindən görünür ki, İddiaçı ona məxsus buraxılış ili 2008-ci il olan **-CG-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid) minik” markalı nəqliyyat vasitəsini 27550 manata Cavabdeh satılması barədə razılığa gəldilər.
8. Həmin müqavilənin 2-ci bəndindən görünür ki, Cavabdeh, bu müqavilə imzalandığı andan 27550 manatın-2500 manatını beh olaraq İddiaçı notariusun depozit hesabı vasitəsi ilə ödəyir.
9. Həmin müqavilənin 3-cü bəndindən görünür ki, Cavabdeh İddiaçı Nəqliyyat vasitəsinin dəyərinin qalığını, yəni 25050 manatını aylıq 835 manat olmaqla, 30 ay müddətinə ödəməyi öhdəsinə götürür.
10. Həmin müqavilənin 6-cı bəndindən görünür ki, razılaşdırılmış vaxt ərzində Cavabdeh nəqliyyat vasitəsinin aylıq dəyərini 5 gündən gec ödənilərsə, nəqliyyat vasitəsi İddiaçı sərəncamında qalır və bu müqavilə qüvvəsini itirmiş hesb edilir, həmçinin Cavabdeh tərəfindən ödənilmiş məbləğ İddiaçı qalır. Əgə razılaşdırılmış vaxt ərzində İddiaçı nəqliyyat vasitəsini verməkdən imtina edərsə, ödənilən məbləğin iki qat həcmində Cavabdeh qaytarılacaq. Cavabdeh nəqliyyat vasitəsilə qəza törədərsə və ya hər hanası yolla nəqliyyat vasitəsinə zərər vurarsa məsuliyyəti öz üzərinə götürür.
11. İş materiallarında olan “My auto service” tərəfindən verilmiş qüsur aktının surətindən görünür ki, “Toyota Prius (Hibrid) minik” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 3427 manat təşkil edir. Xidmət haqqı 100 manat təşkil etmişdir.
12. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/6140 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, “My Auto” Service tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında göstərilən 2008-ci il buraxılışlı, “Toyota Prius” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1110 manat müəyyən edilir, o cümlədən dəyişilməli hissələrin qiyməti - 590,00 manat, təmir-bərpa işlərinin qiyməti - 520,0 manat. İş materiallarında olan qüsur aktında qeyd edilən antifriz və təmizləyici spreyin markası, modeli, istehsal ili, istehsal yeri və s. barədə ətraflı məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Təqdim edilmiş qüsur aktında göstərilən qabaq sağ sol linkin satışı və qiyməti barədə məlumat olmadığından dəymiş ziyanı mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə tərəflər arasında xx.xx.2023-cü il tarixdə “Toyota Prius” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair beh müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 2500 manat beh ödəmiş, qalan 25050 manatı aylıq 835 manat olmaqla, 30 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixdə cavabdeh sözügedən avtomobili iddiaçıya qaytarmış, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmişdir.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
15. Göründüyü kimi, iddia tələbinin qanuni əsasını alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri təşkil edir.
16. Belə ki, iş materiallarında olan sübutlardan, tərəflərin izahatlarından müəyyən olunur ki, tərəflər arasında alqı-satqı münasibətləri mövcud olmuşdur.
17. Belə olan halda hazırkı mübahisəyə alqı-satqı münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
22. Qeyd olunan Məcəllənin 425.2-ci maddəsinin tələbinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
23. Göstərilən Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
25. Eyni Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
26. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
27. Eyni Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. [429]
28. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
29. Yuxarıda qeyd olunanlardan da görünür ki, tərəflər arasında nəqliyyat vasitəsinə dair beh müqaviləsi bağlanmış və cavabdeh iddiaçıya 2500 manat beh ödəmiş, qalan 25050 manatı aylıq 835 manat olmaqla, 30 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, sonradan cavabdeh müqavilə üzrə onun üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, aylıq ödənişi iddiaçıya ödəməmişdir.
30. Belə ki, məhkəmə iclasında iddiaçının və cavabdehin izahatlarından müəyyən edilmişdir ki, sözügedən avtomobil 9 ay, hər ay 835 manat olmaqla cavabdehin istifadəsində olmuşdur. Cavabdeh tərəfindən 9 ayın ödənişi, habelə 2500 manat beh məbləği olaraq, cəmi 10.015 manat ödənməli olduğu halda, 7300 manat ödəniş edilmişdir.
31. Göründüyü kimi cavabdeh iddiaçıya 2715 manat aylıq ödənişi ödəməmişdir.
32. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 2715 manat ödənilməmiş aylıq ödənişin əvəzi alınaraq İddiaçı ödənilməlidir.
33. Məhkəmə iddia tələbinin “my auto” servisin təyin etdiyi qüsur aktına əsasən 3427 manat, “my auto” servisinə ödənilmiş xidmət haqqı 100 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
34. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
35. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
36. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
38. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir.
39. Məhkəmə, həmçinin ziyanın məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktını cavabdeh mübahisələndirdiyindən məbləğin yenidən qiymətləndirilməsinə zərurət qalmışdır.
40. İşin materiallarında olan məhkəmənin qərardadı əsasında keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, 2008-ci il buraxılışlı, “Toyota Prius” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1110 manat müəyyən edilir, o cümlədən dəyişilməli hissələrin qiyməti - 590,00 manat, təmir-bərpa işlərinin qiyməti - 520,0 manat müəyyən edilir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır.
41. Beləliklə, məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, həmçinin, ekspert rəyinə əsaslanaraq hesab edir ki, Cavabdeh 1110 manat məbləğində maddi ziyanın əvəzi və 100 manat servisə ödənilmiş xidmət haqqının əvəzi alınaraq İddiaçı verilməlidir.
42. Məhkəmə iddia tələbinin “notarius xərcləri 47 manat, nəqliyyat xərcləri 13 manat, 13 iyul 2023-cü il tarixində F.Muradın etdiyi qəzaya görə, icbari sığortaya ödənməli 352 manat pulun iddiaçıya ödənilməsi” hissələri iddia bağlı qeyd edir ki, iddiaçı tələbinin həmin hissələrinin əsaslı olmasını təsdiq edə biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbi həmin hissələrdə əsassız olduğundan təmin edilməməlidir.
43. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
44. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
45. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
46. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
47. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
48. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 50 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.
50. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh aylıq ödənişlərə görə 2715 (iki min yeddi yüz on beş) manat, avtomobilə vurulmuş ziyana görə 1110 (bir min yüz on) manat, xidmət haqqına görə 100 (bir yüz) manat olmaqla, cəmi 3925 (üç min doqquz yüz iyirmi beş) manat məbləğində pul, habelə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
51. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
53. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
54. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Nəticə hissəsi:
56. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh aylıq ödənişlərə görə 2715 (iki min yeddi yüz on beş) manat, avtomobilə vurulmuş ziyana görə 1110 (bir min yüz on) manat, xidmət haqqına görə 100 (bir yüz) manat olmaqla, cəmi 3925 (üç min doqquz yüz iyirmi beş) manat məbləğində pul, habelə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva