Məhkəmə qərarları › İş №2(060)-945/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-945/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-945/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 4180 manat məbləğində əsas borcun, 5000 manat məbləğində mənəvi ziyanı görə təzminatın və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasıda iştirak edən iddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki cavabdehlər onun qonşularıdırlar. Onlar 2019-cu il noyabr ayının 10-da ona müraciət edərək bildirmişlər ki, onkoloji xəstə olan atasının müalicəsi üçün onlara pul lazımdır və həmin gün 700 manat, xx.xx.2019-cu il tarixdə 1260 manat, xx.xx.2019-cu il tarixdə 460 manat və 400 manat, xx.xx.2019-cu il tarixdə isə 1360 manat olmaqla ümumilikdə 4180 manat məbləğində pul almış və həmin pulu bu vaxta kimi onlara qaytarmamışlar. Həmin pulları alan vaxt yazılı qəbz də vermişlər. Cavabdehlər pulu götürən vaxt özlərinə məxsus olan xarici pasportlarını, bank kartları, vergi şəhadətnaməsini girov qoymuş, lakin kartda pul olmamışdır. Cavabdehlərin onu aldatması, pulunu qaytarmaması, müxtəlif bəhanələr gətirməklə onları get-gələ salması nəticəsində onlara mənəvi ziyan da dəymişdir ki, həmin ziyanı 5000 manat məbləğində qiymətləndirirlər. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarından olan: xx.xx.2019-cu il tarixli Cavabdeh1 tərəfindən yazılmış iltizamdan görünür ki, o, İddiaçı2 5 ay müddətinə qaytarmaq şərti ilə 700 manat borc götürmüşdür. xx.xx.2019-cu il tarixli Cavabdeh1 tərəfindən yazılmış iltizamdan görünür ki, o, İddiaçı2 15 gün müddətinə xx.xx.2019-cu il tarixdə qaytarmaq şərti ilə 1260 manat borc götürmüşdür. xx.xx.2019-cu il tarixli Cavabdeh1 tərəfindən yazılmış iltizamdan görünür ki, o, İddiaçı2 3 ay müddətinə qaytarmaq şərti ilə 460 manat borc götürmüşdür. xx.xx.2019-cu il tarixli Cavabdeh1 tərəfindən yazılmış iltizamdan görünür ki, o, İddiaçı2 3 ay müddətinə xx.xx.2020-ci il tarixdə qaytarmaq şərti ilə 400 manat borc götürmüşdür. xx.xx.2019-cu il tarixli Cavabdeh1 tərəfindən yazılmış iltizamdan görünür ki, o, İddiaçı1 Qayıbalı qızından 15 gün müddətinə qaytarmaq şərti ilə 1360 manat borc pul almışdır. Göründüyü kimi tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında borc müqaviləsi ilə bağlı münasibətlər yarandığından mübahisə Mülki Məcəllənin 21-ci fəslində təsbit olunmuş «Öhdəliklərin icrası» və «Borc» müqaviləsi ilə bağlı müddəalar çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı tərəf ayrı-ayrı vaxtlarda cavabdehə ümumilikdə 1890 və 1310 manat borc verildiyini, cavabdehin həmin məbləği qaytarmadığını iddia edir və qeyd olunan məbləğdə borc verildiyini təsdiq edən sübut növü olaraq cavabdeh tərəfindən yazılmaqla imza edilmiş qəbzlərə istinad edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq həmin qəbzləri sübut növü kimi qəbul edir və mülki qanunvericiliyin şərh olunan maddələrində ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh1 2820 manat İddiaçı2 və 1360 manat İddiaçı1 xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə mənəvi zərərin ödənilməsi hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarının 2-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların X1”nın müddəaları və X2 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərlə bağlı tələb irəli sürsə də bu tələbini məhkəmədə əsaslandıra bilmədi, mənəvi zərərin nədə ifadə olunduğunu, hansı mənəvi sarsıntı və iztirablara məruz qalmasını sübut edə bilmədi. Eləcə də məhkəmə hesab edir ki, iddia tələbi digər Cavabdeh2 münasibətdə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1dan 2820 (iki min səkkiz yüz iyirmi) manat İddiaçı2 xeyrinə və 1360 (bir min üç yüz altmış) manat İddiaçı1 xeyrinə tutulsun. Cavabdeh1dan ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı2 və İddiaçı1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar