Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-945/2025 04.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 1300 manat məbləğində pul məbləğinin və tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə rüsum olaraq ödədiyi 36 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, 25 iyun 2953-cü il təvəllüdlüdür. İddia ərizəsində göstrilən ünvanda qeydiyyatdadır. Cavabdeh adlı şəxsi bir müddətdir ki, tanıyır və arada görüşüb dərdləşirdilər. 2024-cü ilin may ayının əvvəllərində görüşən zaman Həsən ona Bakıda yerləşən Elit adlanan yerdən maşın təşkil edəcəyini bildirdi. Ona “Az.Samand” markalı avtomaşın lazım olduğunu bildirmişdir. Ondan ilkin olaraq 1000 manat pul istəmiş və ona demişdir ki, maşını sabah gətirib verəcəkdir. Təxminən 2024-cü ilin may ayının əvvəllərində Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində ikisi olan zaman Həsənə 1000 manat pul vermişdir. Təxminən 07 gün sonra o, yenə ondan pul istəmişdir. Məsələnin həll olunması üçün əlavə pul lazımdır. Ona məxsus olan **********014354 nömrəli Kapital Banka aid olan karta 300 manat pul göndərmişdir. Lakin o, vəd etdiyi vaxtda avtomobili ona verməmişdir. Sonradan avtomaşın barədə soruşan zaman o, müxtəlif bəhanələr gətirib, avtomaşını ona verməmişdir. Belə olduqda ona vermiş olduğu 1300 manat pulun ona qaytarmasını xahiş etmişdir. Pulu istəyən zaman Həsən müəyyən vaxt istəmiş və sonra isə pulu verməmişdir. Hər dəfə pulu istəyəndə müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina etmişdir. Artıq anlamağa başlamışdır ki, Həsən adlı şəxs onu aldatmış və ona olan etibarından sui-istifadə edərək pullarını ələ keçirmişdir. O, hətta pulunu geri almaq üçün bir neçə dəfə onun yaşadığı ünvana getsə də, heç bir müsbət nəticəsi olmamışdır. Əlacsız qalıb xx.xx.2024-cü il tarixdə onun bu dələduz hərəkətləri ilə əlaqədar Sumqayıt şəhər Polis İadarəsinin 1-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin ərizə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin “NK” kitabında 1/1303 sayla qeydiyyata alınaraq araşdırılması həmin bölmənin təhqiqatçısı polis mayoru X1 həvalə edilmişdir. Təhqiqatçı tərəfindən ilkin yoxlama aparılaraq xx.xx.2024-cü il tarixdə materialın aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilərək Sumqayıt ŞPİ-nin İŞ-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə material Sumqayıt ŞPİ-nin İŞ-nə daxil olmuş və iş üzrə araşdırma Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı X2 tərəfindən araşdırılaraq 29 sentyabr 2024-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" Qərar qəbul edilmişdir. Həmçinin həmin qərarda iş üzrə mülki icraat qaydasında məhkəməyə müraciət etmək ona tövsiyə olunmuşdur. Sumqayıt ŞPİ-nin İS-nə dəvət olunaraq dindirilmiş Cavabdeh yazdığı izahatında onu on ildən çoxdur ki, tanıdığını və ona bir neçə dəfə avtomaşın satdığını göstərmişdir. O, 2024-cü ilin may ayının əvvəllərində onunla Sumqayıt şəhərində yerləşən maşın bazarında görüşən zaman ona məxsus “Az.Samand” markalı avtomaşını görmüş və 6500 manata almaq istədiyini bildirmişdir. Onun yazdığına görə təxminən 2-3 gün sonra Bakı şəhəri, Nərimanov rayonu, ərazisində görüşmüşdürlər. Ona ikisi olanda 1000 manat pul vermiş, həmin gün ona məxsus **********014354 nömrəli Kapital Banka aid olan karta 300 manat pul göndərmişdir. O, sonradan qalan pulu istəyən zaman həmin şəxs pulunun olmadığını və verdiyi pulu geri istəmişdir. O, pulu xərclədiyini bildirmiş, qaytarmaq üçün vaxt istəmişdir. Sabir onu gözləməyərək ondan şikayət etmişdir. Ondan almış olduğu pulu şəxsi ehtiyacı üçün xərcləmiş, avtomaşını hələ satmamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Cavabdeh ondan iki dəfə 1300 manat pulu almasını etiraf etmiş və guya onu qaytarmaq üçün vaxt istədiyini bildirmişdir. Cavabdehin ondan aldığı pulları ona qaytarması barədə yazdıqları tam yalandır. Ondan aldığı 1300 manat pulu ona qaytarmaq fikri yoxdur. Ondan 1300 manat pulu almasını təsdiq etməsinə dair izahatı Sumqayıt ŞPİ-nin arxivindədir. Pul verdiyi vaxtdan xeyli zaman keçməsinə baxmayaraq, Cavabdeh bir dəfə də olsun pulun qaytarılması ilə bağlı hər hansı addım atmamışdır. Əksinə yalançı vədlərlə dəfələrlə onu aldatmış və mənəvi iztirab çəkməyinə səbəb olmuşdur. Buna görə də hüquqlarımın müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Cavabdeh əməllərində həm də dələduzluq cinayətinin tərkib əlamətləri vardır. Belə ki, sonradan bildiyinə görə Cavabdeh əvvəllər də bu cür hərəkətlərinə görə məhkəməyə cəlb edilmişdir. Bundan başqa Cavabdeh bu işi əvvəlcədən planlaşdırmış və onun etibarından sui-istifadə etməklə 1300 manat pulunu mənimsəmişdir. Hesab edir ki, cavabdehdən 1300 manat pul məhkəmə qaydasında tutularaq ona verilməlidir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis leytenantı Toğrul Alxasov tərəfindən qəbul edilmiş 24 sentyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, İddiaçı maddi ziyanla əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır.
Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, iddiaçını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
9. Belə ki, mülki iş materialları ilə müəyyən olunur ki, hazırki iş üzrə İddiaçı Cavabdeh ona avtomaşın alması və verdiyi vədi tutmaması ilə bağlı müraciəti əsasında toplanmış material Sumqayıt şəhəri Pİ-nin İŞ-nə göndərilmişdir. Sumqayıt şəhəri Pİ-nin İŞnin 24 sentyabr 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
10. Sumqayıt şəhər Pİ-nin İŞ-nin həmin qərarında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı hazırki iş üzrə Cavabdeh izahat verərək bildirmişdir ki, Sabiri təxminən 10 ildən çoxdur ki, tanıyır, ona bir neçə dəfə avtomaşın satmışdır. O, 2024-cü ilin may ayının əvvəllərində onunla Sumqayıt şəhərində yerləşən maşın bazarında görüşən zaman Sabir ona məxsus Az.Samand markalı avtomaşını görmüş və 6500 manata almaq istədiyini bildirmişdir. Onlar təxminən 2-3 gün sonra Bakı şəhəri, Nərimanov rayonu ərazisində görüşmüşlər. Sabir ona ikisi olanda 1000 manat pul vermiş, həmin gün ona məxsus 4169 7388 9001 4354 nömrəli Kapital Banka aid olan karta 300 manat pul göndərmişdir. O, sonradan ondan qalan pulu istəyən zaman həmin şəxs pulunun olmadığını, verdiyi pulu geri istəmişdir. O, ondan pulu xərclədiyini bildirmiş, qaytarmaq üçün vaxt istəmişdir. Sabir onu gözləməyərək ondan şikayət etmişdir. O, ondan almış olduğu pulu şəxsi ehtiyacı üçün xərcləmiş, avtomaşını hələ satmamışdır.
11. Beləliklə qeyd olunan qərardan görünür ki, cavabdeh iddiaçıya 1300 manat məbləğində pul vəsaitini ödəməli olduğunu etiraf etmişdir.
12. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməsinə və eyni zamanda iddia tələbinə qarşı etirazını məhkəməyə təqdim etmək hüququnun ona izah olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və iddiaya qarşı münasibətini məhkəməyə təqdim etməmişdir.
13. Məhkəmə qeyd edir ki, mülki mühakimə icraatı qaydasında baxılan işlərdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir, dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
14. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
15. Hazırki işdə iddiaçı Sumqayıt şəhər Pİ-nin İŞ-nin Cinayət işinin rədd edilməsi haqqında yuxarıda adı qeyd olunan qərarını məhkəməyə təqdim etməklə cavabdehin heç bir hüquqi əsas olmadan 1300 manat məbləğində pul vəsaiti əldə etdiyini sübut etmiş, lakin qarşı tərəf qeyd olunan dəlili təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlanması halı təqdim edilmiş sübutlar əsasında öz təsdiqini tapdığından, iddia təmin edilməlidir.
16. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 1300 (min üç yüz) manat pul vəsaiti və 36 (otuz altı) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
Nəticə:
17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 1300 (min üç yüz) manat pul vəsaiti və 36 (otuz altı) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vəfa Şirəliyeva