Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1039/2025 03.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 8 il müddətinə qoyduqları 9349 ədəd səhmdən əldə edilən gəlirin hesablanaraq alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi ilə bağlı dəqiqləşdirmə ərizəsi təqdim edərək Cavabdeh 8 il müddətinə qoyduqları 9349 ədəd səhmdən əldə edilən 17950 manat 08 qəpik gəlirin hesablanaraq alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehin 8 ildir işlədiyi "xxxx" ASC-ə 20 ildir ki, payçı kimi qoyulan 9349 ədəd səhmin 8 ildir əldə etdiyi mənfəətdən 1 manat olsun ödənməmişdir. Belə ki, həmin səhmlər “X3 Şirkəti” QSC-ə 20 ildir ki, qoyulan səhmlərdən məlumatı yoxdur. Həmin qiymətli kağızlardan əldə edilən mənfəətdən 1 manat da olsun ödənməmişdir. Hətta həmin ASC-in hazırki rəhbəri (cavabdeh) qeyriqanuni konserv zavoduna alsa da, onların əmlakları müəyyən edilməmişdir. Qeyriqanuni satılan konserv zavoddan da paylarını və əldə edilən mənfəətdən pul verilməmişdir. Cavabdeh işlədiyi 8 il müddətində qeydi-qanuni işləsə də, heç bir ödəniş etməmiş, həmin çeklərdən gələn mənfəəti mənimsəməklə həmin sözügedən ASC-ə aid olan zavodu satmışlar. Dəfələrlə cavabdehə ona səhmlərin faizini verməsini tələb etsə də, əhəmiyyət verməmişdir. O, vəzifə səlahiyyətlərindən istifadə edərək onun səhmlərinə görə əldə etdiyi pulla iribuynuzlu mal-heyvan alaraq zavodun binasında saxlayır. Ona da ödəniş etmir. Göstərdiklərinə əsasən Cavabdeh qarşı 8 il müddətinə qoyduqları 9349 ədəd səhmdən əldə edilən gəlirin hesablanaraq alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat vermis İddiaçı göstərmişdir ki, cavabdeh tərəflə heç bir ədavəti olmamışdır. Cavabdeh "xxxx" ASC-ni 8 ildir ki, özəlləşdirmişdir. Həmin 8 il müddətində o, əldə etdiyi mənfəətdən bir manat olsun payçılara verməmişdir. Onun 9349 ədəd səhmi mövcuddur. Dəfələrlə ona bu barədə müraciət etsə də heç bir nəticə əldə olunmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Əvvəlcə məhkəmədə Cavabdeh qarşı 8 il müddətinə qoyduqları 9349 ədəd səhmdən əldə edilən gəlirin hesablanaraq alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin sonradan iddia tələbi ilə bağlı dəqiqləşdirmə ərizəsi təqdim edərək Cavabdeh 8 il müddətinə qoyduqları 9349 ədəd səhmdən əldə edilən 17950 manat 08 qəpik gəlirin hesablanaraq alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İdiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İş materiallarında olan SMS bildirişdən görünür ki, Cavabdeh məhkəmə iclası yeri və vaxtı barədə məlumatlandırılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İş materiallarında olan ******* nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı İİ qrup əlildir. İş materiallarında olan Ələsgərli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 165 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Tərtər rayon Ələsgərli kənd İƏDii üzrə nümayəndəliyin Ələsgərli kəndində yaşayır. İş materiallarında olan "xxxx" MMC-i verdiyi rəydən görünür ki, Tərtər rayonu Nərimaniya kəndində yerləşən "xxxx" ASC-in İddiaçı məxsus 4,4890 faiz səhmə görə əldən çıxmış 12 faiz gəlirin real dəyəri 17950.08 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Tərtər Rayon Məhkəməsinin sorğusuna verilmiş cavab məktubundan görünür ki, "xxxx" ASC (VOEN **********) xx.xx.2005-ci il tarixdə hüquqi şəxs kimi qeydiyyata alınmışdır. Hüquqi ünvanı Tərtər rayonu, Ələsgərli kəndidir. Cəmiyyətin təqdim etdiyi arayışlara əsasən xx.xx.2011-ci il tarixdən xx.xx.2099-cu il tarixədək fəaliyyəti dayandırılmışdır. (xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək fəaliyyəti aktiv olmuşdur. Dövrlər üzrə vergi bəynnamələri tədim edilmədiyi üçün gəlirlər barədə məlumat verilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Tərtər Rayon Məhkəməsinin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin ödəlləşdirilməsinin Dövlət proqramına uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 452 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin Tərtər konserv zavodunun bazasında "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2017-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Eyni zamanda nəzərə çatdırılmışdır ki, müstəqil təsərrüfat subyekti olan "xxxx" ASC-in səhmdarları barədə məluamt almaq üçün aidiyyəti üzrə cəmiyyətin icra orqanına və ya qiymətli kağız mülkiyyətçilərinin reyestrini aparan təşkilat-Milli Depozit Mərkəzinə, o cümlədən cəmiyyətin fəaliyyəti ilə bağlı məlumat almaq üçün Dövlət vergi xidmətinə müraciət edilməsini məqsəduyğun hesab etmişlər. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)- 1340/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə ərizəçi İddiaçı atası xx.xx.2014-cü il tarixdə vəfat etmiş mərhum İddiaçı miras qalmış "xxxx" ASC-in 9349 (doqquz min üç yüz qırx doqquz) ədəd (4,4890 faiz nisbəti) qiymətli kağızların onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi X5 və o miras əmlakdan tam hissədə pay almalıdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-1340/2024 nömrəli qətnaməsinə əsasən mərhum X2 ödəniləcək "xxxx" ASC-in 9349 ədəd qiymətli kağızlarından ibarətdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı atası mərhum Akif Zamanovdan miras qalmış "xxxx" ASC-in 9349 ədəd qiymətli kağızları onun tərəfindən miras əmlak kimi qəbul edilmişdir. Bu halları sübut edən mötəbər sənədlər mülki işin materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)- 1340/2024 nömrəli qətnaməsi və xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə təsdiq edilmişdir. İddiaçı həmin səhmlərə görə mənfəətindən dividendləri almaq üçün "xxxx" ASC-ni özəlləşdirmiş Cavabdeh müraciət etmişdir. Lakin müsbət nəticə olmadığı üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında izahat vermiş İddiaçı göstərmişdir ki, Cavabdeh "xxxx" ASC-ni 8 ildir ki, özəlləşdirmişdir. Həmin 8 il müddətində o, əldə etdiyi mənfəətdən bir manat olsun payçılara verməmişdir. Onun 9349 ədəd səhmi mövcuddur. Dəfələrlə ona bu barədə müraciət etsə də heç bir nəticə əldə olunmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı iddia ərizəsində 8 il müddətində qoyduğu 9343 ədə səhmdən əldə edilən 17950 manat 08 qəpik gəlirin alınıb ona verilməsini xahiş etsə də konkret olaraq hansı illərdən bəhs edildiyini qeyd etməmişdir. Hətta o, dəqiqləşdirmə ilə bağlı təqdim etdiyi ərizəsində belə həmin illərlə bağlı göstərməmiş, eləcə də də iddiaçı "xxxx" ASC-in fəaliyyəti və qazansı barədə hər hansı bir sübutu məhkəyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Tərtər Rayon Məhkəməsinin sorğusuna verilmiş cavab məktubunda, "xxxx" ASC (VOEN **********) xx.xx.2005-ci il tarixdə hüquqi şəxs kimi qeydiyyata alınmışdır. Hüquqi ünvanı Tərtər rayonu, Ələsgərli kəndidir. Cəmiyyətin təqdim etdiyi arayışlara əsasən xx.xx.2011-ci il tarixdən xx.xx.2099-cu il tarixədək fəaliyyəti dayandırılmışdır. (xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək fəaliyyəti aktiv olmuşdur. Dövrlər üzrə vergi bəynnamələri tədim edilmədiyi üçün gəlirlər barədə məlumat verilməsi mümkün olmadığı qeyd edilmişdir. Göründüyü kimi "xxxx" ASC-in xx.xx.2011-ci il tarixdən xx.xx.2099-cu il tarixədək fəaliyyəti dayandırılmışdır ki, bu da Cəmiyyətin hər hansı bir qazanca malik olmadığına dəlalət edir. Məhkəmə ona görə də ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddiaçının "xxxx" ASC-in fəaliyyətini və gəlir əldə etməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçının izahatını, sənədlərin təhlili nəticəsi ilə müəyyən etdi ki, iddiaçı "xxxx" ASC-in fəaliyyətini və gəlir əldə etməsini, onun iddia tələbinin konkret hansı illərə aid olmasını göstərə bilməməsini ziddiyyətli hallar kimi qiymətləndirmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və təqdim edilən sübutlar əsasında araşdırır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı iddia tələbini sübuta yetirə bilməmişdir. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Bununla da, məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən iddianın təmin edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinin j) bəndinə əsasən səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi fərdi əmək mübahisələrinin predmeti hesab edilir. Azərbaycan Respublikası 1077.1-ci maddəsinə əsasən səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İş materiallarını, iddiaçının izahatını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh 8 il müddətinə qoyduqları 9349 ədəd səhmdən əldə edilən 17950 manat 08 qəpik gəlirin hesablanaraq alınıb ona verilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh 8 il müddətinə qoyduqları 9349 ədəd səhmdən əldə edilən 17950 manat 08 qəpik gəlirin hesablanaraq alınıb ona verilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1039/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1039/2025
03.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver