Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1225/2025 29.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borca görə 10.000 manat, ödənilmiş dövlət rüsumuna görə 120 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh xalası oğlunun yeznəsi olmaqla qohumudur. Cavid 2024-cü ilin may ayında Tərtər raytonun Qaraqoyunlu kəndində qəssəbxana açdığı üçün ondan borca 5000 manat pul istəmiş və etibar elədiyi üçün ona borc olaraq 5000 manat pul verminşdir. Həmin ilin avqust ayında isə Bakıda qəssəbxana açdığını bildirərək əlavə olaraq 3000 manat borca pul istəmiş və əlavə olaraq cavabdehə 3000 manat borc vermişdir. Ümumilikdə cavabdehə 8000 manat borca pul vermişdir. Lakin cavabdeh ondan borca götürdüyü pulları qaytarmamışdır. Cavabdeh cəmi 04 ay, hər dəfə 400 manat olmaqla ona pul qaytarmışdır. Ötən müddət ərzində pul dəyərdən düşdüyü üçün cavabdehdən əlavə olaraq 2000 manat, cəmi borcla birlikdə isə 10000 manat istəyir. Tələb etsə də cavabdeh borcunu qaytarmamışdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun uzaq qohumudur. xx.xx.2024-cü il tarixdə iddiaçıdan ayda 10% ödəmək şərti ilə 5000 manat borc götürmüşdür. 01 il 04 ay ərzində hər həftənin 5-ci günü, mal bazarının son günü iddiaçıya 100 manat (bir ay ərzində 400 manat) pul ödəmişdir. Əslində iddiaçının pulunu artıqlaması ilə qaytarmışdır. Hazırda onun iddiaçıya borcu qalmamışdır. Ona görə də məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı tərəfdən şahid qismində ifadə verən X1 ifadəsində göstərmişdir ki, iddiaçı onun əri, cavabdeh isə həm sinif yoldaşı, həm də uzaq qohumudur. Cavabdeh onun ərindən 2024-cü ilin iyun ayının əvvəlində 5000 manat, həmin ayın sonunda isə 2000 manat borca pul almışdır. Cavabdeh iddiaçıya hər həftə 100 manat olmaqla, cəmi 01 ay pul qaytarmışdır. İşdə olan məhkəmə iclasında Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, iddiaçıdan 8000 manat deyil, xx.xx.2025-ci ildə 5000 manat borca pul götürdüyünü, şifahi razılaşmalarına əsasən hər ay iddiaçıya 400 manat verməli olduğunu, hər həftə 100 manat (bir ay ərzində 400 manat) olmaqla 01 il 04 ay müddətində iddiaçıya pul ödədiyini, borcunu artıqlaması ilə qaytardığını və hazırda iddiaçıya borcu qalmadığını qeyd etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 120 manat pul ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından və cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli ərizədən müəyyən olundu ki, Cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixdə borca pul götürmüşdür. İddiaçı borc məbləğinin ümumilikdə 8000 manat təşkil etdiyini və cavabdeh tərəfindən geri qaytarılmadığını iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmmə araşdırması zamanı cavabdeh iddiaçıdan xx.xx.2024-cü il tarixdə ayda 10% ödəmək şərti ilə sələmə 5000 manat borc götürdüyünü təsdiq etmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qaydada olaraq “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartlarını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. (Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı №25657/94 § 282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd etməyi lazım bilir ki, hazırkı iddia elə iddialardandır ki, burada sübut etmə yükü müvafiq olaraq borcun verilməsi, verilən borcun məbləği, eləcə də eləcə də pulun dəyərdən düşməsi ilə əlaqədar cavabdehdən əlavə olaraq 2000 manat pulun tutulmalı olmasına dair hissədə iddiaçı tərəfin, borcun qaytarılmasına dair hissədə isə cavabdehin üzərinə düşür. Məhkəmə iclasında iddiaçı cavabdehə ümumilikdə 8000 manat borc verdiyini, eləcə də pulun dəyərdən düşməsi ilə əlaqədar cavabdehdən əlavə olaraq 2000 manat pulun tutulmalı olmasını bildirsə də buna dair izahat verməkdən savayı məhkəməyə hər hansı bir mötəbər sübut təqqdim etməmişdir. Onun vermiş olduğu izahatı cavabdehin izahatı ilə qismən təkzib olunmuşdur. Məhkəmə iclasında cavabdehin özünün bildirməsinə əsasən onun iddiaçıdan xx.xx.2024-cü il tarixdə borca 5000 manat götürdüyü müəyyən olunsa da, həmin məbləğin 01 il 04 ay ərzində hər həftə 100 manat (bir ay ərzində 400 manat) pul ödəməklə artıqlaması ilə qaytarılması sübut olunmamışdır. Cavabdeh bu barədə məhkəməyə öz etirazını əsaslandıra biləcəlk hər hansı bir sübut təqdim etməmişdir. Bununla belə iddiaçı özü izahatında cavabdehin ona cəmi 04 ay və hər dəfə 400 manat olmaqla ona pul qaytardığını təsdiq etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı cavabdehdən borca görə 8000 manat, eləcə də pulun dəyərdən düşməsi ilə əlaqədar cavabdehdən əlavə olaraq 2000 manat pulun tutulmasını tələb etsə də, o, cavabdehə məhz 8000 manat pul verməsini, həmçinin pulun dəyərdən düşməsi ilə əlaqədar cavabdehdən əlavə olaraq 2000 manat pulun tutulmalı olmasını heç nə ilə sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti müqaviləvi öhdəliklərə aid olan borc münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin borcla bağlı normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq, yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən (borca görə 5.000 – 04 ay x 400 manat = 3400 manat) təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə çəkilmiş məhkəmə xərclərinin iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflər arasında bölüşdürülməsi məsələsinə hüquqi qiymət verərək hesab edir ki, iş üzrə ödənilmiş 120 manat dövlət rüsumu (3400 manat təmin edilən əsas məbləğ) x 100 : 10.000 manat (iddia olunan əsas məbləğ) = 34%; 34% x 120 (iddia vermək üçün ödənilmiş dövlət rüsumu) AZN : 100 = 40,8 manat) iddianın təmin edilmiş hissəsinə mütanasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Bu məqsədlə iddia vermək üçün ödənilmiş 120 manat dövlət rüsumunun 40.8 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 3400 manat pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumuna görə ödənilmiş 120 manat pulun 40.8 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.
Məhkəmə qərarları › İş №2(061)-1225/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1225/2025
29.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver