Məhkəmə qərarları › İş №2(061)-142/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-142/2025

04.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-142/2025 04.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, onun vəkili və vəkalətli nümayəndəsi Göygöl rayon Vəkil Bürosunun vəkili X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 14000 (on dörd min) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və nümayəndə (vəkili) X3 iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 17108 (on yeddi min yüz səkkiz) manat pul vəsaiti, 142 (yüz qırx iki) manat dövlət rüsumu və vəkil xidməti üçün ödədiyi 320 (üç yüz iyirmi) manat pul vəsaitinin alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qardaşı oğludur. Aralarınmda yaxın qohum kimi münasibətləri yaxşı olduğundan hətta cavabdehin ailəli və kirayədə qalmasını nəzərə alıb onun təklifi ilə ata yurdunda yaşamasına köməklik etmişdir. Bir sözlə birgə ailə kimi yaşamışlar. Cavabdeh olan qardaşı oğluna daima inanıb, güvənmişdir. xx.xx.2024-cü il tarixdə Ramil axşam işdən gəlib onunla söhbət əsnasında işə piyada gedib-gəlməkdə çətinlik çəkdiyində avtomobil almaq istədiyini və bəyəndiyi avtomobil olsa da maddi imkanı olmadığı üçün ala bilmədiyini bildirmişdir. Cavabdeh ona avtomobil almaq üçün borc pul istəmişdir. Ona maddi imkanı olmadığını, lakin ona kömək məqsədi ilə bankdan kredit götürüb ona verə biləcəyini, cavabdeh də krediti vaxtında ödəyəciyinə söz vermişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh və anası ilə birlikdə “Azərbaycan Beynəlxalq Bank”ın Tərtər filialından 48 ay müddətinə, 14,9 faiz ödəmək şərti ilə 14000 manat məbləğində kredit götürərək tam şəkildə cavabdehə vermişdir. Cavabdeh ailə üzvlərinin yanında krediti hər ay ödənişlərini ödəyəcəyinə söz vermişdir. Həmin pulla cavabdeh özünə ** LY *** dövlət qeydiyyat nişanlı, “Ford Fucion” markalı avtomobil almışdır. Lakin bundan sonra cavabdehlə aralarında soyuq münasibət yaranmışdır. Bunun nəticəsində cavabdeh qəsdən məqsədli şəkildə son üç aydır ki, ödəniş etməmişdir. Nəticədə bank aylıq ödənişi gecikmiş faizlə birlikdə onun əmək haqqından tutmuşdur. Bu isə onun maddi vəziyyətini daha da çətinləşdirir. Bu və digər məsələlərə görə qardaşı oğlu Ramil və onun ailəsi ilə münaqişələrə gətirib çıxartmışdır. Həmin münaqişə ilə bağlı Tərtər rayon Polis Şöbəsinə müraciət etmiş, hazırda araşdırma yekunlaşmışdır. Həmin araşdırma vaxtı izahatı alınmış qardaşı oğlu Cavabdeh həqiqətən ondan 14000 manat pul aldığını, lakin maddi imkanı olmadığından qaytara bilmədiyini göstərmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh 14000 (on dörd min) manat pulun alınıb ona verilməsi barədə iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili və vəkalətli nümayəndəsi Göygöl rayon Vəkil Bürosunun vəkili X3 göstərmişdir ki, iddiaçı 26 yanvar 2024-cü ildə "xxxx" ASC-in Tərtər Filialından 48 ay müddətinə,14,9 faizilə 14000 manat pul götürərək Cavabdeh vermişdir. Həmin pulla Ramil özünə avtomobil almışdır. Ramil iddiaçının qardaşı oğludur. Cavabdeh həmin kredit məbləğindən cəmi 2328 manat pul ödəmiş, lakin xeyli müdətdir ki, ödəniş etmir. Məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək Cavabdeh 17108 (on yeddi min yüz səkkiz) manat pul vəsaiti, 142 (yüz qırx iki) manat dövlət rüsumu və vəkil xidməti üçün ödədiyi 320 (üç yüz iyirmi) manat pul vəsaitinin alınıb İddiaçı verilməsini xahiş etmişlər. Beləliklə cavabdehin iddiaçıya olan borcu ümumilikdə 18668 manat təşkil etmişdir. Beləliklə cavabdehin ödədiyi məbləğ çıxılmaqla cavabdehin idiaçıya olan borcu 16340 manat təşkil etmişdir. Həmin pul mübahisəsi ilə bağlı aralarında yaranmış münaqişə zamanı Cavabdeh İddiaçı döymüş və ona yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Bununla bağlı CM-in 128-ci maddəsi ilə cinayət işi açılmış və istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtər Rayon Məhkəməsində həmin cinayət işinə baxılarkən iddiaçı qohum olduqlarını nəzərə alıb onu bağışlamış və cavabdeh barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Həmin pul iddiaçının əmək haqqından tutulur. Hazırda Cavabdeh iddiaçıya olan borcu 16340 manat pul vəsaiti, 142 manat dövlət rüsumu və 320 manat vəkil xidmət haqqından ibarətdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli elektron vəkil orderindən (müqavilə № EM- 1747VK-11437/24) görünür ki, İddiaçı Göygöl rayon Vəkil Bürosunun vəkili X3 ilə müqavilə bağlayaraq ona etibarnamə vermiş və məhkəmə iclasılarında hüquqlarını müdafiə etməyi həvalə etmişdir. Cavabdeh məhkəmə iclasında göstərmişdir ki, İddiaçı onun xahişi ilə 26 yanvar 2024-cü ildə "xxxx" ASC-in Tərtər Filialından 48 ay müddətinə,14,9 faizilə, 14000 manat pul götürərək ona vermişdir. O, həmin kredit məbləğindən 6 ay müddətində 2328 manat ödəmişdir. Lakin İddiaçı ilə aralarında olan mübahisələr görə 6 ay ödəniş etməmişdir. Onun həmin pulu birdəfəlik ödəməyə imkanı olmadığını, ancaq kredit üzrə aylıq ödənişləri edə biləcəyini göstərmişdir. Göstərdiklərinə əsasən iddianın 14000 manat məbləğindən ödədiyi hissə çıxılmaqla qalan hissənin təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli CL-EE002866915 nömrəli istehlak krediti müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə müraciət edərək 48 ay müddətinə, illik 14,9 faiz ödəmək şərti ilə, 14000 manat kredit götürmüşdür. İş materiallarında olan istehlak krediti müqaviləsi üzrə standart məlumatlandırma formasının surətindən görünür ki, kredit götürən şəxs İddiaçı tərəfindən ödəniləcək məbləğ əsas borc üzrə 14000 manat, faiz borcu üzrə 4667,96 manat (cəmi : 18667,96 manat) təşkil edir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 1(061)-09/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxs İddiaçı ilə barışması ilə əlaqədar xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə iddiaçının vəkalətli nümayəndəsinin və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, həqiqətən məhkəmə iclasında iddiaçı və cavabdeh tərəfin izahatları ilə təsdiq edilir ki, cavabdehin iddiaçıya pul borcu vardır və həmin pulu qaytarmamışdır. Yalnız tərəflər arasında pulun ümumi məbləği ilə bağlı mübahisə mövcuddur. Belə ki, məhkəmə iclasında izahat vermiş iddiaçının vəkalətli nümayəndəsi Namiq Həsənov göstərmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh xahişi ilə "xxxx" ASC-dən illik 14,9 faiz olmaqla, 48 ay müddətinə, 14000 manat ktediti götürüb ona vermişdir. Həmin məbləğ 4667,96 manat faizlə birlikdə 18668 manat təşkil etmişdir. Cavabdeh bir müddət krediti ödəmiş, lakin sonradan gecikmələr olduğu üçün iddiaçı ilə cavabdehin arasında bu səbəbdən mübahisələr olmuş, cavabdeh iddiçını döymüş, barəsində cinayət işi açılmış, lakin iddiaçı məhkəməyə ondan şikayət və tələbi olmaması ilə bağlı ərizə verdiyi üçün cinayət işinin icraatına xitam verilmişdir. Cavabdeh özünün də dediyi kimi kredit məbləğində 6 ay ödəmiş və həmin məbləğ ümumilikdə 2328 manat təşkil etmişdir. Beləliklə hazırda Cavabdeh İddiaçı 17108 manat pul borcu qalmışdır. Həmin məbləğdə pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh göstərmişdir ki, həqiqətən İddiaçı "xxxx" ASC-dən 14000 manat götürüb ona vermişdir. Həmin kredit məbləğindən 2328 manat hissəsini ödəmişdir. Lakin iddiaçı ilə həmin pulla bağlı mübahisə yarandığından kreditin aylıq ödənişini etməmişdir. Odur ki, ümumi məbləğin 14000 manat olmaqla həmin məbləğdən ödədiyi 2328 manat pulun çıxılmasını və həmin məbləğin təmin edilməsini xahiş etmişdir. İstər iddiaçı tərəf, istərsə də cavabdeh borcun göstərdikləri məbləğdə olmasını təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmiş, hər iki tərəf öz şəxsi mülahizələrinə əsasəlanaraq izahat vermişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərdən görünür ki, iddiaçı dəfələrlə pulunu cavabdehdən tələb etmiş, lakin cavabdeh hər dəfədə yalan vədlər verərək sözünə əməl etməmişdir. Bu səbəbdən onların arasında mübahisə olmuş, nəticədə cavabdeh iddiaçını döymüş və onun barəsində cinayət işi açılmışdır. Cinayət işinə məhkəmədə baxılarkən iddiaçı humanistlik göstərərək qohum olduqlarını və digər səbəbləri nəzərə alaraq idiaçı barəsində şikayət, tələbinin olmadığını bildirmiş və beləlıiklə cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə iclasında izahat vermiş iddiaçının vəkalətli nümayəndəsi cavabdehin iddiaçıya 17108 manat pul borclu olduğunu və borcu qaytarmadığını, eləcə də Cavabdeh izahatında iddiaçıya özünün şəxsi mülahizələrinə əsaslanaraq göstərdiyi məbləğdə pul borcu olduğunu, lakin maddi vəziyyəti ilə bağlı həmin borcu birdəfəyə qaytara bilmədiyini göstərmişdir. Bunlara baxmayaraq məhkəmə elan olunmuş mötəbər sübutlara əsalanaraq, eləcə də hər iki tərəfin məhkəmə iclasında verdikləri izahatlarında cavabdehin ümumi borc məbləğindən 2328 manat hissəsini ödəməsi ilə bağlı göstərdiklərinə əsasən hesab edir ki, cavabdehin hazırkı vəziyyətdə iddiaçıya olan borcu 16340 manat təşkil edir. Məhkəmə iclasında elan olunmuş mötəbər sübutlatlarla bu fakt tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdeh tərəf iddia tələbini təkzib etmək üçün məhkəməyə hər hansı bir sənəd təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı dəfələrlə pulunu ondan tələb etmiş, lakin cavabdeh borcu tam qaytarmamışdır. Bununla da məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan 16340 manat borcunu qaytarmamışdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, cavabdeh iddiaçının bankdan 14000 manat kredit götürərək ona verdiyini etiraf etmiş, həmin kredit məbləğinin 4667,96 manat hissəsini nəzərə almamışdır. Hansı ki, həmin məbləğ də kredit ödənərkən ödəniş edilməli məbləğ təşkil edir. Məhkəmə iclasında tam sübut olunmuşdur ki, iddiaçı bankdan 48 ay müddətinə, 14,9 faiz ödəmək şərti ilə, 14000 manat kredit götürərək cavabdehə vermişdir. Məhkəmə iclasında elan olunmuş istehlak krediti müqaviləsi üzrə standart məlumatlandırma formasının surətində, kredit götürən şəxs İddiaçı tərəfindən ödəniləcək məbləğin əsas borc üzrə 14000 manat, faiz borcu üzrə 4667,96 manat (cəmi: 18667,96 manat) təşkil etdiyi öz təqsdiqini tapmışdır. Göründüyü kimi faiz məbləği də ümumi kredit məbləğini təşkil etmişdir. Cavabdehin iddiaçıya pul borclu olmasını və borcunu qaytarmadığıını təsdiq edən yuxarıda qeyd olunan özünün etirafedici izahatını və digər sənədləri həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-in 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». Məhkəmə hesab edir ki, borc münasibətlərinin mövcudluğu üçün tərəflər arasında borc müqaviləsi bağlanmalıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsi borc münasibətlərinin mövcudluğu üçün onlar arasında şifahi qaydada borc müqaviləsinin bağlanmasını da mümkün hesab edir. Ona görə də tərəflər arasında yazılı qaydada tərtib olunmuş borc müqaviləsinin olmaması borc müqaviləsinin ümumiyyətlə mövcud olmaması kimi qəbul etmək olmaz. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi 16340 (on altı min üç yüz qırx) manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquqi normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 142 (yüz qırx iki) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. İş materiallarında olan hüquqi yardım göstərilməsi haqqında № EM-1747VK- 16136/24 nömrəli müqavilənin surətindən görünür ki, Nəcəfova X2 Rayon Vəkil Bürosunun vəkili X3 ilə müqavilə bağlamış və vəkilin ona hüquqi yardım göstərməsi üçün 320 manat pul vəsaiti ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının və cavabdehin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16340 (on altı min üç yüz qırx) manat pul vəsaiti, 142 (yüz qırx iki) manat dövlət rüsumu və vəkil xidməti üçün iddiaçı tərəfindən ödənilmiş 320 (üç yüz iyirmi) manat pul vəsaiti alınıb İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16340 (on altı min üç yüz qırx) manat pul vəsaiti, 142 (yüz qırx iki) manat dövlət rüsumu və vəkil xidməti üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat pul vəsaiti alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar