Məhkəmə qərarları › İş №2(061)-148/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-148/2025

28.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-148/2025 28.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı 3500 manat pulun alınıb ona verilməsi tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 3500 (üç min beş yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, şəhid ailəsidir, Cavabdeh onunla qonşuluqda yaşayır və N № li hərbi hissədə gizir vəzifəsində çalışır. Cavabdeh təxminən 2024-cü ilin yanvar ayında 6 (altı) ay müddətinə qaytarmaq şərti ilə onun etibarından sui-istifadə edərək ondan 3500 (üç min beş yüz) manat miqdarında borc pul almışdır. (Bu faktı təsdiq edən diski ərizəyə əlavə edir). Göstərilən müddət tamam olduqda Cavabdeh pullarının qaytarlılmasını tələb etməyə başlamışdır. Lakin cavabdeh onun verdiyi borc pulunu qaytarmaqdan imtina etmişdir. Buna görə də o, pulunun qaytarılmasına nail olmaq üçün əvvəlcə N №li hərbi hissəyə (korpusa) şikayət etmişdir. Şikayətinə baxılmış hər ikisinin izahatları alınmışdır. Lakin cavabdeh yenə də ona verdiyi borc pulu qaytarmaqdan imtina etmişdir. Belə olduqda o pulunun məcburi qaytarılmasına nail olmaq üçün məhkəməyə müraciət etməli olmuşdur və inanır ki, məhkəmə cavabdehin ondan borc adı altında aldığı 3500 (üç min beş yüz) manat miqdarında pulunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxaracaqdır. İddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı qismində izahat vermiş İddiaçı iddia ərizəsində göstərilənləri bir daha təsdiq edərək göstərmişdir ki, cavabdehlə qonşuluqda yaşayırlar. Özü də Şəhid ailəsidir. Cavabdeh 2024-cü ilin yanvar ayında 6 (altı) ay müddətinə qaytarmaq şərti ilə uşağının müalicəsi üçün ondan 3500 manat pul almışdır. Cavabdeh söz verdiyi müddətdə pulu qaytarmadığı üçün pulunu ondan tələb etmiş, lakin ala bilməmişdir. Buna görə də o, pulunun qaytarılması üçün üçün əvvəlcə cavabdehin işlədiyi N №li hərbi hissəyə (korpusa) şikayət etmişdir. Şikayətinə baxılmış hər ikisinin izahatları alınmışdır. Lakin cavabdeh yenə də ona verdiyi borc pulu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən o, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiasının təmin edilməsi haqqında qətnamə qəbul edilməsini bir daha xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh qismində izahat vermiş Cavabdeh göstərmişdir ki, iddiaçı ilə heç bir ədavəti olmamış, münasibətləri yaxşı olmuşdur. Məhkəmə hazırlıq iclasında yazdığı ərizəsini təsdiq etmiş, iddianı qismən qəbul etdiyini bildirmişdir. Həqiqətən də hərbiçi olmaqla iddiaçı ilə qonşu olmuşlar. İddiaçıdan 3250 (üç min iki yüz əlli) manat pulu faizə götürmüşdür. Həmin məbləğdə pulu hər ay 100 manat ödəməyə hazırdır. Bu barədə qətnamə çıxarılmasına etirazı yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixdə Tərtər RPŞ tərəfindən verilmiş seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixdə verilmiş seriya № 003539 saylı vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı “Şəhid” ailəsidir. İş materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti Tərtər rayon Mənzil İstehsalat Təmir-İstismar sahəsinin 537 saylı xx.xx.2024-ci il tarixli arayışından görünür ki, İddiaçı Tərtər şəhəri Nizami küçəsi 40 nömrəli binanın 23-cü mənzilində yaşayır. Məhkəmə iddiaçının, cavabdehin izahatlarını, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdirması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ümumilikdə 3250 manat borc pul istəmişdir. İddiaçı qonşuluqda yaşadıqlarından, münasibətləri yaxşı olduğu üçün ona inanıb həmin məbləğdə pulu borc olaraq vermişdir. Cavabdeh İddiaçı 3250 manat pul borclu olmasını məhkəmə iclaslarında verdiyi izahatlarında, yazdığı ərizədə etiraf etmiş, lakin həmin borcu qaytarması və ya ona borclu olmaması barədə hər hansı bir fikir söyləməmişdir. Pulu vaxtında qaytarmadığı üçün iddiaçı cavabdehdən pulunu tələb etmiş, lakin ala bilməmişdir. Odur ki, iddiaçı məhkəmədə cavabdehdən 3500 manat borcunun alınıb ona verilməsi tələbi ilə bağlı iddia qaldırmağa məcbur olmuşdur. Məhkəmə iclasında izahat vermiş İddiaçı cavabdehin hazırda ona 3500 manat borcu olduğunu bildirmişdir. Lakin borc verdiyi məbləğin 3500 manat olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə edilmiş cavabdehin ərizəsindən görünür ki, iddiaçı ilə heç bir ədavəti olmamış, münasibətləri yaxşı olmuşdur. Məhkəmə hazırlıq iclasında yazdığı ərizəsini təsdiq edir. Belə ki, iddianı qismən qəbul edir. Həqiqətən də hərbiçi olmaqla iddiaçı ilə qonşu olmuşlar. İddiaçıdan 3250 (üç min iki yüz əlli) manat pulu faizə götürmüşdür. Həmin məbləğdə pulu hər ay 100 manat ödəməyə hazırdır. Bu barədə qətnamə çıxarılmasına etirazı yoxdur. İddiaçı dəfələrlə pulunu cavabdehdən tələb etmiş, lakin cavabdeh hər dəfə yalan vədlər verərək sözünə əməl etməmişdir. Bununla da Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan borcu 3250 manat təşkil edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, cavabdeh tərəf iddia tələbini təkzib etmək üçün məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Cavabdehin iddiaçıya həmin məbləğdə pul borclu olmasını və borcunu qaytarmadığını təsdiq edən yuxarıda qeyd olunan sənədləri həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, cavabdeh hazırkı vəziyyətdə iddiaçıya olan 3250 manat borcunu qaytarmamışdır. Bununla da o, iddiaçının qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmiş və aralarında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri orada aydın izah edilməlidir». Məhkəmə hesab edir ki, borc münasibətlərinin mövcudluğu üçün tərəflər arasında borc müqaviləsi bağlanmalıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsi borc münasibətlərinin mövcudluğu üçün onlar arasında şifahi qaydada borc müqaviləsinin bağlanmasını da mümkün hesab edir. Ona görə də tərəflər arasında yazılı qaydada tərtib olunmuş borc müqaviləsinin olmaması borc müqaviləsinin ümumiyyətlə mövcud olmaması kimi qəbul etmək olmaz. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquqi normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası MPM-in 117-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə çəkilmiş məhkəmə xərclərinin iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflər arasında bölüşdürülməsi məsələsinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının şəhid ailəsi olmaqla dövlət rüsumunu ödəməkdən azad olunması nəzərə alınmaqla iş üzrə ödənilməli olan dövlət rüsumu (3250 manat (təmin edilən əsas məbləğ) x 100 : 3500 manat (iddia olunan əsas məbləğ) = 92%; 92% x 55 (iddia vermək üçün ödənilməli dövlət rüsumu) AZN : 100 = 50,60 manat iddianın təmin edilmiş hissəsinə mütanasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Bu məqsədlə iddia vermək üçün ödənilməli olan 55 manat dövlət rüsumunun 40 (qırx) manat 60 (altmış) qəpik hissəsi cavabdehdən alınaraq dövlət mədaxilinə ödənilməli, dövlət rüsumu qalan 10 manat hissəsi dövlət hesabına aid edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının, cavabdehin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir, Cavabdeh 3250 (üç min iki yüz əlli) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3250 (üç min iki yüz əlli) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan 50 (əlli) manat 60 (altmış) qəpik dövlət rüsumunun 40 (qırx) manat 60 (altmış) qəpik hissəsi Cavabdeh tutularaq dövlət mədaxilinə ödənilsin. Dövlət rüsumu qalan 10 (on) manat hissədə isə dövlət hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar