Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1992/2025 30.01.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borca görə 1400 manat, mənəvi zərərə görə 500 manat pulun tutularaq ona verilməsi, məhkəmə xərci və dövlət rüsumunun cavabdehin üzərinə yönəldilməsi və borc kredit kartından verildiyi üçün ödənilmiş kredit faizlərinin cavabdehin üzərinə keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh uşağının xəstə olmasını bildirərək ondan borca pul istəmiş, 2025-ci ilin iyul ayında cavabdehə kart vasitəsi ilə 1115 manat borca pul vermişdir. Cavabdeh 10 gün müddətə borcu qaytaracağını bildirsə də, borcu vaxtında qaytarmamışdır. Ona görə də cavabdeh hər ay əlavə 30 manat ödəməyə söz verərək ona ümumilikddə 1400 manat pul qaytarmalı idi. Bu barədə cavabdeh ona yazılı qəbz vermişdir. Lakin, tələb etsə də, cavabdeh borcunu qaytarmamışdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda iddiasını qismən müdafiə edərək cavabdehdən 1400 manat pulun alınıb ona verilməsini xahiş edir. İddianı qalan hissədə müdafiə etmir. O, bu barədə məhkəməyə xx.xx.2026-cı il tarixli ərizə təqdim etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qismən etiraf edib, məhkəməyə xx.xx.2026-cı il tarixli ərizə təqdim edərək, iddianı qismən qəbul etdiyini, borca görə 1400 manat pulu iddiaçıya ödəməyə razı olduğunu, mənəvi ziyana görə 500 manat tələbinə dair hissədə isə iddianı qəbul etmədiyini bildirərək həmin hissədə iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddaçının iddianı qismən müdafiə etməsinə, cavabdehin isə iddianı qismən etiraf etməsinə dair izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıddan borca pul istəmiş, 2025-ci ilin iyul ayında iddiaçı cavabdehə kart vasitəsi ilə 1115 manat borca pul vermişdir. Cavabdeh 10 gün müddətə borcu qaytaracağını bildirsə də, borcu vaxtında qaytarmamışdır. Cavabdeh hər ay əlavə 30 manat ödəməyə söz verərək ona 1400 manat pul qaytarmağı öhdəsinə götürmüş, bu barədə cavabdeh iddiaçıya yazılı qəbz (məhkəmə iclasında cavabdeh qəbzin onun tərəfindən verildiyini təsdiq etmişdir) vermişdir. Lakin, cavabdeh borcunu qaytarmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh məhkəməyə xx.xx.2026-cı il tarixli ərizə təqdim edərək iddianı qismən etiraf edib iddiaçıya 1400 manat pul verməyə razı olduğunu, o cümlədən iddiaçı məhkəməyə xx.xx.2026-cı il tarixli ərizə təqdim edib iddiasını qismən müdafiə edərək cavabdehdən 1400 manat pulun alınıb ona verilməsini xahiş etmiş, iddianı qalan hissədə müdafiə etmədiyini bildirmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarını əsas götürərək və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə hesab edir ki, cavabdeh tərəfindən iddianın qismən etiraf olunması qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də cavabdehin iddianı qismən etirafı təsdiq edilməli, iddia qismən təmin olunaraq cavabdehdən borca görə 1400 manat pul alınaraq iddiaçıya verilməli, qalan hissədə isə iddia təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinin müəyyən etdiyi qaydaya görə iddia məbləği 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi, iddiaçı müharibə veteranı kimi dövlət rüsumunu ödəməkdən azad olunduğu, habelə iddiaçının tələb etdiyi məbləğ 1900 manat olduğundan, lakin təmin edilən (ödənilməsi qət edilən) məbləğ isə 1400 manat olduğundan iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumuna görə ödənilməli olan 39 manat pulun 34 manat hissəsi Cavabdeh pul tutularaq dövlət mədaxilinə ödənilməli, qalan hissədə isə dövlət rüsumu dövlət hesabına aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdehin qismən iddianı etiraf etməsi təsdiq edilsin və iddia qismən təmin olunsun. Cavabdeh borca görə 1400 manat İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumuna görə ödənilməli olan 39 manat pulun 34 manat hissəsi Cavabdeh pul tutularaq dövlət mədaxilinə ödənilsin, qalan hissədə dövlət rüsumu dövlət hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV
Məhkəmə qərarları › İş №2(061)-1992/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1992/2025
30.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver