Məhkəmə qərarları › İş №2(061)-452/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-452/2025

12.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-452/2025 12.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim QubadovTahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 12 may 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borca görə 20.000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin ünvanına məhkəmə bildirişi göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh onun tanışıdır. Cavabdeh çayxana işlətmək məqsədi ilə pula ehtiyacı olduğundan ondan borca pul istədiyi üçün ona 20.000 manat pul vermişdir. Cavabdeh ondan borc pul alarkən 20.000 manat borca dair xx.xx.2023-cü il tarixli qəbz yazıb vermiş və 06 ay müddətinə qaytaracağını bildirmişdir. Lakin, müddətin keçməsinə baxmayaraq, cavabdeh vədinə əməl etməmişdir. Sözügedən pul tələbi ilə əvvəl də məhkəmədə iddia qaldırmış, həmin iddiaya məhkəmədə baxılarkən cavabdeh borcunu birdəfəyə 5000 manat ödəməklə bağlayacağını bildirdiyi üçün məhkəməyə ərizə verərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanmışdır. Lakin cavabdeh yenə də vədinə əməl etməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İşdə olan Cavabdeh adından yazılmış xx.xx.2023-cü il tarixli yazılı qəbzdən görünür ki, o, İddiaçı xx.xx.2023-cü il tarixdə 06 ay müddətə qaytarmaq şərti ilə 20.000 manat borc aldığını və qaytarmayacağı təqdirdə məsuliyyət daşıyacağını qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının izahatından, araşdırılan iddia ərizəsi və məhkəmə iclasında tədqiq edilən tərəflər arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli yazılı qəbzdən müəyyən olundu ki, Cavabdeh İddiaçı 06 ay müddətinə qaytarmaq şərti ilə 20.000 manat məbləğində borca pul almışdır. Lakin, müddətin keçməsinə baxmayaraq, cavabdeh öhdəliyinə əməl etməmiş və iddiaçıya olan borcunu qaytarmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edildiyi kimi məlumat verilməsinə baxmayaraq Cavabdeh oğlu məhkəmə araşdırmasında iştirak etməmiş, nə də ki, iddiaya qarşı öz etirazını və etirazını əsaslandıran sübutları məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. İddiaçı məhkəmə iclasında verdiyi izahatla yanaşı, məhkəməyə təqdim etdiyi cavabdehin verdiyi borc sənədinin, yəni yazılı qəbzin onda olması ilə cavabdehin ondan götürdüyü borcu qaytarmadığını isbat edə bilmişdir. Məhkəmə iddia ərizəsinə, iddiaçının məhkəməyə təqdim etdiyi etdiyi xx.xx.2023-cü il tarixli yazılı qəbzə və iddiaçının məhkəmə iclasında verdiyi izahata qarşılıqlı şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı öz iddiasını sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə işin yuxarıda müəyyən olunan faktiki hallarına əsasən bu qənaətə gəlir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti müqaviləvi öhdəliklərə aid olan borc münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklər və borcla bağlı normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Mcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddianın həm faktiki, həm də ki, hüquqi əsası vardır. Ona görə də iddia tam təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı müharibə veteranı olmaqla dövlət rüsumunu ödəməkdən azad olunduğundan iş üzrə ödənilməli olan 150 manat dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 20.000 manat pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan dövlət rüsumuna görə 150 manat pul Cavabdeh tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar