Məhkəmə qərarları › İş №2(061)-63/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-63/2025

27.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-63/2025 27.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı cavabdehdən 2024-cü ilin yanvar ayından aldığı 2200 (iki min iki yüz) manat məbləğində əsas borcun, həmin məbləğdə bu müddət ərzində hesablanmış bank faiz dərəcələri əlavə edilməklə və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında ərizə təqdim edərək növbəti məhkəmə iclasılarında iştirak edə bilməyəcəyini və iştirakı olmadan işə baxılıb iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh tanışlıqları əsasında problemlərinin həll edilməsi, yəni uşağın müalicəsi adı ilə onun etibarından sui istifadə edərək ondan 2200 manat məbləğində pulu borc olaraq bir ay müddətə qaytarmağa vəd versə də mənimsəmiş və bu günə kimi qaytarmaqdan imtina etmişdir. Hətta onun telefon zənglərinə cavab verməmişdir. Onun bu qanunsuz hərəkətləri ilə bağlı ərazi üzrə Tərtər Rayon Polios Şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Polis Şöbəsində araşdırma aparıldıqdan sonra Cavabdeh ona məxsus pul vəsaitini qaytarmamaqla xeyli miqdarda ziyan vurmuşdur. Belə olan halda, Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Beləliklə Cavabdeh borc əsasında alıb qaytarmadığı 2200 manatın üzərinə əlavə olaraq bank faiz dərəcələri və ödənilmiş dövlət rüsumu da əlavə edilməklə, alınıb ona qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh 2024-cü ilin yanvar ayından aldığı 2200 (iki min iki yüz) manat məbləğində əsas borcun, həmin məbləğdə bu müddət ərzində hesablanmış bank faiz dərəcələri əlavə edilməklə və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş Tərtər rayon Umudlu kənd İƏD-i üzrə nümayəndənin verdiyi xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh hazırda ərazidə yamadığından məhkəmə bildirişi üzrə məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İş materiallarına əlavə edilmiş 09 yanvar 2024-cü il tarixdə mobil telefona göndərilmiş SMS -in fotoşəkilindən görünür ki, "xxxx" yazılmış səhifədə 2200 manat Unibank KB ASCdən verilmiş **********336442 nömrəli karta pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş ********* saylı qəbzin surətindən görünür ki, 09 yanvar 2024-cü il tarixdə saat 11:30-da Unibank KB ASC-dən verilmiş **********336442 nömrəli karta köçürülmüş 2200 manat pul ATB-dən çıxarılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, İddiaçı Tərtər Rayon Məhkəməsinin hesabına 42 manat dövlət rüsumu köçürmüşdür. Məhkəmə iddiaçının iddia ərizəsini, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdirması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan razılaşmaya əsasən qaytarmaq şərti ilə 2200 manat cavabdeh iddiaçıdan pul almışdır. Tərəflər arasında yaranmış mübahisə ilə bağlı iddiaçı Tərtər rayon Polis Şöbəsinə, daha sonra həmin mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində iddiaçı Cavabdeh uşağının müalicəsi adı ilə ondan 2200 manat pul aldığını, lakin hazırki vaxta qədər pulu qaytarmadığını, dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdehdən pulunu ala bilmədiyini, əvvəl cavabdehə qarşı pul tələbi ilə Tərtər rayon Polis Şöbəsinə, sonra isə Tərtər Rayon Məhkəməsinə müraciət etdiyini və iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbində 2200 manat pul tələbi ilə yanaşı həmin məbləğə bu müddət ərzində hesablanmış bank faiz dərəcələri əlavə edilməklə alınınb ona verilməsini də xahiş etmiş, lakin konkret olaraq həmin məbləğin nə qədər təşkil etməsi barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, eləcə də bununla bağlı hesablamalar aparılması barədə müvafiq rəy alınması üçün vəsatət verməmişdir. O, yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq izahat vermişdir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə iddia tələbinin həmin hissəsinin təmin edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə 2200 manat pulunun Cavabdeh qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı dəfələrlə pulunu ondan tələb etmiş, lakin cavabdeh hər dəfədə yalan vədlər verərək sözünə əməl etməmişdir. Bununla da Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan borcu 2200 manat təşkil edir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan 2200 manat borcunu qaytarmamış, eləcə də iddia tələbini təkzib edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə də o, iddiaçının qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla da onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». Məhkəmə hesab edir ki, iddia tələbi 2200 manat məbləğində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 42 (qırx iki) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation ( sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və biri-birinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddia ərizəsini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh borclu olduğu 2200 (iki min iki yüz) manat pul vəsaiti və 42 (qırx iki) manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh borclu olduğu 2200 (iki min iki yüz) manat məbləğində əsas borc və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar