Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-79/2025 14.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sərdliyi X2 katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 14 fevral 2025ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehdən borca görə 3200 manat, ödədiyi dövlət rüsumuna görə 52 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək əvvəlki izahatında göstərmişdir ki, cavabdeh onun sinif yoldaşıdır. Borca pul istədiyi üçün xx.xx.2022-ci il tarixdə "xxxx" ASCnin Bərdə filialından 1600 manat kretitə pul götürüb borc olaraq cavabdehə vermişdir. Cavabdeh hər ay 45 manatdan olmaqla 7-8 ay müddətində həmin krediti ödəmişdir. Cavabdeh ondan əlavə borca pul istədiyi üçün 2023-cü ildə iş yoldaşından 700 manat alıb cavabdehə vermiş, sonra özü həmin pulu iş yoldaşına qaytarmışdır. Cavabdeh vəd versə də, həmin borcu qaytarmayaraq onu aldatmışdır. Sonra cavabdeh yenə də ondan borca pul istədiyi üçün bu dəfə xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Tərtər filialından 3000 manat kretitə pul götürmüş, həmin pul hesabına əvvəlki krediti (1600 manatı) bağlamış, əlinə 1100 manat pul verilmiş, ondan 500 manatını cavabdehə, qalanını isə evə vermişdir. Cavabdeh hər ay onun yerinə 90 manatdan olmaqla həmin krediti ödəməli olsa da, ödəməmişdir. Ona görə də özünün pensiya kartından hər ay tutulmalar həyata keçirilmişdir. İddiaçı sonrakı məhkəmə iclaslarında fərqli izahatlar verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Bərdə filialından 1600 manat kretitə pul götürüb borc olaraq cavabdehə vermişdir. Cavabdeh hər ay 45 manatdan olmaqla 16 ay müddətində həmin krediti ödəmişdir. Cavabdeh ondan əlavə borca pul istədiyi üçün 2023cü ildə ona əlavə 700 manat borc vermiş, cavabdeh əvvəlki krediti ödəyə bilmədiyini dediyi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Tərtər filialından 2957 manat kretitə pul götürmüş, həmin puldan 1370 manatı əvvəlki (1600 manat) kredit borcuna və 300 manatı özünün “birkart” borcuna çıxılmış, əlində 1160 manat qalmış, ondan 500 manatını cavabdehə vermiş, 660 manatını əvvəl borc verdiyi 700 manatın yerinə çıxmışdır. Cavabdeh 2957 manat kretitdən cəmi 01 ay, yəni 90 manat ödəmişdir. Sonra özünün pensiyasından hər ay 90 manat çıxılmışdır. 2023-cü ilin oktyabr ayındən bəri 1260 manat ödəmişdir. İddia verdiyi vaxt sonuncu kredit müqaviləsi üzrə kredit borcu 3200 manat olmuşdur. Əslində getdikcə kreditinin məbləği artır. Cavabdehdən borcun ödənilməsini tələb etsə də, cavabdeh ödənişdən imtina etmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, özünə toy etmək üçün pul lazım olduğundan 2022-ci ildə iddiaçıdan 1600 manat borca pul götürmüş və 1800 manat dəyərində üzüyünü girov kimi iddiaçıya vermişdir. Həmin borcunu hisə-hissə ödəmiş və iddiaçıya həmin puldan 600 manat borcu qalmışdır. Həmin 600 manat borcunu iddiaçıya ödəməyə razıdır. 1600 manatdan başqa iddiaçıdan heç bir borc almamışdır. İddiaçının dediyi ikinci kreditin ona heç bir aidiyyəti yoxdur. Ona görə də iddianı qalan hissədə qəbul etmir və rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 Cavabdeh ilə eyni məzmunlu izahat verərək, iddiaçının dediyi ikinci kreditin cavabdehə heç bir aidiyyətinin olmadığını, cavabdehin iddiaçıdan yalnız 1600 manat borc aldığını, həmin puldan 600 manat borc qaldığını və həmin 600 manat borcu ödəməyə razı olduqlarını bildirmişdir. Ona görə də iddianı qalan hissədə qəbul etmir və rədd edilməsini məhkəmədən xahiş edir. İşdə olan "xxxx" ASC-nin Tərtər filialı tərəfindən İddiaçı verilmiş 232 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, onun hazırda "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli GTKR5436666A137 nömrəli 1600 AZN məbləğinddə kredit müqaviləsi üzrə heç bir borc öhdəliyi yoxdur. xx.xx.2023-cü il tarixdə GTKR3698132B299 nömrəli 2957 AZN məbləğində kredit müqaviləsi üzrə rəsmiləşdirilən zaman GTKR5436666A137 nömrəli müqavilə üzrə 1370,46 AZN borc öhdəliyi olub, həmin borc məbləği yeni rəsmiləşdirilmiş GTKR3698132B299 nömrəli 2957 AZN kredit məbləği hesabına bağlanılıb. Rəsmiləşdirilmiş GTKR3698132B299 nömrəli 2957 AZN kredit məbləğində 29,57 AZN 1% nağdlaşdırma komissiyası, 2% bank zəmanəti komissiya 59,14 AZN, 10 AZN fərdi qəza sığortası, 10 AZN işsizlik sığortası, 316,59 AZN kreddit kart üzrə qalıq borc məbləği və 1370,46 AZN kredit üzrə qalıq borc məbləği çıxılmış və kart hesabına (**********45********) 1161,24 AZN rəsmiləşdirilmiş krediit məbləği mədaxil edilmişdir. Cari günə aktiv kredit müqaviləsi GTKR3698132B299 müqaviləsi üzrə 2344,76 AZN borc öhdəliyi var. İşdə olan İddiaçı şikayəti üzrə Tərtər RPŞ-də toplanmış material üzrə Cavabdeh tərəfindən verilmiş yazılı izahatın məzmunundan görünür ki, o, İddiaçı 1600 manat borc aldığını, hər ay 45 manatdan olmaqla həmin borcu ödədiyini və borcunun qalmadığını qeyd etmişdir. İşdə olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Cavabdeh borc aldığı 1600 manatdan hər ay 45 manatdan olmaqla 16 ay ödənişlər etdiyini qeyd etmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə dinlənilməklə tədqiq edilən İddiaçı təqdim etdiyi DİSK-dəki məlumatlardan (səs yazısından) iş üçün hər hansı bir əhəmiyyətli hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, tərəflər borc münasibətində olmuşlar. Lakin onların arasında borrcla bağlı yazılı müqavilə (razılaşma) olmamışdır. Borc öhdəliyi ilə bağlı aralarında mübahisə yarandığından iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işüzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qaydada olaraq “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edəni üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartlarını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. (Avşar Türkiyəyə qarşı” işüzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı№25657/94 § 282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İşin yuxarıda müəyyən olunmuş hallarından göründüyü kimi cavabdehin iddiaçıdan 2022-ci ildə 1600 manat borc götürməsi mübahisə doğurmur. Belə ki, cavabdeh özü məhkəmə iclasında iddiaçıdan 2022-ci ildə 1600 manat borc götürdüyünü təsdiq etmişdir. O cümlədən iddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Bərdə filialından 1600 manat kredit götürüb borc olaraq cavabdehə verdiyini, cavabdehin həmin 1600 manat borcdan hər ay 45 manat olmaqla 16 ay müddətində Banka ödədiyini və sonradan isə qalan borcu ödəmədiyini bildirmişdir. Öz növbəsində cavabdeh həmin borcdan bir hissəsini hər ay 45 manat olmaqla hissə-hissə Banka ödədiyini və iddiaçıya həmin 1600 manatdan cəmi 600 manat borcunun qaldığını bildirmişdir. Lakin cavabdeh götürdüyü 1600 manatdan qalan borc məbləğinin məhz 600 manat təşkil etməsini məhkəmə iclasında sübuta yetirə bilməmiş, o, bu barədə məhkəməyə izahat verməkdən savayı hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Cavabdehin həmin izahatı isə iddiaçının izahatı ilə birmənalı şəkildə təkzib edilmişdir. Həmçinin iddiaçının izahatına əsasən cavabdehin sözügedən 1600 manat borcdan 720 manatını (hər ay 45 manat olmaqla 16 ay müddətində) ödədiyi, 880 manat hissəsinin isə ödənilməmiş qaldığı məhkəmə iclasında müəyyən olunmuşdur. İddiaçı 2023-cü ildə iş yoldaşından 700 manat alıb borc olaraq cavabdehə verməsini, eləcə də xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Tərtər filialından götürdüyü 2957 manat məbləğində kreditin bir hissəsini cavabdehə verməsini, cavabdehin ona olan borcunun 3200 maanat təşkil etməsini məhkəmə iclasında sübuta yetirə bilməmiş, o, bu barədə məhkəməyə izahat verməkdən savayı hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İddiaçının həmin xüsusatlar üzrə izahatı isə cavabdeh tərəfin izahatı ilə birmənalı şəkildə təkzib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mükı hüquq və vəzifələrin müəyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılr. İşin yuxarıda müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında yaranmış hüquq münasibəti müqavilədən irəli gələn hüquq münasibəti olsa da, tərəflər arasında yazılı müqavilə və ya razılaşma mövcud deyildir. İddiaçı bu barədə məhkəməyə hər hansı bir müqavilə və ya razılaşma təqdim etməmişdir. Tərəflər arasında yazılı müqavilə və ya razılaşma olmadığından onların hüquq və vəzifələrinin nədən ibarət olmasını və hansı şərtlərlə şərtləndirildiyini məhkəmə araşdırması zamanı müəyyən etmək mümkün olmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı yazılı müqavilə və ya razılaşma bağlamadan hüquq və vəzifələrini dəqiq müəyyənləşdirmədən şifahi razılaşmaya əsasən hərəkət edərkən öz riski ilə hərəkət etmişdir. Ona görə də öz riski ilə də məsuliyyət daşımalıdır. Buna baxmayaraq yuxarıda qeyd olunduğu kimi cavabdeh məhkəmə iclasında iddiaçıdan 2022-ci ildə 1600 manat borc götürdüyünü inkar etməmiş, həmin borcdan bir hissəsini hər ay 45 manat olmaqla hissə-hissə ödədiyini, həmin 1600 manat borcdan cəmi 600 manat borcunun qaldığını və həmin 600 manatı ödəməyə razı olduğunu bildirmiş, iddiaçı isə izahatında cavabdehin sözügedən 1600 manat borcdan hər ay 45 manat olmaqla 16 ay müddətində ödədiyini bildirmişdir. Göründüyü kimi iddiaçının özünün bildirməsinə görə cavabdeh ondan götürdüyü 1600 manat borcdan 720 manatını (hər ay 45 manat x 16 ay = 720 manat) ödəmişdir. Cavabdehin həmin 1600 manatdan qalan borcu 880 manat təşkil edir. Qalan hissədə isə iddia subuta yetirilməmişdir. Ona görə də məhkəmə işin işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia qısmən təmin edilməli, cavabdehdən borca görə 880 manat pul tutularaq iddiaçıya verilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu tərəflər arasında bölüşdürülməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflər arasında bölüşdürülməsi məsələsinə hüquqi qiymət verərək hesab edir ki, (880 manat (qət edilən məbləğ) x 100 : 3200 manat (iddia olunan məbləğ) = 27,5%; 27,5% x 52 AZN (ödənilmiş dövlət rüsumu) : 100 = 14,3 manat) iddianın təmin edilmiş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumuna görə 14,3 manat cavabdedən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan 37,7 manat hissədə isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 880 manat, ödənilmiş dövlət rüsumuna görə 14,3 manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan 37,7 manat hissədə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDİRLİK EDƏN: TAHİR QUBADOV.
Məhkəmə qərarları › İş №2(061)-79/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-79/2025
14.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver