Məhkəmə qərarları › İş №2(061)-895/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-895/2025

24.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-895/2025 24.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı avtomobil tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı ona məxsus “Volkswagen Jetta” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq ona verilməsi tələbi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 12 yanvar 2024-cü ildə ehtiyacı olduğu üçün ona məxsus “VOLKSWAGEN JETTA” minik markalı **-KL-*** dövlət qeydiyyat nömrə nişanlı 2001-ci il buraxılışlı, ban nömrəsi 3VWSE69M12040930 olan avtomobilini satış məqsədi ilə Bərdə maşın bazarında satmaq fikrinə düşmüşdür. Bərdə maşın bazarında təsadüfən Tərtər rayon Ələsgərli kənd sakini Cavabdeh ilə rastlaşmışdır. Maşın bazarında özünə məxsus avtomobilində əyləşdiyi zaman Yadigar adlı şəxs ona yaxınlasşaraq maşınının şüşəsini döyərək, maşını neçəyə satmaq istədiyini soruşmuşdur. Yadigar ona bildirmişdir ki, onda nağd pul yoxdur. Ona məxsus VAZ 2106 minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1986-cı il olan avtomobilini onun avtomobili ilə dəyişmək istəyir. O isə cavabında onun avtomobilini tam nəzərdən keçirib, ondan sonra bir cavab söyləyə biləcəkdir. Yadigar adlı şəxs tanımadığı bir ustanı öz yanında gətirərək, ona məxsus maşına tam nəzərdən keçirdikdən sonra avtomobilə minərək, maşını yoxlamaq məqsədi ilə o da onun yanında əyləşərək, magistralda hərəkət etməyə başlamışlar. Yenidən maşın bazarına qayıtmışlar. O da öz növbəsində Yadigarın maşınını yoxlamışdır. O cavabdehlə maşını dəyişdikdə 500 manat pul istəmişdir. O, isə ona üstündə 200 manat olduğunu söyləmişdir. Ona görə də onlar 200 manat razılaşmışlar. Onlar tam razılaşdıqdan sonra Asan xidmətdə bir-birlərinə etibarnamə vermişlər. Təxminən 15 gündən sonra, saxtalı bir qış günündə Cavabdeh ona zəng edərək, onlara gəlməyi xahiş etmişdir, ondan səbəbini soruşanda bildirmişdir ki, satdığı maşının bloku tartlamışdır. O da cavabında bildirmişdir ki, üzr yeri var gələ bilməyəcəkdir. Üzr yerini yola verdikdən sonra Cavabdehla görüşmüşdür. Ona bildirmişdir ki, maşının blokunda su olduğundan partlamışdır.O da Yadigara narazaçılığını bildirmişdir. Bu hadisədən sonra onların arasında maşınla bağlı mübahisə yaranmışdır. Onların razılıqları o olmuşdur ki, dəyişdirdikləri maşınları geri qaytarmayacaqlar. Bir müddətdən sonra Bərdə Rayon Məhkəməsindən on bildiriş gəlmişdir. Ona bildirilmişdir ki, Cavabdeh Bərdə rayon maşın bazarında dəyişdirdikləri maşını geri tələb edir. O da buna etirazını bildirmişdir. Ona görə də hazırda məhkəmədə iddiasını müdafiə edərək Cavabdeh ona məxsus “VOLKSWAGEN JETTA” minik markalı **-KL-*** dövlət qeydiyyat nömrə nişanlı2001-ci il buraxılışlı, ban nömrəsi 3VWSE69M12040930 olan avtomobili alınaraq ona verilməsi barədə tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, iddiaçının ona qarşı olan tələbi qəbul edir. Belə ki, Bərdə maşın bazarında ona məxsus olmuş VAZ 2106 minik markalı **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı, buraxılış ili 1986-cı il olan avtomobili ilə İddiaçı məxsus olmuş “VOLKSWAGEN JETTA” minik markalı **-KL-*** dövlət qeydiyyat nömrə nişanlı 2001-ci il buraxılışlı, ban nömrəsi 3VWSE69M12040930 olan avtomobilini ona qaytarılmasına etirazı yoxdur. İşdə olan Bərdə rayon Kətəlparaq kənd İƏD-i üzrə nümayəndənin verdiyi 161 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 1970-ci il təvəllüdlü İddiaçı Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan X3 Xidməti Sənaye Ticarət X2 Xidmət Sahəsi tərəfindən verilmiş 664 saylı xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh etibarnaməyə əsasən idarə etdiyi “VOLKSWAGEN JETTA” minik markalı **-KL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə Tərtər Texniki Xidmət Sahəsinə gətirilən zaman avtomobilə baxış keçirilmişdir.Avtomobilin blok silindiri çat olduğu üçün qaynaq işi aparılmışdır. Blok silindir təmir olunsa da istifadəyə yararsızdır. Məhkəmə iddiaçının, cavabdehin izahatlarını, həmçinin işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və cavabdeh avtomobillərini dəyişdirmişlər. İddiaçı “VOLKSWAGEN JETTA” minik markalı **-KL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini cavabdehdən tələb etmiş, cavabdeh həmin avtomobilin iddiaçıya qaytarılmasına etiraz etməmişdir. Belə ki, məhkəmə hər iki tərəfin izahatına qiymət verərkən, nəzərə alır ki, həmin sübut olunmalı faktın, yəni mübahisəli avtomobilin həqiqətən iddiaçıya məxsus olmasını, hazırda həmin avtomonilin cavabdehdə qalmasını inandırıcı şəkildə göstərmişdir. Həmin hallar məhkəməyə mübahisənin düzgün həll edilməsi baxımından inamlı nəticə çıxarmağa kifayət etdiyindən, məhkəmə həmin izahatları sübut növü kimi qəbul edir və nəzərə alır. Məhkəmə tərəflərin qarşılıqlı münasibətinə müvafiq olaraq yaranmış mübahisəni həll edərkən, öz qənaətini işin həqiqi hallarına uyğun hesab edərək nəticəyə gəlir ki, iddiaçıya məxsus olan və iddia ərizəsində göstərilən avtomobil cavabdehdə qalmışdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalı, yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Belə ki, mübahisəli avtomobil iddiaçıya məxsusdur. Həmin avtomobil iddiaçının sahibliyində olmuşdur. Buna baxmayaraq, o, həmin avtomobili cavabdin istifadəsində olan avtomobillə dəyşmiş və hazırda cavabdehin sahibliyindədir. İddiaçı həmin avtomobili etibarnamə əsasında cavabdehin istifadəsinə vermiş və son dövrlər etibarnaməni ləğv etdirmişdir. Cavabdehin həmin avtomobilin üzərində heç bir hüququ olmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı avtomobil ilə bağlı tələb hüququ yaranmışdır. Ona görə də məhkəmə iddia tələbini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia ərizəsində göstərilən mübahisəli avtomobil cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation ( sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, tərəflərin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh “VOLKSWAGEN JETTA” minik markalı **-KL-*** dövlət qeydiyyat nömrə nişanlı 2001-ci il buraxılışlı, ban nömrəsi 3VWSE69M12040930 olan avtomobil alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh “VOLKSWAGEN JETTA” minik markalı **-KL-*** dövlət qeydiyyat nömrə nişanlı 2001-ci il buraxılışlı, ban nömrəsi 3VWSE69M12040930 olan avtomobil alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar