Məhkəmə qərarları › İş №2(062)-1020/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1020/2024

07.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1020/2024 07.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (vəkil) Vəkil və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsi üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxs qarşı «mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək maraqlı şəxs ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tovuz 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞT/MTO24/2023/1345 saylı barışıq sazişinin tələbinə görə onlar aşağıdakı formada razılığa gəlmişlər: Tərəflər Bakı şəhəri Abşeron rayonu Xırdalan şəhərində yerləşən reyestr çıxarışı ilə Maraqlı şəxs adına qeydə alınan 3 otaqlı mənzilin və evdə olan bütün əmlakın Ərizəçi mülkiyyət hüququ ilə verilməsi barədə razılaşdılar. Ərizəçi Maraqlı şəxs qarşı avtomobildən və Tovuz rayonu Xatınlı kəndində yerləşən torpaq sahəsi və tikilidən pay tələbinə dair iddiasından imtina edir. Ərizəçi özünə məxsus mebel dəstini xx.xx.2024-cü il tarixədək Maraqlı şəxs məxsus evdən çıxaracağı barədə razılaşmışlar, digər cehiz və qızıl-zinət əşyalarını götürmüşdür, başqa tələbi yoxdur. Ərizəçi qabyuyan maşını Maraqlı şəxs verəcəyi barədə razılaşdılar. Ərizəçi Bakı şəhəri Abşeron rayonu Xırdalan şəhərində yerləşən reyestr çıxarışı ilə Maraqlı şəxs adına qeydə alınan 3 otaqlı mənzilin notarial qaydada öz adına qeydə alınmasından sonra hazırda həmin evdə yaşayan Maraqlı şəxs bacısı X1 2024-cü ilin fevral ayının sonuna qədər həmin mənzildə yaşamasına razıdır Tərəflərin birgə nigahlarından olan uşaqlar ataları Maraqlı şəxs ilə hər həftənin 6-cı və bazar günləri saat 10:00-dan 18:00-dək görüşə biləcəkdir. Ərizəçi Maraqlı şəxs qarşı əmlak tələbinə dair başqa heç bir iddiası və tələbi yoxdur. Razılaşmanın böyük hissəsi icra edilib və edilir, ancaq birinci bənddəki razılaşması Maraqlı şəxs tərəfindən icra edilmir. Buna da heç bir əsas göstərmir. Hesab edir ki, maraqlı şəxs müqavilə üzrə öhdəliyini icra etməlidir. Mediasiya haqqında Qanunun və Mülki Prosesual Qanunvericiliyin tələbinə görə barışıq sazişinin tərəfləri sazişin hasısa hissəsini icra etmədiyi təqdirdə digər tərəf barışıq sazişinin təsdiq edilərək məcburi qaydada icrasını məhkəmə qaydasında tələb edə bilər. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi (vəkil) Vəkil ərizənin məzmununa uyğun izahat verdi və barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin dəlillərini qəbul etmədi və izahatında göstərdi ki, barışıq sazişinin həmin bəndini vacib əhəmiyyətli yanılmanın təsiri altına bağlamışdır. Belə ki, həmin evi uşaqlarına bağışlayır. Bu zaman isə şərti odur ki, mənzil uşaqları yetkinlik yaşına çatana kimi özgəninkiləşdirilməyəcəkdir. Lakin keçmiş arvadı razılaşmır və bildirir ki, evi öz mülkiyyətinə keçirdikdən sonra satacaqdır. Bu duruma da özü razı deyildir. Ona görə də, barışıq sazişinin həmin hissədə təsdiq edilməsini istəmir. Çünki sazişi imzalayan zaman həmin bəndin məzmununu elə başa düşmüşdür ki, mənzil uşaqların mülkiyyətinə keçir. Odur ki, ərizənin təmin edilməməsini xahiş etdi. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Onu məhkəmə iclasında nümayəndəsi təmsil etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 9, mənzil 197 xüsusi mülkiyyət hüququ üzrə Maraqlı şəxs məxsusdur. Mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, həmin sazişin birinci bəndinə görə Maraqlı şəxs Abşeron rayonu, Xırdalan şəhərində yerləşən üç otaqlı mənzili və evdə olan bütün əmlakı mülkiyyət hüququ üzrə Ərizəçi verməyi öhdəsinə götürmüşdür. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mediasiya prosesində bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunması üzrə yaranmış mübahisədir. İşin hallarına “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun və Mülki Prosessual Məcəllənin “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat”dan bəhs edən fəslinin müddəaları əsasında hüquqi qiymət verilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 24.4-cü maddəsində göstərilmişdir ki, tərəflər mediasiya prosesində bilavasitə və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Tərəflər mediasiya prosesində vəkillərin, tərcüməçilərin, müvafiq sahədə ekspert və mütəxəssislərin köməyindən istifadə edə bilərlər. Tərəflərin razılaşması ilə mediasiya prosesində digər şəxslər də iştirak edə bilər. Həmin Qanunun 33.1-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri). Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-cı maddəsinə görə barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qeyd olunan qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, barışıq sazişi təsdiq edilməlidir. Çünki tərəflər arasında barışıq sazişi qanuna zidd deyildir, eyni zamanda hər hansı üçüncü şəxsin hüquqlarına toxunmur. Belə olan halda sazişin təsdiq edilməsindən imtina edilməsi yolverilməzdir. Maraqlı şəxsin dəlilləri ilə bağlı məhkəmə diqqətə çatdırır ki, həmin dəlillər ərizənin rədd edilməsinə əsas vermir. Əvvəla ona görə ki, barışıq sazişi maraqlı şəxs tərəfindən iradə ifadəsinə uyğun olaraq imzalanmış və şərtləri qəbul edilmişdir. Onun vacib əhəmiyyətli yanılmanın təsiri altında sazişi imzalaması ağlabatan deyildir. Digər tərəfdən «Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyaları tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli, 01/2024 saylı Qərardadın 39-cu bəndində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır. Həmin Qərardadın 47-ci bəndinə görə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. Odur ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi zamanı bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi «tərəflər Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 3 otaqlı mənzilin və evdə olan bütün əmlakın Ərizəçi mülkiyyət hüququ ilə verilməsi barədə razılaşdılar» hissəsində təsdiq edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar