Məhkəmə qərarları › İş №2(062)-1216/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1216/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1216/2023 26.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X4 və Cavabdeh4 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «borcun ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı QSC-nin nümayəndəsi cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «borcun ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-426/2021 saylı qətnaməsi ilə Cavabdeh1, Cavabdeh4 və X5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı olan cəmi 13448,83 ABŞ dolları məbləğində borcun, ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqının ipoteka predmeti olan ünvan 1 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC -yə olan borcun ödənilməsi, ünvan 1 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və X1 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 16L000001302 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 16R000003460 saylı kredit razılaşması əsasında bank tərəfindən Cavabdeh1 24 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin icrasının təminatı məqsədi ilə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmiş, həmin ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmışdır. Cavabdeh kredit öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən bank tərəfindən notariat kontoruna müraciət edilərək ipoteka predmeti olan əmlaka tutma yönədilməsi barədə icra qeydinin verilməsi xahiş edilmişdir. Tovuz Rayon Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 7E-9-7196 saylı “ipoteka predmetinə tutma yönədilməsi barədə” icra qeydinə əsasən ipoteka saxlayan İddiaçı QSC -nin kredit razılaşması üzrə tələbi, yəni 11357,80 ABŞ dolları əsas, 1755,87 ABŞ dolları faiz, 33516 ABŞ dolları cərimə olmaqla cəmi 46629,67 ABŞ dolları borc ipoteka predmeti olan Tovuz şəhəri, Nizami küçəsində yerləşən 45 nömrəli fərdi yaşayış evinə yönəldilmişdir. İddiaçı QSC həmin əmlakı xx.xx.2015-ci il tarixli hərracın yekunları barədə əmlakın alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən əmlak İddiaçı QSC-nin mülkiyyətinə qəbul edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(062)-4919/2016 saylı qətnaməsinə əsasən icra qeydi etibarsız hesab edilmişdir. Həmçinin Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(062)-3842/2017 saylı qətnaməsinə əsasən İddiaçı QSC -nin adına verilmiş RX ******* saylı çıxarış da etibarsız hesab edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(062)-160/2020 saylı qərardadına əsasən Tovuz şəhəri Nizami küçəsi ev 45 ünvada yerləşən əmlak üzərində İddiaçı QSC-nin ipoteka yüklülüyü bərpa edilmişdir. Tovuz Regional “Asan Xidmət” Mərkəzinin notariusu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evi Cavabdeh1 tərəfindən Cavabdeh5, X2 və Cavabdeh3 bağışlanmış və bağışlama müqaviləsi əsasında dövlət reyestrində həmin şəxslərin adına qeydiyyat aparılmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(062)-235/2020 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və digərlərindən müştərək qaydada ümumilikdə cəmi 13448.83 ABŞ dolları borcun və 30 manatın tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-426/2021 saylı qətnaməsinə əsasən cavabdehlərdən müştərək qaydada bankın xeyrinə tutulmalı olan borc məbləği dəyişdirilərək 13358,13 ABŞ dolları müəyyən edilmişdir.Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(102)-7041/2021 saylı qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi borcun tutulması barədə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-426/2021 saylı qətnaməsi artıq qanuni qüvvəsini almışdır. Hazırda qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmiş borc məbləğinin ipoteka predmetinə yönəldilməsi barədə iddia qaldırılması zərurəti yaranmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdehipoteka qoyan Cavabdeh1 əmlakını bağışladığı Cavabdeh3, Cavabdeh5 qzına və X2 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2023-cü il tarixdə həmin idarədə qeydə alınmışdır. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X7 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, ipoteka müqaviləsi iddiaçı bank ilə əri Cavabdeh1 arasında bağlanılmışdır. Müqavilə bağlanan zaman mübahisəli fərdi yaşayış evi ərinin mülkiyyətində olmuşdur. Doğrudur ki, əvvəllər də aralarında kredit borcunun ödənilməsinə dair mübahisə olmuş və məhkəmə mübahisəsi Ali Məhkəməyə kimi davam etmişdir. Çünki əri tərəfindən kredit borcu tam icra edilməmişdir. Nəticədə bankın xeyrinə qərar qəbul edilmişdir. Eyni zamanda İddiaçı QSC onlardan xəbərsiz icra qeydi əsasında ipoteka predmetinə tutma yönəltdirmiş və əmlakı açıq hərracdan özü almışdır. Həmçinin əmlaka dair mülkiyyət hüquqları da banka keçmişdir. Bundan xəbər tutan kimi isə həm icra qeydinin ləğv edilməsi, həm də bankın adına olan çıxarışın ləğvi barədə məhkəmədə iddia qaldırmışlar. İddiaları təmin edilmişdir. Çünki bank tərəfindən qanunsuzluğa yol verilmişdir. Bundan sonra isə ev artıq bankın mülkiyyətindən çıxdığından və ərinin adına qaytarıldığından əri Bədrəddin tərəfindən qızları Aida, Pəri və Gülnara bağışlanılmışdır. Hazırda isə mübahisəli fərdi yaşayış evi onların adınadır. Bu isə o deməkdir ki, bankın onlara qarşı iddia qaldırmaq hüququ yoxdur. Belə ki, onlar ipoteka müqaviləsi üzrə tərəf olmamışlar ki, bank qarşısında da məsuliyyət daşısınlar. İddianın təmin olunması onların birbaşa mülkiyyət hüquqlarının pozulması deməkdir. Necə ola bilər ki, ipoteka müqaviləsi üzrə tərəf olmayan şəxs iddiaya cavab verməli olan şəxs olsun. Ümumiyyətlə daşınmaz əmlakın ipoteka yüklülüyündən söhbət gedə bilməz. Çünki icra qeydi əsasında əmlaka tutulma yönəlmiş və əmlak bankın mülkiyyətinə keçmişdir. Sonradan isə bütün nəticələr ləğv edilmişdir. Bu isə ipotekaya xitam üçün əsasdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Aida Səfərova və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 16L000001302 saylı kredit xətti müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 16R000003460 saylı kredit razılaşmasından görünür ki, kreditor tərəfindən borcalana 24 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. İpotekasaxlayan İddiaçı QSC ilə ipotekaqoyan Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, ünvan 5 fərdi yaşayış evi kredit razılaşması üzrə yaranmış öhdəliklərin icrasının təmini kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılaşması ilə 26428,57 manat məbləğdə müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-7041 saylı qərarından görünür ki, İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh4 və X8 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh4 və X5 müştərək qaydada 16R000003460 saylı kredit müqaviləsi üzrə kreditin əsas məbləği 11357,80 ABŞ dolları,əsas məbləğə hesablanmış faiz borcu 1755,87 ABŞ dolları, cərimə 33516 ABŞ dolları olmaqla, cəmi 46629,67 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(062)-235/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh4 və X5 müştərək qaydada 16R000003460 saylı kredit müqaviləsi üzrə kreditin əsasə məbləği 11357,80 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcu 1755,87 ABŞ dolları, cərimə 335,16 ABŞ dolları olmaqla, cəmi 13448,83 ABŞ dollarının icra olunduğu gün manatla məzənnəsi ilə və dövlət rüsumu hesabına ödənilmiş 30 manatın alınarq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)- 426/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(062)- 235/2020 saylı qətnaməsinin cavabdehlərdən tutulan əsas borc məbləği hissəsində dəyişdirilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və X5 11267,1 ABŞ dolları əsas borc, 1755,87 ABŞ dollar əsas məbləğə hesablanmış faiz və 335,16 ABŞ dolları cərimə məbləği olmaqla, cəmi 13358,13 ABŞ dollarının icra olunduğu gün manatla məzənnəsi ilə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı QSC-yə verilməsi, apelyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, məhkəmə xərci qismində ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh4 və X5 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-426/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-04 saylı qətnaməsindən görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(62)- 250/2016 saylı qətnaməsi mübahisələndirilən - iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh4, X6, X3, Cavabdeh3 İddiaçı QSC-nin mülkiyyətində olan Tovuz şəhəri, Nizami küçəsi 45 ünvanında 0.0504 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 117.4 kv.m yaşayış sahəsi 70.4 kv.m, yardımçı sahəsi 47 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə olan istifadə hüquqlarını itirilməklə çıxarılmaları və həmin yaşayış evinin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən İddiaçı QSC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il, 8(062)-160/2020 saylı qərardadı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(023)-3842/2017 nömrəli qətnaməsinə izah edilərək Tovuz şəhəri, Nizami küçəsi 45 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka predmeti olduğundan, həmin əmlakla bağlı ipoteka müqaviləsi və ipoteka müqaviləsinin bağlanmasına əsas olmuş kredit müqaviləsi qüvvədə olduğundan həmin əmlak üzərində ipoteka hüququ saxlanılmalıdır kimi münasibət bildirilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il, 8(062)-160/2020 saylı qərardadı əsasında Tovuz şəhəri, Nizami küçəsi 45 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı QSC-nin ipoteka hüququ bərpa edilərək sözügedən yaşayış evi yüklü edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizədən görünür ki, ipoteka predmeti olan Tovuz şəhəri, Nizami küçəsi 45 ünvanda yerləşən əmlaka tutmanın yönəldilməsi haqqında Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2023cü il tarixli bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında rəsmi bildirişlərin “İpoteka haqqında Qanunun” 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə poçt göndərişi vasitəsi ilə ünvana təqdim edildiyi nəzərə alınaraq tutmanın yönəldilməsi haqqında bildirişin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən qeydə alınması xahiş edilmişdir. Daşınmaz əmlakın bağışlanmasına dair xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, hədiyyə verən Cavabdeh1 tərəfindən mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh3, X6 və Cavabdeh5 hədiyyə edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ümumi birgə mülkiyyət üzrə Cavabdeh3, X6 və Cavabdeh5 məxsusdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(062)-3842/2017 saylı qətnaməsinə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı (reyestr nömrəsi **********96-10301) çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Həmin çıxarışda göstərilən Tovuz şəhəri, Nizami küçəsi 45 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka predmeti olduğundan, həmin əmlakla bağlı ipoteka müqaviləsi və ipoteka müqaviləsinin bağlanmasına əsas olmuş kredit müqaviləsi qüvvədə olduğundan həmin əmlak üzərində ipoteka hüququnun saxlanılması qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri ipoteka müqaviləsi üzrə yaranan mübahisədir. Yaranmış mübahisəyə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun, Mülki Məcəllənin, habelə əlaqəli hüquq normalarının müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin kökündə tələb etmənin əsası kimi ipotekasaxlayan İddiaçı QSC ilə ipotekaqoyan Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsi dayanır. Məhz iddiaçı həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehlərdən tutmanın ipoteka predmetinə yönəldilməsi və həmin əmlak hesabına borcun ödənilməsini tələb edir. Əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bu barədə borcun bankın xeyrinə tutulmasına dair məhkəmə qərarları vardır. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün ipoteka müqaviləsinin bağlanması şərtdir. Çünki məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehlərin öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə göstərir ki, öhdəlik hüquq münasibəti 3 quruluşdan ibarətdir: Öhdəliyin tərəfləri; Öhdəliyin məzmunu; Öhdəliyin obyekti; Öhdəliyin tərəfləri öhdəlik hüquq münasibətlərində çıxış edən iştirakçılardır. Bura səlahiyyətli şəxs - kreditor və debitor - borclu şəxs daxildir. Öhdəliyin məzmunu həmin öhdəlik hüquq münasibətlərinin hüquq və vəzifələridir. Yəni kreditorun tələb hüququ, borclunun isə müəyyən hərəkətləri etmək vəzifəsi başa düşülür. Öhdəliyin obyekti isə yalnız borclunun davranışıdır. Bu elementlərin hər hansı birinin mövcud olmaması öhdəlik hüquq münasibətinin olmaması deməkdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, ipotekasaxlayan və ipotekaqoyan xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsini Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı ipotekasaxlayan, Cavabdeh1 isə ipotekaqoyan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış ipoteka münasibətlərinin təməlini qoymuşdur. Məhkəmədə müəyyən edilmişdir ki, borcalan kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməmişdir. Qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)- 426/2021 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh4 və X5 11267,1 ABŞ dolları əsas borc, 1755,87 ABŞ dollar əsas məbləğə hesablanmış faiz və 335,16 ABŞ dolları cərimə məbləği olmaqla, cəmi 13358,13 ABŞ dollarının icra olunduğu gün manatla məzənnəsi ilə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı QSC-yə verilməsi qət edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar” xx.xx.2008-ci il tarixli Qərarında göstərildiyi kimi, öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə MMdə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. MM-in 460-cı maddəsinə əsasən girov (ipoteka) belə üsullardan biridir. Mülki Məcəllənin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Bu baxımdan, ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından, borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla tənzimlənir. Tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan «İpoteka haqqında» Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi («İpoteka haqqında» Qanunun 4.1-ci maddəsi). «İpoteka haqqında» Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin yönəldilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarıdır. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, 0 cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. İddiaçının təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, borcun ipoteka qoyulmuş əmlaka yönəldilməsi üçün «İpoteka haqqında» Qanunun 36-cı maddəsi ilə müəyyən olunmuş bütün prosedurlara kreditor tərəfindən riayət olunmuşdur. Mülki qanunvericiliyə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (MM-in 317.1-ci maddəsi). Məhkəmə qeyd edir ki, işin halları sadalanan maddi hüquq normalarının tələblərinə əsasən iddianın təmin edilməsini şərtləndirir. Eyni zamanda məhkəmə cavabdehlərin evin hazırda özgəninkiləşdirilməsi və bu səbəbdən tutmanın yönəldilməsinin qanunauyğun olmaması dəlilinə da hüquqi qiymət verilməsini zəruri hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarlar). Göstərilən dəlil üzrə araşdırılma aparılan zaman müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli icra qeydi əsasında İddiaçı QSC-nin ümumilikdə 46629,67 ABŞ dolları məbləğində borc, 31 manat xidmət haqqı yə 10 manat dövlət rüsumu tələbi ilə ipoteka qoyan Cavabdeh1 məxsus ipoteka predmeti olan Tovuz şəhəri, Nizami küçəsi 45 saylı fərdi yaşayış evinə tutma yönəldilmiş, əmlak açıq hərraca çıxarılmış, hərracdan bankın özü tərəfindən alınmış və həmin əmlaka dair banka RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Sonradan Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(62)-4919 saylı qətnaməsi ilə Cavabdeh1 mülkiyyətində olmuş Tovuz şəhəri, Nizami küçəsi 45-də mülkiyyətində olan 0.0504 ha torpaq sahəsində yerləşən sahəsi 117.4 kv.m olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə rayon Notariat Kontorunun notariusu tərəfindən verilən xx.xx.2014-cü il tarixli icra qeydinin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən üçüncü şəxs İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(104)-926 saylı qətnaməsi ilə təmin edilməyərək Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(62)- 4919 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(62)-3842 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 iddiası təmin edilərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı (reyestr nömrəsi **********96-10301) çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı QSC tərəfindən verilmiş apelyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(104)-69 saylı qətnaməsi ilə təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(62)-3842 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın götürülməsi qət edilmişdir. Bundan sonra daşınmaz əmlakın bağışlanmasına dair xx.xx.2020-ci il tarixli müqavilə üzrə hədiyyə verən Cavabdeh1 tərəfindən mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi qızları Cavabdeh3, X6 və Cavabdeh5 hədiyyə edilmişdir. Sonuncuların adına isə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarış verilmişdir. Hazırda mübahisəli fərdi yaşayış evi onların mülkiyyətindədir. Həmçinin o da müəyyən edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(62)-3842 saylı qətnaməsinə izah verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin ərizəsinə dair Tovuz Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə qərardad qəbul edilmiş və izah edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(062)-3842/2017 saylı qətnaməsinə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı (reyestr nömrəsi **********96-10301) çıxarışın etibarsız hesab edilməsi qət edilsə də, həmin çıxarışda göstərilən Tovuz şəhəri, Nizami küçəsi 45 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka predmeti olduğundan, həmin əmlakla bağlı ipoteka müqaviləsi və ipoteka müqaviləsinin bağlanmasına əsas olmuş kredit müqaviləsi qüvvədə olduğundan həmin əmlak üzərində ipoteka hüququ saxlanılmışdır. Məhz həmin qərardad əsasında əmlak yenidən ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi yenə də mübahisəli əmlak ipoteka ilə yüklüdür. Mülkiyyətçinin ipotekaqoyan olmaması o demək deyildir ki, tələb ipoteka predmetinə yönəldilə bilməz. Çünki mövcud vəziyyətdə mübahisəli fərdi yaşayış evi bankın xeyrinə yüklüdür. Digər tərəfdən hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərrac nəticəsində bank tərəfindən əldə olunan əmlaka dair çıxarışın etibarsız sayılması ipoteka hüququna xitam verilməsi anlamına gəlmir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdəəsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olduğu halda, sonuncunun xitamı heç bir halda əsas öhdəliyin xitamına gətirib çıxarmır. İpotekanın xitamı əsasları isə “İpoteka haqqında” Qanunun 48-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ipotekaya aşağıdakı hallarda xitam verilir: - ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - əsas öhdəliyə xitam verildikdə; - tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - ipoteka predmeti məhv olduqda; - “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallarda. Göründüyü kimi, ipoteka müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Həmin əsaslardan hər hansı birinin hazırki mübahisəyə tətbiqi mümkün deyildir. Yalnız cavabdehlər “tutmanın yönəldilməsi nəticəsində ipoteka predmetinin satılması” əsasının tətbiq olunmasına nail olmağa çalışırlar ki, bu da yolverilməzdir. Çünki hərracın nəticələri məhkəmə qətnaməsi əsasında etibarsız sayılsa da, bu əmlakın ilkin hüquqi vəziyyətə qaytarılmasına zəmin yaratmışdır. Yəni borclu Cavabdeh1 mülkiyyətində olan və bankın xeyrinə yüklü edilən əmlak. Hansı ki, ipotekaqoyan banka borcunun olduğunu və əmlakın yüklü olduğunu bilirdi, lakin buna baxmayaraq hərracın nəticələrinin etibarsız sayılmasından sui-istifadə edərək əmlakı öz qızlarına bağışlamışdır. Bununla da, əmlakın ipoteka yüklülüyündən azad ediləcəyini zənn etmişdir. Halbuki, Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, nə qədər ki, ipoteka predmeti olan əmlak ipoteka ilə bankın xeyrinə yüklüdür, bu zaman mülkiyyətçinin dəyişilməsi tutmanın həmin əmlaka yönəldilməsini istisna etmir. Odur ki, tutma ipoteka predmetinə yönəldilməlidir. Həmçinin tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan «İpoteka haqqında» Qanunun 39.3.2-ci və 39.3.3-cü maddələrinin tələbinə əsasən məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir. Qanunun bu göstərişi imperativ xarakterlidir və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar çıxararkən hər bir halda məhkəmə qətnamədə ipotekanın ilkin satış qiymətini qətnamədə göstərməyə borcludur. Bu baxımdan məhkəmə qeyd edir ki, tərəflər arasında ipoteka predmetinin qiyməti barədə mübahisə olmadığından ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində göstərildiyi kimi, 26428,57 manat məbləğində müəyyən edilməlidir. Həmçinin iddia tələbi ipoteka predmeti olan evin boşaldılması hissəsində də əsaslıdır. Belə ki, «İpoteka haqqında» 59.3-ci maddəsində göstərilir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsində göstərilir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyaları xx.xx.2023-cü il tarixli Qərardadında qeyd olunmuşdur ki, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 41,40 manat pulun əvəzi də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(104)-426/2021 saylı qətnaməsi ilə Cavabdeh1, Cavabdeh4 və X5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı olan cəmi 13448,83 ABŞ dolları məbləğində (icra olunduğu gün manatla məzənnəsi ilə) borc, ödənilmiş 100 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqının ödənilməsi ipoteka predmeti olan ünvan 1 saylı fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlak ilkin satış qiyməti 26428,57 manat müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borc məbləği ödənilsin. ünvan 1 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və X6 həmin əmlakdan çıxarılmaqla əmlak boşaldılsın. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar