Məhkəmə qərarları › İş №2(062)-1287/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1287/2024

04.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1287/2024 04.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs ilə, Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Hazırkı mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, Ərizəçi (bundan sonra ərizəçi) və Maraqlı şəxs (bundan sonra - maraqlı şəxs) arasında xx.xx.2010-cu il tarixdə rəsmi nikah bağlanmış, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Birinci tərəf Ərizəçi, ikinci tərəf Maraqlı şəxs, həmçinin mediator X2 iştirakı ilə bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən, tərəflər iddia predmeti barədə könüllü razılığa gəlmişlər. Tərəflər razılaşaraq rəsmi nikahlarından xx.xx.2011-ci ildə anadan olmuş X1 və xx.xx.2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 195 manat, cəmi 390 manat olması barədə razılığa gəlmişlər. Ərizəçi (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞT/MT024/2024-0030 saylı barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 02 sentyabr 2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonrada xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar, uşaqlar onun himayəsində yaşayır. Tovuz Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 2(062)85/2022 saylı qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş, birgə nikahdan anadan olmuş Röyal və Əvəz adlı uşaqlarının yetkinlik yaşına çatandək saxlanılmaları üçün hər ay bir uşağa görə 170 manat, cəmi 340 manat məbləğində alimentin Maraqlı şəxs alınıb ona verilməsi qərara alınmışdır. Bu məbləğ uşaqların saxlanımasına kifayət etmədiyindən o, yenidən alimentin artırılması üçün müraciət etmişdir. Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən, aliment məbləği artırılaraq Röyal və Əvəz adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 195 manat, cəmi 390 manat məbləğində alimentin Maraqlı şəxs alınıb ona verilməsi barədə razılığa gəlinmiş, lakin hazırda Maraqlı şəxs saziş üzrə öhdəliklərini yerinə yetirmir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi tələbini müdafiə edərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs izahatında göstərdi ki, alimenti ödəməkdən boyun qaçırmır. Sadəcə o alimenti ona görə ödəmir ki, Lalə uşaqlarla ünsiyyətə ona maneələr yaradır. O Laləyə istər əmlaklarla bağlı, istərsə də alimentlə bağlı heç zaman maneə yaratmamışdır. Odur ki, barışıq sazişinin məcburi icra edilməsiunə etiraz etmir. Məhkəmə, tərəfləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Həmin Məcəllənin 75.1ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlama borcludurlar. Həmin Məcəllənin 75.4cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 5 dekabr 2023-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini imzalandığı xx.xx.2023-cü il tarixdən 10 gün müddətində könüllü şəkildə lazımınca icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti sazişə əsasən imzalandığı gündən, yəni 25 yanvar 2024-cü ildən başlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi, Maraqlı şəxs, həmçinin mediator X2 iştirakı ilə bağlanılmış xx.xx.2024-cü il tarixli MŞT/MT024/2024-0030 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Tərəflər razılaşaraq rəsmi nikahlarından xx.xx.2011-ci ildə anadan olmuş X1 və xx.xx.2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 195 manat, cəmi 390 manat olmasını öz öhdəsinə götürdü” Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Alimentin göstərilən məbləğdə tutulmasına 25 yanvar 2024-cü ildən başlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar