Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1831/2025 01.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. Ərizəçinin tələbi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1951-ci il tarixdə anadan olmuş X2 ölmüş elan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X4 ilə xx.xx.1979-cu ildə rəsmi qaydada evlənib ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları olmuşdur. X1 işləmək məqsədi ilə xx.xx.2000-ci il tarixdə Rusiya Federasiyasının Nalçik şəhərinə getmişdir. Sonuncu dəfə onunla 2001-ci il tarixdə telefon danışmaları olmuşdur. Həmin vaxtdan sonra onunla tamamilə əlaqələri kəsilmişdir. Məhəmməddən xəbər çıxmayanda Rusiyadakı tanışlarla əlaqə saxlamışlar və onlara bildirmişlər ki, əri 2001-ci ildə avtobus qəzası zamanı bədbəxt hadisə zamanı ölmüşdür. Ərindən heç bir məlumat olmadığına görə o, Tovuz rayon Polis şöbəsinə müraciət etmişdir. Onun barəsində araşdırılma aparılsa da, heç bir nəticə verməmişdir. Hətta bu barədə “Xəzər” TV-də yayımlanan “Səni axtarıram” verilişində də axtarışa vermişdir. Buna baxmayaraq onun harada yaşaması barədə məlumat olmamışdır. Hesab edir ki, əri Nalçik şəhərində bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Bundan başqa Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə X3 itkin düşmüş elan edilib və həmin qətnamədə onun 2021-ci ildən harada yaşaması barədə məlumat olmadığı müəyyən edilmişdir. Ərinin adına mülk var, vərəsəlik qaydasında həmin mülkü o və uşaqları adına sənədləşdirmək istəyir. Ona görə də, bu fakt məhkəmə qaydasında müəyyən olunmalıdır. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Tovuz rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 xx.xx.2001-ci il tarixdə Rusiya Federasiyasının Nalçik şəhərinə getmiş və axırıncı dəfə xx.xx.2001-ci il tarixdə ailəsi ilə əlaqəsi kəsilmişdir. Ona görə də, X2 barəsində Tovuz RPŞ tərəfindən xx.xx.2023-cü il tarixdə “Qohumluq əlaqələrinin itirilməsi barədə” axtarış işi açılmışdır. Keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq M.Məmmədovun hal-hazıradək yerinin müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-38-33/2-935/2025 saylı məktubdan görünür ki, xx.xx.1951-ci il təvəllüdlü X2 dövlət sərhədindən hərəkəti barədə İAMAS/ bazasında məlumat qeydə alınmamışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-140/2025 saylı qətnaməsi ilə Ərizəçi əri xx.xx.1951-ci il təvəllüdlü X2 xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. 250728 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, xx.xx.1951-ci ildə Tovuz rayonu, Dönük Qırıqlı kəndində anadan olmuş X4 ilə xx.xx.1958ci ildə Tovuz rayonu, Dönük Qırıqlı kəndində anadan olmuş Ərizəçi nikahları xx.xx.1979-cu ildə rəsmi olaraq qeydə alınmışdır. Tovuz RİHB-nın Dönük Qırıqlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Tovuz rayonu, Dönük Qırıqlı kənd sakini X4 xx.xx.2000-ci ildə Rusiya Federasiyasının Nalçik şəhərinə getmişdir. Getdikdən sonra ailəsi ilə yalnız bir dəfə xx.xx.2001-ci ildə telefon əlaqəsi yaratmış və ondan sonra X2 ailəsi ilə 25 ildir ki əlaqəsi yoxdur və həmin şəxs barəsində heç bir məlumat yoxdur. X4 xx.xx.2000-ci ildən qeydiyyatda olduğu Dönük Qırıqlı kəndində yaşamır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Maddə 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 305.1.2. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraata qaydasında baxılır. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Maddə 312. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir; Maddə 313. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Maddə 315.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbayan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun qərarı: 9.5. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi ilə bağlı normanın tərkib ünsürlərinə “şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmaması”, “şəxsin hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi və şəxsdən altı ay ərzində xəbər çıxmaması” daxildir. Hazırda ərizəçi əri xx.xx.1951-ci il təvəllüdlü X2 xx.xx.2000-ci ildən Rusiya Federasiyasına getdiyini, 2001-ci ildə sonuncu dəfə onunla telefon vasitəsi ilə əlaqə saxladığını, bundan sonra sonuncudan heç bir halda məlumat ala bilmədiyini qeyd edərək, onun ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə məqsədinin ərinin adına olan əmlakın özü və uşaqlarının adına rəsmiləşdirilməsi olduğunu bildirmişdir. İş materialları ilə müəyyən edilir ki, X2 axtarışı ilə bağlı Tovuz rayon Polis şöbəsində araşdırılma aparılmış və Tovuz rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, X4 xx.xx.2001-ci il tarixdə Rusiya Federasiyasının Nalçik şəhərinə getmiş və axırıncı dəfə xx.xx.2001-ci il tarixdə ailəsi ilə əlaqəsi kəsilmişdir. Keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq M.Məmmədovun hal-hazıradək yerinin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Ərizəçi əri xx.xx.1951-ci il təvəllüdlü X2 harada olması barədə məlumat olmadığından onun xəbərsiz itkin düşmüş hesab edilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1951-ci ildə Tovuz rayonu, Dönük Qırıqlı kəndində anadan olmuş X2 barəsində iyirmi ildən artıq müddət ərzində məlumatın olmaması, ərizəçinin onun axtarışı üçün müraciət etdiyi müvafiq qurumların apardığı tədbirlərin nəticəsiz qalması ərizəçinin izahatı ilə yanaşı işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməli, X2 ölüm günü qətnamə qanuni qüvvəyə mindiyi vaxt sayılmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1951-ci il tarixdə anadan olmuş X4 ölmüş elan edilsin. X2 ölüm günü qətnamənin qanuni qüvvəyə mindiyi gün sayılsın. Qətnamə müvafiq qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərvanə İsaqlı
Məhkəmə qərarları › İş №2(062)-1831/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1831/2025
01.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver