Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2295/2024 29.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən, Tovuz Rayon Məhkəməsinin hakimi Əliyev Fərid Nadir oğlu Ərizəçi Arif qızının “mediasiya sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: Ərizəçi Arif qızı “mediasiya sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, ərizəsinin qəbulundan imtina edilməli və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Göründüyü kimi sazişdə qeyd olunan könüllü icra müddəti başa çatmamışdır. Bu səbəbdən də ərizəyə məhkəmə qaydasında baxılması yolverilməzdir. Mülki Prosessual Məcəllənin 153.2-ci maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina əsasları qeyd olunmuşdur. Qeyd olunan Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizənin qəbulundan imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 153.4-cü maddəsində göstərilmişdir ki, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 151, 153, 263, 264 və 267 -ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı m: Ərizəçi Arif qızının “mediasiya sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinin qəbulundan imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-2295/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2295/2024
29.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver