Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2640/2025 30.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs X2 qarşı «mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsi üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs X2 qarşı «mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» barədə ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, maraqlı şəxs ilə arasında bağlanmış xx.xx.2025-ci tarixli, MŞT/MT024/2024-1339 saylı barışıq sazişinin alimentə dair hissədə təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı şəxs ilə evlənib ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Nuray və xx.xx.2013-cü il təvəllüdlü Nərmin adlı uşaqları doğulmuşdur. Evləndikdən bir müddət sonra mehriban yaşasalar da, sonra ailə münasibətləri pozulmuşdur. Faktiki olaraq ayrılmışlar və uşaqlar onun himayəsindədir. Öz aralarında mediasiya prosesi zamanı barışıq sazişi bağlamışlar və maraqlı şəxs onların birgə nikahlarından doğulmuş uşaqlara görə hər ay cəmi 200 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin maraqlı şəxs öhdəliklərini icra etmədiyi üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesində bağlanmış xx.xx.2025-ci tarixli barışıq sazişindən görünür ki, saziş Ərizəçi ilə maraqlı şəxs X3 arasında bağlanmışdır. Sazişin şərtinə görə X3 xx.xx.2011-ci il təvəllüdlü Nuray və xx.xx.2013-cü il təvəllüdlü Nərmin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimenti hər ayın birinci günündən gec olmayaraq Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mediasiya prosesində bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunması üzrə yaranmış mübahisədir. İşin hallarına «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun və Mülki Prosessual Məcəllənin “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat”dan bəhs edən fəslinin müddəaları əsasında hüquqi qiymət verilməlidir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 24.4-cü maddəsində göstərilmişdir ki, tərəflər mediasiya prosesində bilavasitə və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Tərəflər mediasiya prosesində vəkillərin, tərcüməçilərin, müvafiq sahədə ekspert və mütəxəssislərin köməyindən istifadə edə bilərlər. Tərəflərin razılaşması ilə mediasiya prosesində digər şəxslər də iştirak edə bilər. Həmin Qanunun 33.1-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər («Mediasiya haqqında» Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri). Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-cı maddəsinə görə barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qeyd olunan qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, barışıq sazişi alimentə dair hissədə təsdiq edilməlidir. Çünki tərəflər arasında barışıq sazişi qanuna zidd deyildir, eyni zamanda hər hansı üçüncü şəxsin hüquqlarına toxunmur. Belə olan halda sazişin təsdiq edilməsindən imtina edilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə qeyd edir ki, ərizənin verilməsi üçün ərizəçi dövlət rüsumundan azad olunduğundan və maraqlı şəxsdən 100 manat məbləğdə dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğdə dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 124.1-ci maddəsində qeyd olunmuşdur ki, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı şəxs X3 arasında mediasiya prosesində bağlanmış xx.xx.2025-ci tarixli, MŞT/MT024/2024-1339 saylı barışıq sazişi alimentə dair hissədə aşağıdakı şərtlərlə təsdiq edilsin: “X3 xx.xx.2011-ci il təvəllüdlü Nuray və xx.xx.2013-cü il təvəllüdlü Nərmin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimenti hər ayın birinci günündən gec olmayaraq Ərizəçi ödəməyi öhdəsinə götürür.” Ərizənin verilməsi üçün ödənilməli olan 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi maraqlı şəxs X1 tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Pərvanə İsaqlı
Məhkəmə qərarları › İş №2(062)-2640/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2640/2025
30.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver