Məhkəmə qərarları › İş №2(062)-2975/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2975/2025

30.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2975/2025 30.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi qardaşı X4 “ölüm faktının təsdiq edilməsi” ilə bağlı ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Ərizəçi Tovuz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.1984-cü il tarixdə qardaşı X4 xx.xx.1984-cü ildə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində ölməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizə onunla əsaslandırılmışdır ki, doğma qardaşı X8 xx.xx.1984-cü ildə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində doğulmuşdur. X1 anadangəlmə xəstə olduğuna görə doğulduqdan qısa müddət sonra xx.xx.1982-ci ildə Tovuz rayonu Yuxrı Öysüzlü kəndində vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin qardaşı X8 vəfat edən vaxt onun ölümü barədə müvafiq akt qeydi aparılmamışdır. Belə ki, anası X2 xx.xx.2016-cü ildə vəfat etmişdir. Anasından qalan miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi ilə əlaqədar müraciət etdikdə qardaşım X4 barəsində Tovuz Regional "ASAN Xidmət" Mərkəzində Qeydiyyat şöbəsində ölüm akt qeydinin aparılmaması müəyyən edilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. xx.xx.1984-cü ildə anadan olmuş qardaşı X4 xx.xx.1984-cü ildə ölməsi faktı məhkəmə qətnaməsi əsasında müəyyən edilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi izahat verərək ərizəsində göstərilənləri təsdiqləmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Tovuz rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki ərizəçinin qonşusudur. Ərizəçinin qardaşı X8 doğularkən xəstə olmuş və təxminən 6 ay yaşamışdır. Yuxarı Öysüzlü kənd qəbirsanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki ərizəçinin qonşusudur. Ərizəçinin qardaşı X4 dəfn mərasimində iştirak etmiş və onun 1982-ci ildə ölməsinin şahidi olmuşdur. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Tovuz regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli № 3-16-5/8-69/2720/2025 nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1984-cü ildə anadan olmuş X4 ölümü haqqında vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Tovuz regional “ASAN xidmət” mərkəzində ƏN-nin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "Vətəndaşlıq vəziyyəti Aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, vətəndaş X4 vəfat etməsi barəsində Tovuz rayonu üzrə heç bir məlumat aşkar olunmamış, akt qeydinin bərpası mümkün olmamışdır. Tovuz rayon Yuxarı Öysüzlü kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016cı il tarixli AZ-İ № 809810 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 xx.xx.2016-cı il tarixdə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 27 nömrəli akt qeydi tərtib edilmişdir. Tovuz rayon Yuxarı Öysüzlü kəndinin bəzi sakinləri tərəfindən imzalanmış və Tovuz RİH başçısının Yuxarı Öysüzlü kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiqlənmiş aktda göstərilmişdir ki, X8 xx.xx.1984-cü il tarixdə Tovuz rayon Yuxarı Öysüzlü kəndində anadan olmuşdur. O, xx.xx.1984-cü il tarixində vəfat etmiş və Yuxarı Öysüzlü kənd qəbirstanlığında dəfn olunmuşdur. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.

Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən X4 ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırki ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi qardaşı X4 ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi övladının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum övladının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1984-cü il tarixdə Tovuz rayonunda anadan olmuş X4 xx.xx.1984-cü il tarixdə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1984-cü il tarixdə Tovuz rayonunda anadan olmuş X4 xx.xx.1984-cü il tarixdə Tovuz rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar