Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-348/2025 03.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi övladı X5 ölüm faktının təsdiq edilməsi ilə bağlı ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Ərizəçi Tovuz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.1984-cü il tarixdə anadan olmuş övladı X5 xx.xx.2024-cü il tarixdə ölməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizə onunla əsaslandırılmışdır ki, X9 26 sentyabr 2024-cü il tarixdə vəfat etmiş və Tovuz rayonu Yuxarı Öysüzlü kəndində dəfn edilmişdir. Oğlunun ölümü ilə əlaqədar müvafiq dövlət qurumlarına məlumat verilmədiyinə görə onun barəsində ölüm haqqında akt qeydi tərtib edilməmişdir. X3 barəsində ölüm haqqında şəhadətnamə verilməsi üçün rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölüm haqqında müvafiq sənədlərin təqdim edilməməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi izahat verərək ərizəsində göstərilənləri təsdiqləmiş və bildirmişdir ki övladı işləmək üçün Rusiya Federasiyasına getmiş, orada hərbi xidmətə cəlb olunmuş, Donetsk ərazisində gedən döyüş əməliyyatlarında həlak olmuşdur. Sonra onun meyiti Azərbaycan Respublikasına göndərilmiş, 20 oktyabr 2024-cü il tarixdə Tovuz rayonu Yuxarı Öysüzlü kənd qəbiristanlığında dəfn edilmişdir. Bundan sonra övladının ölümü ilə bağlı ölüm haqqında şəhadətnamə almaq istəsə də nail ola bilməmişdir. Övladının ölüm faktının təsdiq edilməsi nəvələrinə ünvanlı sosial yardım verilməsi üçün zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki ərizəçinin qohumudur. Ərizəçinin övladı X5 20 oktyabr 2024-cü il tarixdə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində keçirilən dəfn mərasimində iştirak etmiş və X4 qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 və X16 şahid X11 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar 260986 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X9 19 sentyabr 1984-cü il tarixdə Tovuz Rayonu Xatınlı kəndində anadan olmuşdur. X1, anası X2 qeyd edilmişdir. Maraqlı şəxsndən verilmiş 14 dekabr 2024-cü il tarixli 2884 nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1984-cü ildə Tovuz rayonunun Xatınlı kəndində anadan olmuş X5 ölümü haqqında vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Tovuz rayon icra hakimiyyəti başçısının Yuxarı Öysüzlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 03 dekabr 2024-cü il tarixli 455 nömrəli arayışdan müəyyən olunur ki, X9 20 oktyabr 2024-cü il tarixdə Tovuz rayonu Yuxarı Öysüzlü kənd qəbiristanlığında dəfn edilmişdir. Maraqlı şəxsndən verilmiş 04 dekabr 2024-cü il tarixi 217 nömrəli imtina rəyinə əsasən ölüm haqqında müvafiq sənədlər təqdim edilmədiyindən X5 adına ölüm akt qeydi açmaq mümkün olmamışdır. Tovuz rayonu Yuxarı Öysüzlü kəndinin bəzi sakinləri 03 dekabr 2024-cü il tarixdə akt tərtib edərək Ərizəçi övladı X9 vəfat etdiyini və xx.xx.2024-cü il tarixdə Yuxarı Öysüzlü kənd qəbiristanlığında dəfn edildiyini təsdiqləmişlər. Rusiya Federasiyası Müdafiə Nazirliyinin 111 nömrəli Baş Dövlət Məhkəmə Tibbi və X8 verilmiş 20 oktyabr 2024-cü il tarixli ölüm haqqında tibbi şəhadətnaməyə əsasən, X9 26 sentyabr 2024-cü il tarixdə Rusiya Federasiyası Donetsk Xalq Respublikası Marinsk rayonunda gedən hərbi əməliyyatlar zamanı ölmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.
Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən X5 ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi övladı X5 ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi övladının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir. Bundan başqa, Rusiya Federasiyasından verilmiş ölüm haqqında tibbi şəhadətnamə, mərhumun qəbiristanlıqda dəfn edilməsinə dair yerli icra nümayəndəliyinin təsdiqlədiyi akt, kənd sakinləri tərəfindən tərtib edilmiş akt ilə təsdiq edilmişdir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum övladının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1984-cü il tarixdə Tovuz rayonunda anadan olmuş X5 xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasında ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1984-cü il tarixdə Tovuz rayonunda anadan olmuş X5 xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasında ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Süleyman Hacıyev