Məhkəmə qərarları › İş №2(063)-1145/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1145/2025

05.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1145/2025 05.09.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə Ərizəçi (Maraqlı şəxs) barışıq sazişinin təsdiq olunması barədə ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi barışıq sazişinin təsdiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsinin təmin edilməsini, onunla Maraqlı şəxs arasında 12 may 2025-ci il tarixdə bağlanmış MŞŞ/MT00743 nömrəli barışıq sazişinin 1-ci və 2-ci bəndlərinin təsdiq edilməsini, barışıq sazişinə əsasən Maraqlı şəxs 5000 manat borc məbləğinin bir dəfəyə alınıb ona qaytarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 2024-cü ilin iyul ayında Maraqlı şəxs 5000 manat məbləğində borc pul vermişdir. Maraqlı şəxs Soitan oğlu aralarında olan borc mübahisəsi ilə bağlı Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş və həmin təşkilatın mediatoru Rauf Abdullayev iikin mediasiya sessiyası keçirən zaman 12 may 2025-ci il tarixdə barışıq sazişi bağlamışlar. Barışıq sazişinin şərtlərinə görə maraqlı şəxs ondan 2024-cü ilin iyul ayında 5000 manat borc götürdüyünü etiraf edərək borcu 2025-ci ilin oktyabr ayına kimi hissə-hissə bankdakı kart hesabına ödəmək şərti ilə qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs qeyd olunan şərtlərlə razılaşmasına baxmayaraq, 12 may 2025-ci ii tarixdən ötən 3 ay müddət ərzində borcundan 1 manat belə ödəməmişdir. Yazılı müraciət göndərib borcun ödənilməsini tələb etsə də Maraqlı şəxs nəinki borc məbləğindən hissə-hissə ödəniş etməmiş, hətta müraciətinə cavab belə verməmişdir. Bu hal, onun öhdəliyin könüllü icrasından qəsdən yayınmasını və onu məhkəməyə müraciətə məcbur etməsini açıq şəklidə göstərir. Ərizəçiyə və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2ci maddəsinin tələbinə əsaslanaraq mülki işə ərizəçinin və maraqlı şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi onların sərbəst iradə ifadəsini bildirməklə təsdiq etdikləri əqddir. İş materiallarında olan 12 may 2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞŞ/MT00743 nömrəli barışıq sazişinin mühüm şərtlərindən görünür ki, tərəflər aralarında Maraqlı şəxs Ərizəçi 2024-cü ilin iyul ayında 5000(beş min) manat borc götürüldüyü və həmin borcun 2025-ci ilin oktyabr ayına kimi Ərizəçi hissə-hissə qaytarılması barədə razılığa gəlirlər, Maraqlı şəxs həqiqətən Ərizəçi 5000 (beş min) manat borc aldığını və həmin borcu 2025-ci ilin oktyabr ayına kimi Ərizəçi hissə ilə, onun bankdakı kart hesabına ödəmək şərtilə qaytaracağı barədə üzərinə öhdəlik götürür. Bu öhdəliklər pozulduğu halda tərəflər aidiyyatı üzrə məhkəməyə müraciət edə bilərlər. İşdə olan MV132961 nömrəli vəsiqənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi müharibə veteranıdır. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, ərizəçi, Ucar rayonu, Alpout kəndində qeydiyyatdadır. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, maraqlı şəxs, Ucar rayonu,Qarabörk kəndində qeydiyyatdadır. Məhkəmə nəzərə alır ki, bağlanması üçün ikitərəfli iradə ifadəsinin zəruri olduğu barışıq sazişinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə hüququna dair müddəaları müvafiq surətdə tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 34.3 və 34.4-cü maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması tələb olunmuş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, qeyd olunan barışıq sazişi 12 may 2025-ci il tarixdə imzalanmaqla, həmin gündən tərəflər üçün məcburi xarakter daşımağa başlamışdır. Eyni zamanda, maraqlı şəxs barışıq sazişi bağlandıqdan sonra öhdəliyini yerinə yetirməmiş, nəticədə ərizəçi barışıq sazişinin şərtlərinə əsaslanaraq, onun təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə, iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək və barışıq sazişinin şərtlərini nəzərə alaraq bu nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, Maraqlı şəxs borca görə 5000 (beş min) manat alınıb Ərizəçi verilməsinə dair Ərizəçi ilə Maraqlı şəxs arasında 12 may 2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞŞ/MT00743 nömrəli barışıq sazişinin 1-ci və 2ci bəndləri təsdiq edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, ərizəçi müharibə veteranı olmaqla qeyd olunan tələblə məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, dövlət rüsumuna görə maraqlı şəxsdən 100 manat məbləğində pul tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 355-23, 355-24, 355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Maraqlı şəxs borca görə 5000 (beş min) manat alınıb Ərizəçi verilməsinə dair Ərizəçi ilə Maraqlı şəxs arasında 12 may 2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞŞ/MT00743 nömrəli barışıq sazişinin 1-ci və 2-ci bəndləri təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Maraqlı şəxs dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pul tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar