Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-381/2024 22.02.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi 25 dekabr 2023-cü il tarixdə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında bağlanılmış 25 dekabr 2023-cü il tarixli, MŞB/8/2023-02625 nömrəli barışıq sazişinin 3-cü, 4-cü və 5-ci bəndlərinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə boşanmaq qərarına gəlmişdir. Bu səbəbdən qanuna müvafiq olaraq X1 keçirilməsindən ötrü Mediasiya Şurasına müraciət etmiş, 25 dekabr 2023-cü il tarixdə mediasiya prosesi zamanı nikahın pozulması, birgə nikahdan əldə edilmiş əmlakın bölünməsi, uşaqların ananın himayəsində qalması və aliment tələbi üzrə tam mediasiya sessiyası keçirilmişdir. Mediasiya prosesi zamanı aralarında 25 dekabr 2023-cü il tarixdə “barışıq sazişi” bağlanmışdır. Belə ki, həmin barışıq sazişinə əsasən Maraqlı şəxs ilə faktiki nikah münasibətlərindən doğulmuş 03 iyul 2006-cı il təvəllüdlü X2 və birgə nikahlarından doğulmuş 18 iyun 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər yanvar ayın 1-dən 10-dək 470 manat sabit pul məbləğində aliment ödəməyi, Maraqlı şəxs 03 iyul 2006-cı il təvəllüdlü X4 və 18 iyun 2009-cu il təvəllüdlü X5 ilə hər həftənin bazar günü günorta saat 13:00-dan axşam 18:00-dək ünsiyyətdə olmasına dair, eləcə də, Maraqlı şəxs Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 99 m2 olan 4 otaqlı fərdi yaşayış evinin 1 ay ərzində satışını həyata keçirərək bu satışdan əldə olunacaq pul vəsaitinin 50%-i ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Maraqlı şəxs mediasiya prosesi zamanı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, həmçinin öhdəliyin icrasından yayınaraq 25 dekabr 2023-cü il tarixli “barışıq sazişi” nin şərtlərini icra etməkdən boyun qaçırır. Sazişin 6-cı bəndinə əsasən, imzalandığı gündən sazişin tərəflər üçün məcburi xarakter daşıması, tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra edilməlidir. Bu səbəbdən də məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs bildirdi ki, 25 dekabr 2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin bəzi bəndləri ona müdiator tərəfindən səhv şəkildə izah edilmiş, eyni zamanda, bu halların məhkəmədə aradan qaldırıla biləcəyi bildirilmişdir. O, barışıq sazişinin məzmununu tam şəkildə anlamadan imza etmişdir. Hazırda məhkəmə iclası zamanı onun imza edərək razılıq verdiyi barışıq sazişinin 3-cü bəndini qismən, yəni, birgə nikahlarından doğulmuş 03 iyul 2006-cı il təvəllüdlü X2 və birgə nikahlarından doğulmuş 18 iyun 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər yanvar ayın 1-dən 10-dək 470 manat deyil, 200 manat (hər iki uşaq üçün ümumilikdə) sabit pul məbləğində aliment ödəməyi, eyni zamanda, 5-ci bəndini isə ümumilikdə qəbul etmir. Belə ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 99 m2 olan 4 otaqlı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Odur ki, hesab edir ki, bu hissə də özü özlüyündə düzgün tərtib edilməmişdir. Odur ki, ərizənin qeyd edilən hissələrdə, yəni, 3-cü bəndə münasibətdə qismən, 4-cü bəndə münasibətdə tam olaraq təmin edilməsi, 5-ci bəndə münasibətdə isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi onların sərbəst iradə ifadəsini bildirməklə təsdiq etdikləri əqddir. Qeyd edilən barışıq sazişinin 3, 4 və 5-ci bəndləri Maraqlı şəxs tərəfindən imzalansa da, hazırda məhkəmə iclası zamanı verdiyi izahatı ilə sözügedən barışıq sazişinin ona tam izah edilməməsi və eyni zamanda, məzmunu ilə tanış olmaması səbəbindən imzaladığını qeyd etmişdir. Məhkəmə ilk öncə sözügedən barışıq sazişinin mübahisələndirilən (Maraqlı şəxs tərəfindən qəbul edilməyən) hissələrinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, həmin sazişin 3-cü bəndinin alimentin məbləğinin Maraqlı şəxs tərəfindən hər ay hər uşağa görə 235 manat deyil, 100 manat məbləğində ödənilməsi fikrinə dair məhkəmə belə qənaətə gəlir ki, hər iki uşağın ananın himayəsinə verilməsi ataya həmin uşaqların saxlanması üçün maddi təminat baxımından imperativ vəzifə müəyyənləşdirir (qanunvericilikdə nəzərdə tutulmuş istisnalar xaric). Maraqlı şəxs həmin bəndləri imzalayarkən şüurlu şəkildə imzalamaqla öz doğma uşaqlarının saxlanması üçün qarşılıqlı razılaşdırılmış vəsaitin ödənilməsini öhdəsinə götürsə də, məhkəmə iclası zamanı bu fikrindən qismən yayınmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslar daxilində Maraqlı şəxs alimentin sazişdə nəzərdə tutulan məbləğdən az ödəməsinə imkan verən əsaslar (konkret dəlil və sübutlar) olmadığından məhkəmə maraqlı şəxsin mövqeyini əsassız hesab etməklə bu bəndin təmin edilməsini uşaqların maraqları və sağlam böyüməsi baxımından əsaslı hesab edir. Məhkəmə maraqlı şəxs tərəfindən sazişin münahisələndirilən 5-ci bəndinə münasibətdə yəni, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 99 m2 olan 4 otaqlı fərdi yaşayış evinin (tərəflərin birgə nikahı dövründə əldə edilməsi müəyyən olunmaqla açıq hərracdan satışa çıxarılaraq əldə ediləcək pul vəsaitinin tərəflər arasında yarı bölünməsi barədə sazişi tərtib etsə də) satılaraq tərəflər arasında bölgüsünə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, mediasiya təşkilatı tərəfindən sözügedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmaması müəyyən edilmədən, yəni əmlakın hüquqi rejimi aşkar edilmədən saziş tərtib edilərək imzalanmışdır. Məhkəmə bu hissədə belə qənaətə gəlir ki, sözügedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə məlumatlar olmadığından həmin hissədə bəndin təsdiq edilməsi istisna edilir. İş materiallarında olan 25 dekabr 2023-cü il tarixdə mediasiya reyestrində MŞB/8/2023-02625 nömrəsi ilə qeydə alınmış barışıq sazişinin mühüm şərtlərindən görünür ki, ikinci tərəf (Ata) 03 iyul 2006-cı il təvəllüdlü X2 və 18 iyun 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 01 yanvar 2024-cü il tarixdən etibarən hər ayın 1-dən 10-dək birinci tərəfə (Anaya) hər ay hər uşaq üçün 235 manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürür. İlk ödəniş 10 gün ərzində, yəni 17 may 2022-ci il tarixdən gec ödənildikdə Birinci tərəf (Ana) məhkəməyə müraciət edərək, Sazişin məcburi icrasını tələb edə bilər. Saziş 10 gün ərzində könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Bu saziş son imzanın atıldığı gündən, yəni 25 dekabr 2023-cü il tarixdən qüvvəyə minir. İşdə olan 25 dekabr 2023-cü il tarixli, 18916 nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi ailə münasibətlərindən irəli gələn mübahisə ilə əlaqədar mediasiya sessiyasına müraciət edərkən, 150 (bir yüz əlli) manat məbləğində mediasiya xərcini ödəmişdir. İşdə olan 05 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 50 (əlli) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, bağlanması üçün ikitərəfli iradə ifadəsinin zəruri olduğu barışıq sazişinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə hüququna dair müddəaları müvafiq surətdə tətbiq olunmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bu Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Sözügedən Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Eyni Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49-cu maddəsinin İ hissəsinə əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Bu Məcəllənin 22-ci maddəsinin İ hissəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Bu Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin İ, İİİ və İV hissələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, sözügedən barışıq sazişi 25 dekabr 2023-cü il tarixdən imzalanmaqla, həmin gündən tərəflər üçün məcburi xarakter daşımağa başlamış, eləcə də maraqlı şəxsi aliment öhdəliyinin icraçısına çevirmiş, həmçinin bu hal sazişin mühüm şərtlərində də öz əksini tapmışdır. Eyni zamanda, maraqlı şəxs barışıq sazişinin bağlanmasından 10 gün ərzində, yəni sonra, 01 yanvar 2024-cü il tarixdən etibarən hər ayın 1-dən 10-dək gec olmayaraq razılaşdığı aliment məbləğini ərizəçiyə könüllü şəkildə ödəməli olmasına baxmayaraq, bu öhdəliyi yerinə yetirməmiş, nəticədə ərizəçi barışıq sazişinin şərtlərinə əsaslanaraq, onun təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilmədiyindən, həmçinin Sazişdə alimentin hansı vaxtadək tutulması göstərilməsə də, Ailə Məcəlləsinin hüquqi təbiətinə əsasən alimentin uşaqların yetkinlik yaşına çatanadək tutulması nəzərdə tutulduğundan, ərizə təmin edilməli, 25 dekabr 2023-cü il tarixdən başlayaraq, 03 iyul 2006-cı il təvəllüdlü X2 və 18 iyun 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Maraqlı şəxs Ərizəçi xeyrinə hər ay hər uşaq üçün 235 manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulmasına, eləcə də, Maraqlı şəxs 03 iyul 2006-cı il təvəllüdlü X4 və 18 iyun 2009-cu il təvəllüdlü X5 ilə hər həftənin bazar günü günorta saat 13:00-dan axşam 18:00-dək ünsiyyətdə olmasına dair Ərizəçi ilə Maraqlı şəxs arasında 25 dekabr 2023-cü il tarixdə bağlanmış, mediasiya reyestrində MŞB/8/2023-02625 nömrə ilə qeydiyyata alınmış barışıq sazişi təsdiq edilməli, qətnamə dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya sessiyası üzrə ödənilmiş 200 (iki yüz) manat xərcin tutulması həm ərizədə göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı ərizəçi tərəfindən maraqlı şəxsdən tələb edilmədiyindən həmin məbləğ ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 234, 355-23, 355-24, 355-25-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. 25 dekabr 2023-cü il tarixdən başlayaraq, 03 iyul 2006-cı il təvəllüdlü X2 və 18 iyun 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Maraqlı şəxs Ərizəçi xeyrinə hər ay hər uşaq üçün 235 manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulmasına, eləcə də, Maraqlı şəxs 03 iyul 2006-cı il təvəllüdlü X4 və 18 iyun 2009-cu il təvəllüdlü X5 ilə hər həftənin bazar günü günorta saat 13:00-dan axşam 18:00-dək ünsiyyətdə olmasına dair Ərizəçi ilə Maraqlı şəxs arasında 25 dekabr 2023-cü il tarixdə bağlanmış, mediasiya reyestrində MŞB/8/2023-02625 nömrə ilə qeydiyyata alınmış barışıq sazişi təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-381/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-381/2024
22.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver