Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-561/2024 20.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi "ölüm faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi "ölüm faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01 yanvar 1994-cü il tarixdə doğulmuş X1 25 avqust 2003-cü il tarixdə Ucar rayonu, Bərgüşad kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, 01 yanvar 1994-cü il təvəllüdlü qızı, X2 25 avqust 2003-cü il tarixdə doqquz yaşında vəfat etmiş və ölümün qeydi ilə bağlı qeydiyyat şöbəsinə müraciət edilmədiyindən qızının ölümü rəsmi qaydada təsdiqlənməmişdir. Qızı vəfat etdikdən sonra Ucar rayonu, Bərgüşad kəndində dəfn edilmiş, lakin, qəbirə başdaşı qoyulmamış, eləcə də, duğum və ölüm tarixləri barədə məlumatlarda qeyd olunmamışdır. Hazırda o, pay torpağına mülkiyyət hüququna dair dövlət aktına əsasən çıxarış almaq istəsə də, qızının ölüm haqqında şəhadətnaməsi olmadığından sənədləşdirmə işləri yarımçıq qalmış və torpağa mülkiyyət hüququna dair çıxarışı ala bilməmişdir. Bunun üçün ona qızının ölüm haqqında şəhadətnaməsi lazımdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq, qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Şahid3 ifadəsində göstərdi ki, Ərizəçi doğma qardaşıdır. 01 yanvar 1994-cü il təvəllüdlü X2 25 avqust 2003-cü il tarixdə doqquz yaşında vəfat etmişdir. Uşaq sudurqa keçirmiş və bu səbəbdən vəfat etmişdir. X1 dəfn (uşağı özü şəxsən qəbirə qoymuşdur) və yas mərasimində yaxından iştirak etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi ilə qonşuluqda yaşayırlar. 01 yanvar 1994-cü il təvəllüdlü X2 tam xatirindədir, nə səbəbə vəfat etdiyini bilmir, eyni zamanda, həmin vaxtlar Rusiya Federasiyasına gedib gəldiyindən mərhum uşağın nə dəfnində, nə də ki yas mərasimində iştirak etməmişdir. Lakin uşağın 25 avqust 2003-cü il tarixdə vəfatı, dəfni və yas mərasimləri barədə ailə üzvlərindən eşitmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi ilə qonşuluqda yaşayırlar. 01 yanvar 1994-cü il təvəllüdlü X2 tam xatirindədir, nə səbəbə vəfat etdiyini bilməsə də, 25 avqust 2003-cü il tarixdə mərhum uşağın vəfatı xəbərini eşitdikdən sonra mehriban qonşu kimi dəfn və yas mərasimlərində yaxından iştirak etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən 05 aprel 2024-cü il tarixdə verilmiş 515 nömrəli arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, atası Ərizəçi, anası X3 olan X2 01 yanvar 1994-cü il tarixdə Ucar rayonu, Bərgüşad kəndində doğulmuş və bu barədə doğum haqqında akt akt qeydləri kitabında 25 yanvar 1994-cü il tarixdə 12 nömrəli qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ucar rayon İcra Hakimiyyəti başçısının Bərgüşad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 08 aprel 2024-cü il tarixdə verilmiş 5-80-20/2-86/2024 nömrəli arayışdan görünür ki, 01 yanvar 1994-cü il təvəllüdlü X2 25 avqust 2003-cü il tarixdə Ucar rayonu, Bərgüşad kəndində evdə vəfat etmiş və həmin gün Bərgüşad kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən 05 aprel 2024-cü il tarixdə verilmiş 3-16-5/811-131 nömrəli məktubdan görünür ki, X1 ölüm haqqında tibb müəssisəsinin arayışı olmadığına görə ölüm faktının müəyyən edilməsi üçün Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə edilir. İşdə olan 08 aprel 1999-cu il tarixli, JN seriyalı, 199 saylı, 90400028 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, 11 saylı qərarı ilə Ərizəçi Ucar rayonu, Bərgüşad kəndindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün 0,96 ha torpaq sahəsi verilmişdir. İşdə olan 08 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Bu Məcəllənin 159-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Məhkəmə işin faktiki hallarından, ərizəçinin izahatından, şahidlərin ifadələrindən və təqdim edilmiş sübutlardan belə qənaətə gəlir ki, 01 yanvar 1994-cü il təvəllüdlü X1 25 avqust 2003-cü il tarixdə Ucar rayonunun Bərgüşad kəndində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Odur ki, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 01 yanvar 1994-cü il təvəllüdlü X1 25 avqust 2003-cü il tarixdə Ucar rayonunun Bərgüşad kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ərizəsi təmin olunsun. 01 yanvar 1994-cü il təvəllüdlü X1 25 avqust 2003-cü il tarixdə Ucar rayonunun Bərgüşad kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-561/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-561/2024
20.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver