Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-677/2025 15.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, İddiaçı1, Cavabdeh iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "avtomobilin hərracda satılaraq, əldə edilmiş məbləğin paylara mütənasib bölünməsi" tələbinə dair iddiası üzrə mülki işə, Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "avtomobilin hərracda satılaraq, əldə edilmiş məbləğin paylara mütənasib bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Daewoo Espero" markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılaraq, əldə edilmiş məbləğin payçıların paylarına mütənasib surətdə bölünməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, qanuni qüvvəsini almış Ucar Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(063)-1115/2024 saylı qətnaməsinə əsasən 12 noyabr 2022-ci il tarixdə ölmüş X1 miras qalmış "Daewoo Espero" markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində onların, yəni İddiaçı1 2/3 hissədə, İddiaçı2 1/6 hissədə, Cavabdeh isə 1/6 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Bundan sonra, Göyçay rayon notariat ofisi tərəfindən həmin paylara mütənasib surətdə 09 aprel 2025-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Lakin cavabdehlə aralarında münqişə olduğundan sözügedən avtomobili birlikdə istifadə edə bilmirlər. Beləliklə, cavabdehlə aralarında razılığa gələ bilmədiklərindən hesab edirlər ki, avtomobilin hərracda satılaraq bölgüsü mümkündür. Cavabdeh isə avtomobilin satılmasına icazə vermir. Hal-hazırda avtomobilin naturada bölgüsü mümkün olmadığı üçün, həmçinin avtomobilin satılması və satış pulunun paylara mütənasib bölünməsi barədə aralarında razılığa gələ bilmədikləri üçün məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı1 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul etdiyini bildirdir. Belə ki, o, iddia tələbi ilə razı olduğunu, lakin iddiada tələb edilən dövlət rüsumunun tutulması hissəsi ilə razı olmadığını bildirdi. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etdi (bununla bağlı yazılı ərizəsini də təqdim etmişdir). İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh məhkəməyə ərizə də ünvanlayaraq göstərmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 "əmlakın açıq hərracda satılması və atış pulunun paylara bölünməsi" tələbi üzrə hazırda məhkəmə prosesi davam etməkdədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1134.1-ci maddesinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanı öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, arvadı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Hazırda məhkəmə çəkişməsi gedən iş mərhum atası X2 mülkiyyətində olmuş avtonəqliyyat vasitəsi ilə bağlıdır. Mülki Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras verəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Məcəllənin 1278-ci maddəsinə əsasən miras şəriklərinin razılaşması üzrə bütün mirasın satılmasına və pulların vərəsələr arasında onların paylarına uyğun bölüşdürülməsinə yol verilir. Məcəllənin 1279-cu maddəsinə əsasən miras şəriklərinin razılaşması üzrə bütün mirasın bir miras şərikinə keçməsi mümkündür. Öz növbəsində o, digər miras şəriklərinə müvafiq kompensasiya verməyə borcludur. Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxir. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmçinin onu da qeyd etmişdir ki, məhkəmə iclaslarında iştirakı zamanı, bildirdiyi kimi, mərhum X2 mülkiyyətində olmuş avtonəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada satışının həyata keçirilməsini va gəlirin vərəsələr arasında bərabər bölgüsünün tərəfdarı olmuş və bunu miras şəriki kimi dəfələrlə iddiaçıların diqqətinə çatdırmışdır. Lakin iddiaçılar ona düşən qanuni paydan imtina etməyini tələb etdiklərindən əmlakla bağlı məsələlərə tərəfindən hər hansı razılıq verilməmişdir. Belə ki, iş üzrə mübahisəli halın yaranması onun tərəfindən deyil, iddiaçılar tərəfindən formalasdırılmış və onlar əmlakın açıq hərracda satılması və satış pulunun paylara bölünməsi tələbinə dair iddia irəli sürmüşlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.4-cü maddəsinə əsasən tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yasayış sahəsinin icarə xərcləri işə baxılması ilə əlaqədar məsrəflərə aid edilir. Eyni zamanda onu da qeyd etmişdir ki, yaşayış və iş yerinin məhkəmənin aid olduğu inzibati ərazi vahidi daxilində olmamasından irəli gələrək məhkəmə iclaslarında iştirak üçün yol xərcləri kimi tərəfindən əlavə vəsait xərc edilmişdir ki, bunun da proses zamanı nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, məhkəmə prosesi üzrə tərəflərin həyata keçirdiyi ödənişlərin maliyyələşdirilməsi üzrə öhədliyin, o cümlədən dövlət rüsumunun ödənilməsi üzrə öhdəliyin müəyyənləşdirilməsi zamanı yuxarıda qeyd edilənlərin nəzərə alınmasını, vəsaitin bərabər olaraq tərəflər arasında bölüşdürülməsini xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, cavabdehə münasibətdə qətnamənin əsaslandırıcı hissəsində iddianın qismən etiraf edilməsi və onun qismən qəbul edilməsi olsa belə, aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, qanuni qüvvəsini almış Ucar Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2(063)-1115/2024 saylı qətnaməsinin surətindən görünür ki, 12 noyabr 2022-ci il tarixdə ölmüş X1 miras qalmış "Daewoo Espero" markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində İddiaçı1 2/3 hissədə, İddiaçı2 1/6 hissədə, Cavabdeh isə 1/6 hissədə payları müəyyən edilmişdir. İşdə olan Cavabdeh 30 iyun 2025-ci il tarixdə məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, iddianı qismən qəbul edərək sözügedən nəqliyyat vasitəsinin açıq hərracda satılmasını və satışdan əldə olunmuş pulun paylara mütənasib bölünməsinə razı olsa da, lakin 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun ondan tutlmasına etiraz edir. İşdə olan Yevlax RQİ və TBŞ tərfindən 19 noyabr 2020-ci il tarixdə verilmiş AD seriyalı 915451 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 "Daewoo Espero" markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibidir. İşdə olan Göyçay rayon notariat ofisinin Xüsusi notariusu X3 tərəfindən tərtib edilmiş 09 aprel 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, şəhadətnamənin üçüncü sətrində Ucar Rayon Məhkəməsinin 05 mart 2023-cü il tarixli, 2(063)-1115/2024 saylı qətnaməsinə əsasən Cavabdeh 1/6 (altıda bir) hissədə payı müəyyən edilmişdir hissəsində 05 mart 2023-cü il tarixinə 26 dekabr 2024-cü il tarixi kimi düzəliş edilmişdir. İşdə olan 24 aprel 2025-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müracət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişlər. Mübahisənin mahiyyəti üzrə məhkəmə nəzərə alır ki, Mülki Məcəlləyə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6). Göründüyü kimi mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək, hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir neçə icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün daha əvvəlki mərhələlərin qeyrimümkün olduğu müəyyən edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu, həmçinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olundu ki, Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 26 dekabr 2024-cü il tarixli qətnaməsi ilə tərəflərin mübahisəli avtomobilə payları müəyyən edilmiş, lakin həmin əmlakın naturada real bölgüsü mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə baxışı zamanı Mülki Məcəllənin 220-ci maddəsində müəyyən edilmiş payın ayrılmasının və ya ayrılan mülkiyyətçinin payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsinin qeyri-mümkün olduğu birmənalı şəkildə müəyyən edilmişdir. Bu baxımdan paylı mülkiyyətin açıq hərracda satılaraq satış pulunun paylara uyğun bölünməsi barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Bununla da, məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, "Daewoo Espero" markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılmalı və satışdan əldə edilmiş pul paylara uyğun, yəni 2/3 hissədə İddiaçı1, 1/6 hissədə İddiaçı2, 1/6 hissədə isə Cavabdeh ödənilməlidir. Həmçinin, “cavabdehin məhkəmə iclaslarında iştirak etməsi üçün çəkdiyi yol xərclərinin iddiaçılardan tutulması” ilə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, cavabeh Cavabdeh öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bu səbəbdən də, cavabdehin tələbinin iddiaçılara münasibətdə təmin edilməsi istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Azərbaycan Respublikası MPM-nin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. "Daewoo Espero" markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılsın və satışdan əldə edilmiş pul paylara uyğun, yəni 2/3 hissədə İddiaçı1, 1/6 hissədə İddiaçı2, 1/6 hissədə isə Cavabdeh ödənilsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-677/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-677/2025
15.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver