Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 2(063)-880/2024 31.07.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Bədəlov Xəyal Natiq oğlu, Ərizəçi, ölüm faktının müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdim: Ərizəçi, ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 08 fevral 1982-ci il tarixdə Ucar rayonunun Alpout kəndində doğulmuş X1 05 aprel 2002-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Beləliklə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər üzrə ərizələrdə həmin ərizənin məzmununa dair əlavə tələblər də göstərilmiş, buna görə də həmin Məcəllənin 149.2.3-cü maddəsində iddia ərizəsinin məzmununa dair müəyyən edilmiş ümumi tələblər kimi bu cür ərizələrin məzmununda həmçinin xüsusi olaraq həmin Məcəllənin 308 və 310.1-ci maddələrinin tələblərinə də əməl edilməlidir. Lakin hazırkı ərizədə xüsusi norma olan həmin Məcəllənin 308 və 310.1-ci maddələrinin məzmununa dair tələblərə əməl edilməyərək, ümumi qayda olan həmin Məcəllənin 149.2.3-cü maddəsinin tələblərinə də əməl edilməmiş olur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.2-ci bəndində qeyd edilir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 və 5.1.2ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Hesab edirəm ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməmişdir, yuxarıda göstərilən qanunvericiliyin qeyd olunan tələblərinə riayət edilmədiyinə görə ərizənin məhkəmə icraatı mümkün deyildir, buna görə də ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən ərizəçiyə ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmaması izah edilməlidir. Həmçinin, ərizəçinin qeyd olunan ərizəsi bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla geri qaytarıldığından ərizəçi tərəfindən 17 iyul 2024-cü ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalı, qərardadın həmin hissədə icrası Ucar rayonu üzrə maliyyə şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114,2, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi, ölüm faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmaması izah edilsin. Ərizəçi tərəfindən 17 iyul 2024-cü ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın və qərardadın həmin hissədə icrası Ucar rayonu üzrə maliyyə şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Ucar Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-880/2024
Ucar Rayon Məhkəməsi Qərardad — İş №2(063)-880/2024
31.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver