Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-955/2025 21.10.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki işə Ucar şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi 29 avqust 2024-cü il tarixdə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 18 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs onun xeyrinə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulmasına dair Maraqlı şəxs ilə arasında bağlanılmış 29 avqust 2024-cü il tarixli, MŞŞ/2024/MT01476 nömrəli barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 25 oktyabr 2018-ci il tarixdə isə rəsmi nikaha daxil olmaqla, evlənmiş və bu nikahdan 18 noyabr 2019-cu il tarixdə Həmid adlı övladları doğulmuşdur. Lakin münasibətləri pisləşdiyindən Ucar Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli qətnaməsi ilə maraqlı şəxslə aralarındakı nikah pozulmuşdur. Hazırda o, övladı ilə birlikdə valideynlərinin yanında yaşayır. Eyni zamanda qanuna müvafiq olaraq nikahın pozulması, uşağın hansı valideynin yanında saxlanılması və aliment tələbi ilə bağlı 29 avqust 2024-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş və mediasiya prosesi zamanı maraqlı şəxslə aralarında nikahın pozulması, uşağın onun yanında saxlanılması, eyni zamanda, həmin uşağın saxlanılmasından ötrü alimentin məbləği barədə də razılıq əldə edilmişdir. Lakin, Maraqlı şəxs mediasiya prosesi zamanı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, 29 avqust 2024-cü il tarixli “barışıq sazişi” nin şərtlərini icra etməkdən boyun qaçırır. Bu səbəbdən də məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs bildirdi ki, o, razılaşdırılmış alimenti vaxtında ödəyir, heç bir gecikməsi yoxdur, ona görə də hesab edir ki, ərizə əsassızdır. Odur ki, ərizənin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə ki, Ucar rayon qeydiyyat şöbəsi tərəfindən 26 noyabr 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 331792 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, atası Maraqlı şəxs, anası Ərizəçi olan X2 18 noyabr 2019cu il tarixdə Ucar şəhərində doğulmuşdur. İşdə olan 29 avqust 2024-cü il tarixli, MŞŞ/2024/MT01476 saylı barışıq sazişinin 3-cü bəndindən və mühüm şərtlərindən görünür ki, tərəflər aralarında 01 sentyabr 2024-cü il tarixdən başlayaraq 18 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi xeyrinə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin ödənilməsi barədə razılığa gəlmişlər. Bu öhdəliklər pozulduğu halda tərəflər aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərlər. Bu saziş tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. İşdə olan qanuni qüvvəsini almış Ucar Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(063)-93/2025 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Ucar rayon qeydiyyat şöbəsində 25 oktyabr 2018-ci il tarixdə, 222 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İşdə olan 07 iyul 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, bağlanması üçün ikitərəfli iradə ifadəsinin zəruri olduğu barışıq sazişinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə hüququna dair müddəaları müvafiq surətdə tətbiq olunmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bu Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Sözügedən Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Eyni Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49-cu maddəsinin İ hissəsinə əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Bu Məcəllənin 22-ci maddəsinin İ hissəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Bu Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin İ, İİİ və İV hissələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, sözügedən barışıq sazişi 29 avqust 2024-cü il tarixdən imzalanmaqla, həmin gündən tərəflər üçün məcburi xarakter daşımağa başlamış, eləcə də maraqlı şəxsi aliment öhdəliyinin icraçısına çevirmiş, həmçinin bu hal sazişin mühüm şərtlərində də öz əksini tapmışdır. Eyni zamanda, maraqlı şəxs barışıq sazişinin bağlanmasından 10 gün ərzində razılaşdığı aliment məbləğini ərizəçiyə könüllü şəkildə ödəməli olmasına baxmayaraq, bu öhdəliyi yerinə yetirməmiş, nəticədə ərizəçi barışıq sazişinin şərtlərinə əsaslanaraq, onun təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilmədiyindən, ərizə təmin edilməli, 01 sentyabr 2024-cü il tarixdən başlayaraq 18 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Ərizəçi xeyrinə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulmasına dair Ərizəçi ilə Maraqlı şəxs arasında 29 avqust 2024-cü il tarixdə bağlanmış mediasiya reyestrində MŞŞ/2024/MT01476 nömrə ilə qeydiyyata alınmış barışıq sazişinin 3-cü bəndi təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 100 manat məhkəmə xərci həm ərizədə göstərilmədiyindən həm də, məhkəmə iclasında ərizəçi tərəfindən maraqlı şəxsdən tələb edilmədiyindən həmin məbləğ ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 234, 355-23, 355-24, 355-25-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 01 sentyabr 2024-cü il tarixdən başlayaraq 18 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Ərizəçi xeyrinə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulmasına dair Ərizəçi ilə Maraqlı şəxs arasında 29 avqust 2024-cü il tarixdə bağlanmış mediasiya reyestrində MŞŞ/2024/MT01476 nömrə ilə qeydiyyata alınmış barışıq sazişinin 3-cü bəndi təsdiq edilsin. Ödənilmiş 100 (bir yüz) manat məhkəmə xərci Ərizəçi aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-955/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-955/2025
21.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver