Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-999/2025 01.08.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 29 aprel 2025-ci il tarixli “barışıq sazişi”nin 2-ci bəndinə əsasən Maraqlı şəxs onun xeyrinə 14 noyabr 2018-ci il tarixdə doğulmuş X3 və 20 oktyabr 2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı hissəsinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, maraqlı şəxs ilə 10 avqust 2018-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə ailə münasibətlərindən Banu və Mehman adlı övladları olmuşdur. Onların hazırda ailə münasibətləri faktiki olaraq pozulmuş, həmçinin, Ucar Rayon Məhkəməsinin qətnaməsi ilə də rəsmi nikahları pozulmuşdur. Birgə nikahdan doğulmuş uşaqlar-Banu və Mehman onun himayəsindədirlər. Boşanma, uşağın kimin yanında qalması və s. mübahisələr ilə bağlı mediasiya prosesi zamanı onunla maraqlı şəxs arasında barışıq sazişi bağlanmışdır. Hazırda həmin barışıq sazişinin şərtlərindən biri olan alimentin ödənilməsini maraqlı şəxs tam şəkildə və vaxtlı-vaxtında icra etmir. Maraqlı şəxs barışıq sazişinin şərtlərini icra etməkdən boyun qaçırdığından məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərib ərizədə hazırda uşağının təhsili ilə bağlı Bakı şəhərində olduğundan iclaslarda iştirak edə bilməyəcəyini göstərmiş və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında ərizəni qəbul edərək təmin edilməsinə etiraz etmədiyini etmədyini bildirdi və izahatında göstərdi ki, təmsil etdiyi şəxslə ərizəçi arasında mediasiya sesiyasında barışıq sazişi təsdiq olunmuşdur. Həmçinin, məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması da qət edilmişdir. Təmsil etdiyi şəxs alimenti ödəməkdən imtina etməmiş, buna görə də Ucar rayon icra şöbəsinə də müraciət etmişdir. Lakin həmin şöbədə bu barədə icra sənədinin olmadığı bildirilmişdir. Odur ki, ərizədə maraqlı şəxsin alimenti ödəməkdən boyun qaçırması barədə ərizəçinin göstərdiyi fikir əsassızdır. Təmsil etdiyi şəxs barışıq sazişində müəyyən edilmiş cəmi 320 manat sabit pul məbləğində alimentin tutulmasına razıdır. Məhkəmə, ərizəçinin müraciətini nəzərə alaraq, maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi onların sərbəst iradə ifadəsini bildirməklə təsdiq etdikləri əqddir. Məhkəmə, qeyd olunan barışıq sazişinin mübahisələndirilən hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, uşaqların ananın himayəsinə verilməsi ataya həmin uşaqların saxlanması üçün maddi təminat baxımından imperativ vəzifə müəyyənləşdirir (qanunvericilikdə nəzərdə tutulmuş istisnalar xaric). Maraqlı şəxs barışıq sazişinin sözügedən, yəni 2-ci bəndini imzalayarkən şüurlu şəkildə imzalamaqla öz uşaqlarının saxlanması üçün qarşılıqlı razılaşdırılmış vəsaitin ödənilməsini öhdəsinə götürmüşdür. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslar daxilində maraqlı şəxsin alimentin sazişdə nəzərdə tutulan məbləğdən az ödəməsinə imkan verən əsaslar (konkret dəlil və sübutlar) olmadığından məhkəmə barışıq sazişinin bu bəndinin təmin edilməsini uşaqların marağı və sağlam böyüməsi baxımından əsaslı hesab edir. İş materiallarında olan 29 aprel 2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞŞ MT00595 nömrəli barışıq sazişinin mühüm şərtlərindən görünür ki, tərəflər aralarında 10 avqust 2018-ci il tarixdə, 176 nömrəli qeydlə bağlanmış nikahın, məhkəmədə onlara vaxt verilmədən pozulması barədə razılığa gəlirlər. Tərəflər aralarında birgə nikahlarından 14 noyabr 2018-ci il tarixdə anadan olmuş X3 və 20 oktyabr 2020-ci il tarixdə anadan olmuş X2 anası Ərizəçi himayəsində qalması və həmin uşaqların saxlanılması üçün onların 18 yaşı tamam olana kimi ayda hər birinə 160 (bir yüz altmış) manat, cəmi ayda 320 manat alimentin 01 may 2025-ci il tarixdən başlamaqla, hər ayın 1-ci ongünlüyündə Ərizəçi xeyrinə onun bankdakı kart hesabına ödənilməsi barədə razılığa gəlirlər. Tərəflər aralarında hər həftənin şənbə-bazar günləri sahər saat 10:00-dan axşam saat 18:00-dək Maraqlı şəxs Banu Hacızadə və Mehman Hacıyevlə ünsiyyəti barədə razılığa gəlirlər. Tərəflər aralarında 10 gün müddətində cehiz əşyalarının götürülərək Ərizəçi təhvil verilməsi barədə razılığa gəlirlər. Eyni zamanda, Ərizəçi qızıl əşyalarının özündə olduğunu və tələbinin olmadığını bildirdi. Tərəflər arasında başqa heç bir mübahisə yoxdur. Bu öhdəliklər pozulduğu halda tərəflər aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərlər. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 2(063)- 723/2025 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı nikahın pozulması tələbi barədə iddiası təmin edilmiş, iddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında Ucar rayon qeydiyyat şöbəsində 10 avqust 2018-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 176 nömrə ilə qeyd edilmiş nikahın pozulması, mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 210 (iki yüz on) manat məhkəmə xərcinin iddiaçı Maraqlı şəxs aid edilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ata Maraqlı şəxs və ana Ərizəçi olan X5 14 noyabr 2018-ci ildə və X4 20 oktyabr 2020-ci ildə doğulmuşlar. Məhkəmə nəzərə alır ki, bağlanması üçün ikitərəfli iradə ifadəsinin zəruri olduğu barışıq sazişinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə hüququna dair müddəaları müvafiq surətdə tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 34.3 və 34.4-cü maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması tələb olunmuş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, qeyd olunan barışıq sazişi 29 aprel 2025-ci il tarixdə imzalanmaqla, həmin gündən tərəflər üçün məcburi xarakter daşımağa başlamış, eləcə də maraqlı şəxs aliment öhdəliyinin icraçısı kimi müəyyən edilmiş, həmçinin bu hal sazişin mühüm şərtlərində də öz əksini tapmışdır. Eyni zamanda, maraqlı şəxs barışıq sazişi bağlandıqdan sonra 01 may 2025-ci ildən başlamaqla hər ayın 1-ci ongünlüyündə alimenti ərizəçiyə ödəməli olmasına baxmayaraq, bu öhdəliyi yerinə yetirməmiş, nəticədə ərizəçi barışıq sazişinin şərtlərinə əsaslanaraq, onun təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək bu nəticəyə gəlir ki, ərizə təmin edilməli, 01 may 2025-ci il tarixdən başlayaraq, 14 noyabr 2018-ci il tarixdə doğulmuş X3 və 20 oktyabr 2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs Ərizəçi xeyrinə tutulmasına dair Ərizəçi ilə Maraqlı şəxs arasında 29 aprel 2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞŞ MT00595 nömrəli barışıq sazişi təsdiq edilməli, qətnamə dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun tutulması ərizəçi tərəfindən maraqlı şəxsdən tələb edilmədiyindən həmin məbləğ ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234, 355-23, 355-24, 355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 may 2025-ci il tarixdən başlayaraq, 14 noyabr 2018-ci il tarixdə doğulmuş X3 və 20 oktyabr 2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs Ərizəçi xeyrinə tutulmasına dair Ərizəçi ilə Maraqlı şəxs arasında 29 aprel 2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞŞ MT00595 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-999/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-999/2025
01.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver