Məhkəmə qərarları › İş №2(064)-1215/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1215/2025

22.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1215/2025 22.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, o, maraqlı tərəf Maraqlı şəxs ilə ailə quraraq, nikahlarını xx.xx.2012-ci il tarixdə rəsmi qeydə aldırmışlar. Maraqlı şəxs ilə birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2021ci il təvəllüdlü X4 adlı 3 uşaq anadan olmuşdur. Hazırda o, uşaqları ilə birlikdə yaşayır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah aktı ləğv olunmuş, xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X4 ananın himayəsinə verilmiş və onların saxlanılması üçün cəmi 150 manat məbləğində aliment təyin edilmişdir. Birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir, onun barəsində aliment təyin olunmasa belə digər 3 övladı ilə birlikdə ananın himayəsindədir və İddiaçı bildirir ki, tək qadın olaraq 4 uşağa baxmaqda çətinlik çəkir. Buna görə də mediasiya şurasına müraciət edərək maraqlı şəxslə qarşılıqlı razılığa gəlmişlər. Həmin barışıq sazişinə əsasən Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X1 atası olması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ayın 10-dan gec olmayaraq Ərizəçi xeyrinə 100 manat sabit pul məbləğində alimentin ödənilməsi ilə bağlı razılaşmışlar. Beləliklə aralarında razılıq əldə olunmuş və Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 tərəfində xx.xx.2025-ci il tarixli MŞC/MT020/2025/00034 nömrəli Barışıq sazişi tərtib edilmişdir. Lakin Maraqlı şəxs aralarında bağlanmış barışıq sazişinə əsasən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən aralarındada bağlanmış barışıq sazişinin təstiqlənməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və həmin razılaşmanın məhkəmə qətnaməsində göstərilməsini xahiş edir. Ərizəçi Məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinin təmin edilməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməyib və gəlməməsinin səbəbi barədə Məhkəməyə məlumat daxil olmayıb. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən maarqlı şəxsin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı (mediator R.Məmmədov) tərəfindən təsdiq edilmiş Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞC/MT020/2025/00034 nömrəli barışıq sazişindən görünür ki, Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X1 atası olmasını etiraf etmiş və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayın 10-dan gec olmayaraq Ərizəçi xeyrinə 100 manat sabit pul məbləğində aliment ödəyəcəyini öz öhdəsinə götürmüş, lakin Maraqlı şəxs həmin Saziş əsasında üzərinə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda yerinə yetirməmişdir. Həmçinin həmin Saziş əsasında müəyyən olunur ki, saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilmyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişinin qanuna zidd olmadıqda, eləcə də mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda təsdiq edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iş üzrə müəyyən edilmiş halları, barışıq sazişinin şərtinin azyaşlı uşaqların ananın yanında qalması və alimentin ödənilməsindən ibarət olmasını nəzərə alaraq qeyd edir ki, barışıq sazişinin şərtinin qanuna zidd olması müəyyən edilmir, eyni zamanda həmin şərtin üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulması halları müəyyən edilmədiyindən ərizə əsaslıdır və təmin olunmalıdır. Beləliklə Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı (mediator R.Məmmədov) tərəfindən təsdiq edilmiş Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən “Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X1 atası olması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayın 10-dan gec olmayaraq Ərizəçi xeyrinə 100 manat sabit pul məbləğində aliment ödəməsinə dair öhdəlik götürməsi” təsdiq edilməlidir. Həmçinin Məhkəmə qeyd edir ki, hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: Ərizə təmin edilsin. Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı (mediator R.Məmmədov) tərəfindən təsdiq edilmiş Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış xx.xx.2025ci il tarixli barışıq sazişinə əsasən – “Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X1 atası olması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayın 10-dan gec olmayaraq Ərizəçi xeyrinə 100 manat sabit pul məbləğində aliment ödəməsinə dair öhdəlik götürməsi” təsdiq edilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar