Məhkəmə qərarları › İş №2(064)-1301/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1301/2023

09.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1301/2023 09.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh evliliklərinin ilk illərində tikdiridiyi evə görə təxminən 10.000 manat, sonradan tikdirdiyi evə görə təxminən 15.000 manat, Beyləqan rayonu, Şəfəq qəsəbəsi ərazisindən aldığı cəmi 6.5 hektar torpaq sahəsinə görə 29.250 manat, şəxsi təsərrüfatda saxladığı 5 baş balalı inəyə görə 4.250 manat, toy vaxtı ona hədiyyə etdiyi 8 qramlıq 680 manat dəyərində bilərzik, 5.2 qramlıq 442 manat dəyərində nişan üzüyü, 14 qramlıq 1.190 manat dəyərində boyunbağı (zəncirvari), 4.6 qramlıq 391 manat dəyərində sırğa, 12 qramlıq 1.020 manat dəyərində boyunbağı, ümumilikdə birgə mülkiyyətdən ona çatası 61.098 manatlıq əmlakdan nikahı pozularkən ona düşən payın alınıb ona verilməsi və əlavə olaraq vəkil xərci və ödədiyi dövlət rüsumu ilə birlikdə 377 manat məhkəmə xərcinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, Füzuli rayonu, Alıxanlı kənddində qeydiyyatda olmaqla məcburi köçkün kimi Beyləqan rayonu, Dəvəçi qəsəbəsi 5-ci məhəllədə yaşayan Cavabdeh 2005-ci ildə ailə qurmaq məqsədi ilə qoşulub qaçmış və həmin vaxtdan onunla faktiki nikah münasibətində olmuşdur. 13 may 2008-ci ilə Füzuli rayon Qeydiyyat Şöbəsində nikahını qeydiyyata aldırmışdır. Birgə nikah dövründə xx.xx.2006-cı ildə oğlu X7, xx.xx.2008-ci iləd oğlu X8, xx.xx.2010-cu ildə isə qızı X5 anadan olmuşdur. Bir müddət cavabdehlə mehriban ailə kimi yaşadıqdan sonra ailə münasibətləri pozulmuşdur. Dəfələrlə uşağın xətrinə cavabdehlə barışmağa çalışsa da alınmamış, əsassız olaraq onu ona xəyanət etməkdə günahlandırmışlar. Nəticədə Füzuli rayon məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nigah ləğv edilmiş. O, bildirmiş ki, birgə yaşadığı dövr ərzində Elnurla o, Beyləqan rayonunun Dəvəçi Məhəlləsində 2007-ci ildə mişar daşından əvvəlcə 2 otaqlı və 1 balkonlu tikdirib həmin evdə 2008-ci ildən yaşamağa başlamış. Tikdiridiyi evə təxminən 10.000 manatdan artıq xərci çıxmışdır. Sonradan Elnur müasir dəbə uyğun evi 2015-ci ildə tikdirdirməyə başlamışdır. Həmin ev 3 otaqlı, 1 balkon, 1 mətbəx, hamam və tualeti olan evi tikdirməyə başlamışdır. Evin zirzəmisi yaxşı olsun deyə Elnur qeyd etdiyi otaqları, balkonu, mətbəx, hamam və tualeti 10 mişar daşının üzərində inşa etdirmişdir. Onlar boşanana qədər həmin evin üstü vurulmuş, çöl qapısı və pəncərəsi quraşdırılmış, yeni tikdiyi evə ayrı darvaza açmış, lakin evin döşəməsi və tavanı vurulmamış, şkatur və malyar işləri görülməmişdir. O, Elnurdan ayrılana kimi həmin evin tikintisinə təxminən 15.000 manat pul xərclənilmişdir. Həmin evin yarımçıq qalmasına səbəb Elnurun evi tikdirməyə başladığı vaxt Beyləqan rayonunun Şəfəq qəsəbəsi ərazisindən əvvəlcə öz adına 2,50 hektar, sonra isə 4 hektar torpaq sahəsini pul ilə alması olmuşdur. Şəfəq kəndi ərazisində 1 hektar torpaq sahəsinin qiyməti 9000 manat olduğuna görə 6.5 hektar torpaq sahəsinin dəyəri 58.500 manat təşkil edir. Birgə yaşadığı dövr ərzində və boşanma ərəfəsində şəxsi təsərrüfatıda orta bazar qiyməti 850 manat dəyərində 4.250 manatlıq 5 baş halalı inəyi olmuşdur. Evləndiyi vaxt toy olmamışdan əvvəl Elnur ona hədiyyə olaraq 8 qramlıq 680 manat dəyərində bilərzik, 5.2 qramlıq 442 manat dəyərində nişan üzüyü, 14 qramlıq 1.190 manat dəyərində boyunbağı (zəncirvari), 4.6 qramlıq 591 manat dəyərində sırğa, 12 qramlıq 1.020 manat dəyərində boyunbağı almışdır. Ümumilikdə birgə yaşadığı dövr ərzində yuxarıda qeyd etdiyi əmlakların ümumi dəyəri 93.473 manatlıq əmlak cavabdehdə qalmışdır. Hazırda cavabdehdən birgə nikah dövründə əldə etdiyi mülkiyyətin dəyəri olan 93.473 manat əmlakdan nikahı pozularkən ona heç bir pay verməmişdir. Sonradan əmlakını tələb etsə də cavabdeh ona heç nə verməyəcəyini deyərək birgə mülkiyyətindən ona düşən payı verməkdən qəti imtina etmişdir. Ona görə də, məhkəməyə müracət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə müraciət edərkən vəkil xərci 100 manat, dövlət rüsumu 277 manat dövlət rüsumu ödəmişdir. Qətnamə qəbul edilərkən həmin ödənişlərin də alınıb ona verilməsinə köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı həmçinin bildirdi ki, ərizədə sadaladığı qızıl-zinət əşyaları toyda ona hədiyyə olunmuşdur. Lakin boşanandan sonra Cavabdeh bütün toy şəkillərini və CD diskləri götürmüşdür. Onda hazırda toydan fotoşəkillər qalmamışdır. Lakin 2015-2016-cı illərdə qohumunun toyuna gedərkən həmin qızılları taxaraq getmişdir. Həmin fotoşəkilləri məhkəməyə də təqdim edir. İddiaçı həmçinin iddia tələbini dəqiqləşdirərək Cavabdeh mülkiyyətində olan Beyləqan rayonu, Şəfəq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpağın ½ hissəsinə onun payının tanınmasını və iddia tələbinin digər hissədə təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsi və iddiaçının izahatı ilə oxşar məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, hazırda yaşadığı evin yerləşdiyi 0.08 ha torpaq sahəsi Beyləqan bələdiyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə ona ayrılmışdır. O, ailə qurmamışdan əvvəl həmin evi tikdirmişdir. Həmin evə dəqiq hansı məbləğdə vəsait xərclədiyini xatırlamır və bu evdən başqa onun evi yoxdur. Onun şəxsi təsərrüfatı, o cümlədən xırda və iri buynuzlu mal-qarası olmamışdır. İddiaçı heç vaxt qızılzinət əşyaları olmamışdır. Belə ki, o, ailə həyatı quranda Vahidəyə qızıl əşyaları verilməmişdir. Vahidə tərəfindən təqdim edilmiş fotoşəkillərdə Vahidənin üzərində olan qızıl-zinət əşyaları kirayəyə götürülmüş qızıllardır. Həmin qızılları Vahidə hansısa qohumunun toyunda istifadə etdikdən sonra qaytarmışdır. İddiaçı təşəbbüsü ilə dəvət edilmiş şahidlər X3, X1 və X4 bildirdilər ki, Beyləqan şəhəri, 5-ci məhəllədə 0.08 ha həyətyanı torpaq sahəsindəki evi Cavabdeh tikdirmişdir. Bundan başqa, Elnurun başqa yerdə də evi var. Həmin evlərə Elnur müvafiq olaraq 15.000 və 10.000 manat vəsait xərcləmişdir. Elnurun həmin evləri hansı tarixlərdə tikdirdiyini və o biri evin hansı ünvanda yerləşdiyini dəqiq bilmirlər. İş materiallarına əlavə edilmiş: Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-1564/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 211 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-ci il təvəllüdlü X5 ataları Cavabdeh yanında qalmışlar. xx.xx.2022-ci il tarixindən İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdən verilmiş qiymətləndirmə rəyindən görünür ki, 8 qramlıq bilərzik 680 manat, 5.2 qramlıq nişan üzüyü 442 manat, 14 qramlıq boyunbağı (zəncirvari) 1.190 manat, 4.6 qramlıq 391 manat dəyərində sırğa, 12 qramlıq boyunbağı 1.020 manat dəyərində qiymətləndirilmişdir. Beyləqan Bələdiyyəsinin 05 iyul 2004-cü il tarixli, 11 saylı sərəncamından görünür ki, Cavabdeh şəhərin 5-ci kvartalından 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. xx.xx.2016-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Beyləqan rayonu, Şəfəq kəndində yerləşən 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq Cavabdeh şəxsi mülkiyyətindədir. xx.xx.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Beyləqan rayonu, Şəfəq kəndində yerləşən 3.8 ha kənd təsərrüfatı təyinatlı torpaq Cavabdeh şəxsi mülkiyyətindədir. xx.xx.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Beyləqan rayonu, Şəfəq kəndində yerləşən 0.5 ha kənd təsərrüfatı təyinatlı torpaq Cavabdeh şəxsi mülkiyyətindədir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli nikah xx.xx.2022-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-ci il təvəllüdlü X5 ataları Cavabdeh yanında qalmışlar. xx.xx.2022-ci il tarixindən İddiaçı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilmişdir. İddiaçı iddia ərizəsində birgə nikah dövründə tikdirdikləri evə görə təxminən 10.000 manat, sonradan tikdirdikləri evə görə təxminən 15.000 manat vəsaitin cavabdehdən alınaraq ona verilməsini tələb etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırda yaşadığı evin yerləşdiyi 0.08 ha torpaq sahəsi Beyləqan bələdiyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə ona ayrılmışdır. O, ailə qurmamışdan əvvəl həmin evi tikdirmişdir. Həmin evə dəqiq hansı məbləğdə vəsait xərclədiyini xatırlamır və bu evdən başqa onun evi yoxdur. İş materiallarından da göründüyü kimi, tərəflər arasındakı nikah xx.xx.2008-ci il tarixdə rəsmiləşdirilmişdir. İddiaçının iddia etdiyi evin yerləşdiyi torpaq sahəsi isə nikahdan əvvəl xx.xx.2004-cü il tarixdə cavabdehə verilmişdir. İddiaçı həmin evin birgə nikah dövründə birgə gəlirlər hesabına tikdirildiyini iddia etsə də buna dair rəsmi sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının iddia etdiyi digər evin mövcudluğuna dair isə ümumiyyətlə heç bir sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı təşəbbüsü ilə dəvət edilmiş şahidlər H.Kərimov, P.Şiraslanov və G.Kərimova bildirdilər ki, Beyləqan şəhəri, 5-ci məhəllədə 0.08 ha həyətyanı torpaq sahəsindəki evi Cavabdeh tikdirmişdir. Bundan başqa, Elnurun başqa yerdə də evi var. Həmin evlərə Elnur müvafiq olaraq 15.000 və 10.000 manat vəsait xərcləmişdir. Elnurun həmin evləri hansı tarixlərdə tikdirdiyini dəqiq bilmirlər. Məhkəmə hesab edir ki, bu şahid ifadələri müfəssəl olmadığından mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, şahidlər Cavabdeh tərəfindən Beyləqan şəhəri, 5-ci məhəllədə 0.08 ha həyətyanı torpaq sahəsində ev inşa olunduğunu bildirsələr də konkret hansı vaxtda inşa olunmasına, eləcə də digər evin hansı ünvanda inşasına dair məlumat verə bilməmişlər. İddia tələbinin digər hissəsində iddiaçı şəxsi təsərrüfatlarında saxladıqları 5 baş balalı inəyə görə 4.250 manat vəsait tələb etsə də cavabdeh şəxsi təsərrüfatları, o cümlədən xırda və iri buynuzlu mal-qarası olmadığını bildirmiş, iddiaçı isə bu barədə rəsmi sübutlarını məhkəməyə təqdim etməmişdir. İddia tələbinin birgə nikah dövründə əldə edilmiş torpaq sahəsinin ½ hissəsinə payın tanınması hissəsini təmin edərək məhkəmə bildirir ki, tədqiq edilmiş sübutlardan da görünür ki, Beyləqan rayonu, Şəfəq kəndində yerləşən 2.0, 3.8 və 0.5 ha olmaqla, cəmi 6.3 ha torpaq sahələri bigə nikah dövründə əldə edildmişdir. Odur ki, həmin torpaq sahəsinin hər birinin ½ hissəsinə İddiaçı payı tanınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.4-cü maddəsinə əsasən, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. İddia tələbinin qızıl-zinət əşyalarının qaytarılması hissəsini də təmin edərək məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, İddiaçı məhkəmə iclasında bildirdi ki, ərizədə sadaladığı qızıl-zinət əşyaları toyda ona hədiyyə olunmuşdur. Lakin boşanandan sonra Cavabdeh bütün toy şəkillərini və CD disklərini götürmüşdür. Onda hazırda toydan fotoşəkillər qalmamışdır. Lakin 2015- 2016-cı illərdə qohumunun toyuna gedərkən həmin qızılları taxaraq getmişdir. Həmin fotoşəkilləri məhkəməyə də təqdim edir. Cavabdeh isə məhkəmə iclasında bildirdi ki, İddiaçı heç vaxt qızıl-zinət əşyaları olmamışdır. Belə ki, o, ailə həyatı quranda Vahidəyə qızıl əşyaları hədiyyə verilməmişdir. Vahidə tərəfindən təqdim edilmiş fotoşəkillərdə Vahidənin üzərində olan qızıl-zinət əşyaları kirayəyə götürülmüş qızıllardır. Həmin qızılları Vahidə hansısa qohumunun toyunda istifadə etdikdən sonra qaytarmışdır. Məhkəmə İddiaçı izahatını daha səmimi və inandırıcı hesab edərək iddia tələbini bu hissədə də təmin edir və qiymətləndirmə rəyində göstərilən məbləğləri əsas götürür. Məhkəmə qeyd olunan iddia tələbinin qanuni əsasları ilə bağlı mülki və ailə qanunvericiliklərinin bir sıra normalarına isnad etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 225.3-cü maddəsinin tələbinə görə isə daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak nikah dövründəərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1 və 34.2-ci maddələri də eyni mövqeni bildirir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin vəkil xərci və ödənilmiş dövlət rüsumu ilə birlikdə 377 manat məhkəmə xərcinin cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsini qismən təmin edərək məhkəmə bunları qeyd edir. İş materiallarından görünür ki, vəkil xərcinə dair rəsmi sübut (qəbz, çek və sair) məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia tələbi bu hissədə rədd olunmalıdır. İş üzrə ödənilmiş dövlət rüsumu 223 manatdır. İddia tələbinin təmin olunmuş hissəsi qiymətləndirilməyən (birgə nikah dövründə əldə edilmiş kənd təsərrüfatı təyinatlı torpaqlara payın tanınması) və qiymətləndirilən (qızıl-zinət əşyalarının cəmi dəyəri 3.723 manat) iddia tələblərindən ibarətdir. Qiymətləndirilməyən iddia tələbinə görə dövlət rüsumu 100 manat və qiymətləndirilən 3.723 manat iddia tələbinə görə dövlət rüsumu 57 manat müəyyən edildiyindən məhkəmə dövlət rüsumuna görə cəmi 157 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Odur ki, məhkəmə şərh olunanlara əsaslanıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏTETDİ: İddia qismən təmin olunsun. Birgə nikah dövründə əldə edilmiş Cavabdeh mülkyyətində olan Beyləqan rayonu, Şəfəq kəndində yerləşən 2.0, 3.8 və 0.5 ha kənd təsərrüfatı təyinatlı torpaqların hər birinin ½ (ikidə bir) hissəsinə İddiaçı payı tanınsın. Cavabdeh 8 qramlıq 680 manat dəyərində bilərzik, 5.2 qramlıq 442 manat dəyərində nişan üzüyü, 14 qramlıq 1.190 manat dəyərində boyunbağı (zəncirvari), 4.6 qramlıq 391 manat dəyərində sırğa, 12 qramlıq 1.020 manat dəyərində boyunbağı naturada və ya bu mümkün olmadıqda dəyəri pulla alınaraq İddiaçı verilsin. İş üzrə dövlət rüsumuna görə ödənilmiş 223 manatın 157 manatı Cavabdeh alınaraq İddiaçı verilsin, qalan 66 manatı İddiaçı aid edilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar