Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1454/2025 19.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında Bakı 2 saylı Mediasiya Təşkilatında bağlanmış 23 mart 2025-ci il tarixli Barışıq sazişi “Maraqlı şəxs ilə nikahından doğulmuş X3 adlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 150 manat alimentin Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməsi hissəsində” təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, cavabdehlə nikahlarından 11 yanvar 2024-cü il tarixdə X3 adlı uşağı anadan olmuşdur. Bir müddət əvvəl aliment tələbi üçün məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etdikdə cavabdeh mediasiyaya gələrək aylıq aliment ödəyəcəyi barədə onunla barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən o, hər ayın 23-dən növbəti ayın 1-nə kimi uşağın saxlanılması üçün hər ay 150 manat aliment ödəməli idi. Lakin barışıq sazişinin icrası 01 iyun 2025-ci il tarixdə başa çatsa da o, öhdəliyini icra etməmişdir. Bununla bağlı məhkəməyə müraciət etməli olmuşdur. Mediasiya haqqında Azərbaycan Respublikası qanunun 34.3-cü maddəsində göstərilir ki, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Göründüyü kimi qarşı tərəf hər ayın ilk gününə kimi barışıq sazişinin 2-ci bəndinin öhdəliyi icra etməsini üzərinə vəzifə kimi götürsə də, icra etməkdən yayınmışdır. Bu barədə öhdəliyin icrası tələb olunması əks halda məhkəməyə müraciət ediləcəyi barədə rəsmi qaydada xəbərdarlıq edilmişdir. Bu səbəbdən aralarında bağlanmış barışıq sazişinin təsdiqlənməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və həmin razılaşmanın məhkəmə qətnaməsində göstərilməsini xahiş edir. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatı (mediator Rəşadət Yolçuyev) tərəfindən təsdiq edilmiş Ərizəçi (ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili X4) ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin 2 bəndinə əsasən Maraqlı şəxs xx.xx.2024-cü il doğum təvəllüdlü X1 üçün cari aydan (yəni), tərəflər arşında Barışıq Sazişinin imzalandığı tarix xx.xx.2025-ci il tarixdən başlayaraq 150 manat (yüz əlli) AZN aliment ödənişini etməyi Maraqlı şəxs öz öhdəliyinə götürür. Ərizəçi (ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili X4) aliment ödənişinin 150 manat (yüz əlli) AZN ödənilməsinə etiraz etmir, lakin aliment ödənişinin ödənilməsinin cari ay da daxil olmaqla, son ödəniş tarixi hər ayın 23 (iyirmi üç)dən 1 (bir)nə qədər Maraqlı şəxs tərəfindən ödənilməlidir..” Həmin sazişin 6-cı bəndinə əsasən əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. İşin araşdırılmış hallarından görünür ki, iş üzrə tərəflər (ərizəçi və maraqlı şəxs) arasında mediasiya qaydasında barışıq sazişi bağlanılmış və həmin barışıq sazişinin 2-ci bəndinə əsasən tərəflərin nikahlarından doğulmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin tutulması barədə razılıq əldə olunmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişinin qanuna zidd olmadıqda, eləcə də mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda təsdiq edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə, iş üzrə müəyyən edilmiş halları, barışıq sazişinin şərtinin alimentin ödənilməsindən ibarət olmasını nəzərə alaraq qeyd edir ki, barışıq sazişinin şərtinin qanuna zidd olması müəyyən edilmir, eyni zamanda həmin şərtin üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulması halları müəyyən edilmədiyindən ərizə əsaslıdır və təmin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı 2 saylı Mediasiya Təşkilatında bağlanmış 23 may 2025-ci il tarixli Barışıq sazişi “birgə nikahdan anadan olmuş xx.xx.2024-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğdə 150 manat aliment Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin hissəsində” təsdiq edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı 2 saylı Mediasiya Təşkilatında bağlanmış 23 may 2025-ci il tarixli Barışıq sazişi “birgə nikahdan anadan olmuş xx.xx.2024-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğdə 150 manat aliment Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin hissəsi” təsdiq edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1454/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1454/2025
19.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver