Məhkəmə qərarları › İş №2(064)-1514/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1514/2025

28.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1514/2025 28.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi Füzuli Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq müəyyən etdi: Ərizəçi Füzuli Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək anası X1 1954-cü ildə Füzuli şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsi və məhkəmə iclasında verdiyi izahatında, iddia tələbini onunla əsaslandırmışdır ki, Ərizəçinin anası X4 1954-cü il tarixdə Füzuli şəhərində vəfat edib. Ərizəçinin anasının ölməsi barədə tibbi sənəd tərtib edilmədiyinə görə Füzuli Rayon Qeydiyyat Şöbəsi həmin ölüm faktını qeydə almaqdan imtina etmiş, Ərizəçiyə həmin faktın müəyyən edilməsi üçün Məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Göstərilən səbəbdən Ərizəçi anasının ölümü haqqında şəhadətnaməni məhkəmədən kənar qaydada ala bilməmişdir. Bu hal ona müvafiq sənədləşmə işlərinin aparılmasında problem yaradır. Ərizəçinin anasının ölüm faktını Şahid Şirin oğlu şahid qismində təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Şirin oğlu Ərizəçinin ərizəsində və məhkəmə iclasında Ərizəçinin nümayəndəsinin verdiyi izahatında göstərdiyi işin halları barədə sonuncu ilə eyni məzmunda ifadə verdilə. Azərbaycan Respublikası MPM-in: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi növündə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-ci il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlər əsasında müəyyən etmişdir ki: - X4 1954-cü il tarixdə vəfat etmiş, Füzuli şəhər qəbiristanlığında dəfn olunmuş, 1993-cü ildə Füzuli şəhəri işğal olunarkən qəbiristanlıq dağıdılmış və işğaldan sonra onun qəbirini tapmaq mümkün olmamışdır (Füzuli Rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surəti əsasında); - X1 ölümü barədə akt qeydi arxivdə aşkar edilməmiş və ölüm haqqında şəhadətnamə verilməmişdir (Füzuli Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışın surəti əsasında); - X1 1954-cü il tarixdə vəfat etməsinə dair Füzuli Rayon Mərkəzi Xəstəxanasında rəsmi qeydiyyat yoxdur (Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin tabeliyində olan Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən təqdim edilmiş 19.062025-ci il tarixli arayış əsasında); - X5 xx.xx.1952-ci il tarixdə Füzuli şəhərində doğulmuşdur, atası X3, anası isə X2r (AZ-T 192297 nömrəli doğum haqqında şəhadətnamənin surəti əsasında). Məhkəmə göstərilənlər əsasında işin faktiki hallarını ümumi şəkildə belə müəyyən etmişdir ki, Ərizəçinin anası X4 1954-cü il tarixdə vəfat etmişdir. Ərizəçinin anasının ölümü barədə Füzuli Rayon Qeydiyyat Şöbəsində ölüm akt qeydi aparılmamışdır. X1 ölüm faktının müəyyən edilməsi Ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Məhkəmə tədqiq edilmiş, yuxarıda göstərilən sübutlara obyektiv, tam, hərtərəfli və qərəzsiz qiymət verərək, eləcə də onunla qarşılıqlı əlaqə təşkil edən qanunvericilik normaları, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 358.0.1, 307, 308, 311, 360 və 362-ci maddələrini rəhbər tutaraq qət etdi: Ərizə təmin edilsin. Ərizəçi anası X1 1954-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar